Əsas Səhifə > Güney Press > “İndi meydanı veriblər Manafa”

“İndi meydanı veriblər Manafa”


Dünən, 15:21

Lent.az-ın müsahibi bəstəkar, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Xalq artisti Sərdar Fərəcovdur.

Sənətkarla müsahibəmiz elə muzeydə baş tutdu:

- Sərdar müəllim, səhhətiniz nə yerədir?


- Yaxşıyam. Müəlicələrim davam edir. Necə deyərlər, asta-asta əvvəlki halımıza qayıtmaq istəyirik.

- Açığı, müsahibənin muzeydə olacağını deyəndə təəccübləndim ki, əməliyyatdan çıxandan qısa müddət sonra işinizin başına qayıtmısız.

- Bu il Üzeyir Hacıbəylinin 140 illik yubileyidir. Muzey olaraq bir çox ideyalarımız gerçəkləşib. Yeni kitablarımız nəşr olunub. Bütün bunlarla bağlı böyük planlarımız var. Xəstəxanaya düşməyim bir az uzaqlaşdırdı bəzi işlərdən. Ancaq işimizin üstündəyik. Aylarla bu yubileyə hazırlıq görmüşdük. Bunun nəticəsini də gördük. Üzeyir bəyin heç vaxt nəşr olunmamış əsərlərini muzey nəşr etdirdi.

- Azərbaycan tarixində bütün şəxsiyyətlər müzakirə edilir. Onların yaxşı-pis tərəfləri qiymətləndirilir. Amma Üzeyir bəy haqqında demək olar ki, mənfi fikir deyilməyib. Sizcə, nəylə bağlıdır bu?

- Bilirsiz, Azərbaycan mədəniyyəti tarixində çox nadir şəxsiyyətlər Üzeyir bəylə yanaşı ola bilər. Öncə bu, Üzeyir bəyin xalqına məhəbbəti ilə bağlıdır. Hər kəsə də qismət olmur ki, o məhəbbəti əsərləri ilə göstərsin. O məhəbbət başqa xalqlar tərəfindən Azərbaycana sevgi qazandırdı. Başqa xalqların nümayəndələri o musiqiləri həvəslə səsləndirirsə, bu, böyük bir sevgidir. Üzeyir bəy xalqını təkcə sevmədi, həm də sevdirdi. O, professional Azərbaycan musiqi erasını yaratdı. Peşəkar Musiqili Teatr yaratdı. Bu gün biz gördüyümüz teatrları Üzeyir bəy heç nədən ərsəyə gətirib. Bir neçə əqidə dostu ilə. Özü də 22 yaşında. Həm də o vaxtı Üzeyir bəyi qeyri-ciddi qarşılayanlar var idi. Amma Üzeyir bəy hər il daha inkişaf edib, yeni əsərlər ortaya qoyub. 1920-ci ildə bolşeviklər hakimiyyətə gələndə onu burjuaziyaya xidmət etdiyini deyənlər də var idi. Amma onu tənqid edənlər də bir şeyi bilirdilər: Üzeyir bəy Musiqili teatrı yaratdı. Musiqili teatrın fəaliyyəti dramatik teatrdan daha uğurlu idi.

- Siz həm də himnimizi tapıb üzə çıxarmısız. Necə oldu bu?

- 41 il əvvəl mən bu muzeyə gələndə cavan oğlan idim. Musiqi Konservatoriyasını yeni bitirmişdim. Buranın direktoru mərhum Ramazan Xəlilov idi - Üzeyir bəyin qohumu. O, Üzeyir bəyin əsərlərinin taleyinə həmişə yanırdı. O zaman bəstəkarlara təklif edirdi ki, Üzeyir bəyin yarımçıq qalmış əsərlərini tamamlasınlar. Mənə də bir neçə əsəri göstərdi ki, tamamlayım. Özüm üçün də çox maraqlı idi. Elə zənn edirdik, Üzeyir bəyi tam bilirik. Amma gördük ki, Üzeyir bəyin nə qədər işləri yarımçıq qalıb. Onun yaradıcılığında bizi təəssüflərə qərq edən məqamlar çox olub. O əsərləri tamamlamaq, ortaya çıxarmaq çox çətindir. Həmin dövrü, Üzeyir bəyin üslubunu tanımaq lazımdır. Dahi bəstəkarların üslubunda zaman keçdikcə dəyişikliklər baş verir. "Koroğlu" ilə "Arşın mal alan" bir deyil.

