Əsas Səhifə > Güney Press > “Pilot bu səbəbdən siqnal ötürə bilməyib”

“Pilot bu səbəbdən siqnal ötürə bilməyib”


Dünən, 15:22

“Təyyarə qəzasının səbəbi barədə hələ ki, Türkiyənin rəsmi açıqlaması yoxdur və bu ərəfədə müxtəlif versiyaların səsləndirilməsi normaldır. Qara qutu açılmayıb deyə ortaya atılan bütün iddia və ehtimalların doğruluq payı ola bilər”.

Bunu “Yeni Sabah”a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib.

O söyləyib ki, hadisə ilə bağlı rəsmi açıqlama verilmədiyi üçün müxtəlif versiyaların səsləndirilməsi təbiidir:

Ş.Ramaldanovun fikrincə, texniki nasazlıq ehtimalı daha real görünür:

“Bir çox hərbi ekspert texniki nasazlıq fikrini dəstəkləyir, həmçinin mən də. Çünki həmin təyyarələr 70 il bundan əvvəl istehsal olunub. Qəzaya uğrayan təyyarə neçə ildir istismarda imiş bunu bilmirik. Bəzən təyyarələrin yaşı çox olur, amma onlarda müəyyən reqlament işləri, texniki baxışlar aparılır, lazım olan hissələr dəyişirlər və s.

Təyyarə göyə qalxmamışdan əvvəl hərtərəfli yoxlanılır, sonra ona uçuş icazəsi verilir. Bu, beynəlxalq səviyyədə olan prosedurlardır. Qəzanın səbəbi daha çox texniki ola bilər. Həmin təyyarə əvvəlcə Gəncəyə gəlib, normal şəkildə eniş edib, qalxıb. Vurulma, terror ehtimalları çox azdır. Hadisənin baş verdiyi ölkə ilə də Türkiyənin əlaqələri yaxşıdır. Bütün bunları nəzərə alsaq, texniki nasazlıq ehtimalı daha yüksəkdir”.

Ekspert həmçinin qeyd edib ki, pilotun qəza barədə xəbərdarlıq etməməsi texniki nasazlıqdan qaynaqlana bilər:

“Bəziləri deyir ki, əgər texniki nasazlıq idisə, niyə pilot xəbərdarlıq etməyib? Ola bilər ki, elektrik sistemində nasazlıq baş verib və pilot xəbərdarlıq edə bilməyib, çünki bütün cihazıar sıradan çıxıb. Bu da yüksək ehtimallardan biridir. İnsan faktoru da var, amma təyyarə heyəti peşəkar heyətdir, onların peşəkarlığına şübhə yaradan nə isə yoxdur. Çox vaxt təyyarələrin qəza törətməsinə səbəb kimi quşları göstərirlər, ola bilər təyyarə çox yüksəkdən uçmayıb, bu ehtimal da var”.

Qeyd edək ki, Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsi noyabrın 11-də Azərbaycandan qayıdarkən Gürcüstan ərazisində qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 20 hərbçi həlak olub. Təyyarənin qara qutusu tapılıb.


Geri qayıt