Buna görə də, böyük bir tədqiqat işi olmalıdır. İlk üzə çıxardığım əsərlər Üzeyir bəyin iki marşı idi – “Milli Marş” və “Azərbaycan Marşı”. O zaman bu iki marş haqqında məqalələr də yazdım. 1980-ci illərin sonlarında Qarabağ məsələsi də xalqımızın həyatına daxil olmuşdu. Vətənpərvərlik hər bir Azərbaycanlının ürəyində döyünən hislər idi. Məqalələrim çıxanda böyük bir maraq yaratdı. Muzeyə tez-tez zənglər olurdu, maraqlanırdılar. Maraq o yerə çatdı ki, dostum, bəstəkar Aydın Əzimov “Azərbaycan Marşı”nı orkestr və xor üçün işlədi və bu marş mitinqlərdə səsləndi. 1992-ci ildə o marş Azərbaycanın himni kimi qəbul edildi. İkinci marş olan Milli marşı isə mən özüm orkestr və xor üçün hazırladım. O da bir neçə dəfə mötəbər məclislərdə, prezidentin hüzurunda səsləndirilib. O əsərlər xalqın taleyinə yazılan əsərlər oldu.

- Çoxları elə bilir ki, himnimiz Azərbaycan Demokratik Respublikası dövründə də rəsmi himn olub...

- Çoxları bilmədən danışır. Dəlinin biri quyuya daş atır, 100 ağıllı çıxara bilmir. O iş burada başlayıb, bu muzeydən çıxıb. Təəssüf ki, məsələnin dərinliyinə getməyən insanlar ağızlarına gələni danışırlar. 1988-ci ildə məqaləmdə də göstərmişdim, 1919-cu ildə "Azərbaycan" qəzeti yazmışdı ki, Üzeyir bəyin “Azərbaycan Marşı” müsabiqədə seçilmişdi. Sadəcə onu təsdiqləməyə vaxt çatmadı, bolşevik işğalı baş verdi. Əsas odur, Üzeyir bəy onu yazıb, müsabiqəyə təqdim edib və birincilik qazanıb. Bir addım qalmış siyasi vəziyyət dəyişdi...

- Bu məsələ zamanla müzakirə də olunur, bəziləri deyir ki, himnimiz marş üzərində qurulub. Həm sözləri, həm musiqisi marşı xatırladır. Himn necə olmalıdır? Ümumiyyətlə, bu ifadə nə qədər düzgündür?

- Belə şeylərə fikir verməyin. Ümumiyyətlə, dünya ölkələrinin himnlərinə baxsaq, hərəsi bir musiqini himn seçib, bəziləri klassik bir musiqini himn kimi götürüb. Hərəsinin bir taleyi var. Bizdə himn Üzeyir bəyin adı ilə bağlıdır. İstər 1918-1919-cu ildə, istər Sovet Azərbaycanının himnini o yazmışdı. Bu, dövlətin ixtiyarındadır. Parlament, komissiya var. Mötəbər insanlar yığılıb qərar verirlər. Türklərdə Marşla himn eynidir. Burada 100 faizlik bir kriterya yoxdur. Ortada dəllalların sözü gəzir və bu heç xeyir gətirmir.

- Hazırda nə üzərində işləyirsiz?

- Bir neçə əsər var üzərində işlədiyim. Əsərləri tamamlamamış onun haqqında danışmağı sevmirəm. Bir neçə vokal musiqisi üzərində çalışıram. Onlardan sonra daha böyük janrlarda işləyəcəm.

- 44 günlük zəfər sizin yaradıcılığınıza necə təsir etdi?

- Əlbəttə çox təsir etdi. Prezidentimiz elan edəndə ki, Şuşa, sən azadsan, artıq bu söz beynimdə bir şüar oldu və o şüar musiqiyə döndü. Xor və simfonik orkestr üçün "Azad Şuşa" əsərini yazdım. Sonra "Cıdır düzündə bayram" əsərini yazdım. Bu əsər isə fortepiano üçün idi. Daha sonra Şuşada olduq, simli orkestr üçün bir elegiya yazdım. Qələbədən sonra Şuşa ilə bağlı 3 əsərim yazıldı və səsləndi.

- Hazırda niyə kommersiya mahnıları irihəcimli, keyfiyyətli əsərləri geridə qoyur?

- Mən ömrümdə bazar musiqiləri ilə təmasda olmamışam. Onları yaradanlarla da tanış deyiləm. Onlar ara mahnılarıdır. Elə mahnıların şöhrəti ikinci elə mahnı çıxana qədərdir. Biri də var ölməz mahnılar. Şəfiqə Axundovanın, Tofiq Quliyevin, Cahangir Cahangirovun və sair... Bəzən ovucumuz qızıl, zərlə dolu olduğu halda kiminsə palçığını gətirib yuxarı mərtəbəyə qaldırırıq. Ara mahnılarını yazanlar istəyirlər ki, onları dinləyənlərin də zövqü aşağı səviyyədə olsun, gətririb onlara pul versinlər. Onlar qoymurlar xalqın zövqü inkişaf eləsin, ruhu təmzilənsin. Ağıllı, gözəl musiqini yaşamaq, duymaq insanın özündən də bir hazırlıq, təmizlik istəyir. Amma elə çirkab adamlar çirkab musiqiləri də dinləyirlər.

- Dediniz ki, yaxşı musiqini dinləmək bir hazırlıq istəyir. Amma Sovet dövründə ortaya bir fikir atmışdılar ki, sənət xalq üçündür. Beləcə, sənəti öz propaqanda vasitələrinə çevirmək üçün kütləviləşdirirdilər. Sizin dediyinizdənsə belə çıxır, sənət kütləvi ola bilməz. Onu anlamağa bir hazırlıq lazımdır.

- Doğrudur, sənət sənətkar üçündür. Böyük sənətkarın qiymətini də sənətkar verir. Müəyyən kütlə gözəl bir mahnıdan zövq də ala bilər. Amma oradakı incəlikləri anlamaq, təhlil etmək intellekt istəyir. Əlbəttə, sənət olan yerdə təhlil də lazımdır. Düşünən insanlar bunu edə bilir. Yoxsa, Üzeyir bəyin "Sevgili canan"ı ilə Manaf Ağayevin oxuduğunu bir tərəziyə qoymaq olmaz. Hər kəsin ailəsi var, hamı istəyir böyütdüyü uşaqların mənəviyyatı təmiz olsun. Ona görə də, bir-biri ilə boğuşan xanəndələr, toy müğənnilər bizə mədəniyyət verə bilməz. Bizə böyük sənətkarların yaratdıqları lazımdır, övladlarımızı onlarla böyütməliyik. Üfunətli sənət əsərlərini evə gətirməyin nə mənası var? Sənət sənətkar üçündür, amma nəticədə hər şey xalqın adına bağlanır.

- Sizin üçün Azərbaycan musiqisinin zirvəsi hansı dövrdür?

- Yenə dahi Üzeyir bəyi xatırlayacağıq. Üzeyir bəy "Koroğlu" əsərini yazdı və ondan sonra sənətə gələnlər, cavan bəstəkarlar o zirvəyə baxıb özlərini toparlayırdılar. 1950-ci illərdə artıq Üzeyir bəy həyatda yox idi, amma onun yandırdığı işıq var idi. Qara Qarayev "Yeddi gözəl"i, "İldırımlı yollar"ı yazdı, Fikrət Əmirovun "Sevil" operası yarandı. Bu, 1960-cı illərə qədər davam etdi. Arif Məlikovun "Məhəbbət əfsanəsi" Peterburqda teatrlarda tamaşaya qoyuldu. Lakin 1960-cı illərdən sonra o dalğa zəiflədi. Daha o səviyyədə əsərlər yaranmadı.

- Nəylə bağlı idi bu zəifləmə?

- Üzeyir bəy kimi birinin olmamağı. Doğrudur, yenə Üzeyir bəy bizi toparlayır. İndi meydanı veriblər Manafa. Aşağıdan, yuxarıdan dəstək də lazımdır ki, dirçəlsin. Amma fakt odur ki, elə əsərlər yaranmır.

- Neçə ildir ki, Opera və Balet Teatrı da təmirdədir...

- Bəli. Onun təmirdə olmağı böyük bir musiqi informasiyasının qarşısını almaq deməkdir. Biz tələbə olanda dərsdən sonra tamaşaya gedirdik o teatra. Gəlib musiqi enerjisi alırdıq. İçimiz də dolurdu. İndi bu teatr neçə ildir ki, bağlıdırsa və sənin ürəyin operaya getmək istəyirsə, nə edəcəksən? Hər qurumun öz yeri var və qurumlar çalışanda insanların işi rahat olur.

Düzdü, indi telefonla hər şeyə qulaq asmaq olar, amma canlı teatr başqadır. Onda bütün dünyadan əlimizi üzək və telefonla girək otağımıza? Həyatımızı onunla quraq? Olmaz. Böyük şəhərlərdə, böyük ölkələrdə sən opera teatrına bilet tapa bilməzsən.

2013-cü ildə "Arşın mal alan"-ın 100 illiyi ilə bağlı Belarusiyaya getmişdik. Orada həmin əsər Belarus dilində tamaşaya qoyulmuşdu. Teatrın müdiriyyəti danışırdı ki, 3 ay əvvəldən "Arşın Mal Alan"a biletlər satılır. Bu gözəl göstəricidir, 3 ay əvvəldən biletlər satılır. Minsk şəhərinin musiqi səviyyəsinə bax. 2019-cu ildə Başqırdıstanın Ufa şəhərində olduq. Orada Jorj Bizenin "Mirvari axtaranlar" operası səhnəyə qoyulmuşdu. O zövqü başqa heç bir teatrdan almamışdım. Bilet aylar əvvəldən satılır. Çox arzu edərdim ki, bizdə də o səviyyədə tamaşalar olsun. Opera və Balet teatrı bağlı qaldıqca çox ənənələr unudulur, soyuyur, paslanır. Ona görə, qapıları bağlı saxlamaq olmaz.

- Sərdar müəllim, siz həm də Bəstəkarlar İttifaqının üzvüsünüz. Nəsə bəstəkarlar ittifaqında durğunluq var. Yəni heçmi müzakirələr olmur orada?

- İnandırım sizi, bir ildir o ittifaqa getmirəm. Xəbərim yoxdur. Amma siz deyən şeyləri hiss edirəm. Və bu gün Bəstəkarlar İttifaqına rəhbərlik edənlər, görünür, belə üsulla işləməyi daha uyğun bilirlər.

- Niyə?

- Bu sual artıq onların özünə verilməlidir.

- Bəs siz niyə bir ildir getmirsiniz ora?

- Gedib orada nə edim?

- Məsələn, iclaslar, yığıncaqlar, müzakirələr olmur?

- Qurultay olur, məni çağırmırlar.

- Qurultaya sədr seçmək üçün də çağırmırlar?

- Bəli, Qurultay təkcə sədr seçmək üçün deyil. Çox təəsüf ki, onu artıq sədr seçmək üçün bir vasitə hesab edirlər. Qurultayda problemlər qoyulmalıdır, yollar axtarılmalıdır.

- Niyə məhz sizi çağırmırlar?

- Təkcə mən deyiləm, neçə adamı çağırmırlar. Özləri bilərlər. Zorla gedib burunlarının dibində bitməyəcəm ki. Heç danışmaq da istəmirəm. Belə baxanda hər şey aydındır. Başqa bir tərəfdən də qəbul edilməzdir. Xalq artistləri qurultaya çağırılmır. Düşünmək lazımdır…

- Həmin qurultayların mahiyyəti nə olurdu?

- Qurultaylarda ancaq sədr seçirlər. Vəssalam. Bilirsiniz, mən bir az fərqliyəm. Dahi bəstəkarın evində oturmuşam. Zamanında Bəstəkarlar İttifaqı yarananda Üzeyir bəyi heç üzvlüyə də qəbul etmirdilər. Və birinci üzvlərin arasında oxusan, o adamların adları var ki, bu saat onların adını çıraqla axtarsan, tapmazsan.

- Bolşeviklər idi onlar…

- Onlar Bəstəkarlar İttifaqı yarananda, bayraq aparanlardan olublar. Amma sonra Üzeyir bəy İttifaqa rəhbərlik etdi. Üzeyir bəy yol göstərən idi. O həm də “avtoritet” idi. O yol göstərəndə sözünə inanırdılar. Bu gün bizə kim yol göstərir? Onlar Üzeyir bəyin stolunda oturub adını da qoyublar ki, onun işini davam etdirirlər. Amma hansı iş? Ona görə, bu gün bizdə məqsəd yoxdur. Nə etmək olar? İndi Üzeyir bəylər yoxdur. 1960-cı ildən sonra böhran başladı. Onun nəticəsidir ki, böyük bir durğunluğun içindəyik. Görünür, bu da hamını təmin edir.

Bəstəkarın qədir-qiyməti onun yazdığı əsərlərdir. Və o əsərlər də gərək səslənsin. Amma əsərləri səsləndirmək üçün bəstəkar özü tək acizdir. Gərək Opera və Balet Teatrımız da işləsin, Filarmoniya orkestrımız da çalışsın, xorumuz da, solistlərimiz də. Son nəticədə dinləyəcini qaytarmalıyıq. Gecə-gündüz Toliklərin, Elgizlərin verilişindən məst olan dinləyicimizi qaytarmalıyıq, onları ciddi bir ruhani sahəyə yönləndirmək lazımdır. Hər halda yenə gəlib ora çıxır ki, hər kəs öz yerində, öz işini ən azı vicdanla yerinə yetirsin.

- Siz həm də muğam müsabiqələrində münsif kimi iştirak edirsiniz. Ümumi olaraq vəziyyət necədir? Sizi qane edirmi?

- Bilirsiniz, nəyimiz var, budur. Biz münsiflərik, ona görə, bir neçə yüz həvəskarın içindən seçilən 20 nəfəri dinləyirik, sona qalan 3-4 nəfəri qiymətləndiririk. Müşahidə edirəm, əvvəlki müsabiqələrdən seçdiyimiz, ümid bəslədiyimiz bəziləri heç də ümidi doğrultmur. Olur ki, müsabiqədə özlərini yaxşı göstərirlər, amma sonradan gedirlər toylara.

- Bəlkə, maddi məsələlərə görə?

- Bəli, qınamaq da olmaz, həyatın da öz tələbi var. Ümumiyyətlə, sənətdə davam gətirmək, ayaq üstdə qalmaq hər adamın işi deyil. İnsandan çoxlu güc tələb edir. Həm mənəvi, həm fiziki. Amma hələ bu günə gəlmişik, buna da şükür.

- Aşıq sənəti həmişə kasıbın süfrəsində olub, amma muğamın bir elit yanı var ki, o həmişə ağaların, bəylərin süfrəsində olub. Muğamın elitarlığının sirri nədədir?

- Muğam ifaçısı qəzəl oxuyur. Füzulinin, Nəsiminin, Seyid Əzimin. Bu qəzəlləri eşidib həzm etmək hər ağılın işi deyil. Kəndçi yazıq əkinçilikdən, tarladan gəlib Füzuli dinləsə, nə anlayacaq? Amma bir qədər hazırlıqlı, dövrünün təhsilini almış insan, o sözə qiymət verəcək. Ona görə, muğam bir az elitardır, həm də hər adam üçün deyil. Buna bir qədər hazırlıqlı dinləyici lazımdır. Muğamı hər adam qəbul edə bilmir. Aşıq havası daha sadədir. Qoşma xalq dilindədir, onun ruhuna daha yaxın sözlərdir. Amma o da lazımdır, bu da.

- Heç sifarişlə əsər yazdığınız olub?

- Əlbəttə olub. Teatr üçün 50-dən çox tamaşaya musiqi yazmışam. Onlar artıq birbaşa sifariş idi, konkret bir əsər üçün. Sən də öz daxilindəki resursların hamsını toplayırsan. Bəstəkarın işi maraqlıdır. Amma təkcə teatr deyil, zamanında bir Amerika drijioru da mənə bir neçə əsər sifariş etmişdi. Sonradan ABŞ-da ifa edilmişdi.

- Bəs verilən qonararlar sizi qane edir?

- Həmişə arzulayırdıq ki, qonarar daha çox olsun. Teatrda tamaşa qoyulur. Rəssam, rejissor, bəstəkarlar üçün təyin edilmiş məbləğlər var.

- Bu da, yəqin ki, çox deyil.

- Biz ona da sevinirdik, heç olmasa o sifariş verilir, olmayanda daha da pis olur.

- Təqribi nə qədər olur?

- 1000- 2000 AZN. Hələ o pulla aranjimanı da ödəyirəm. Teatra hazır musiqi verirəm. Yəni vəziyyətdən çıxırıq. Əvvələr daha az idi qonarar, biz onda daha gənc idik.
Sevinirdik ki, biz teatr işində iştirak edirik. Bunun mənəvi tərəfi bizim üçün daha üstün idi.


Geri qayıt