Əsas Səhifə > Güney Press > Texniki nasazlıq, yoxsa...
Texniki nasazlıq, yoxsa...Dünən, 14:05 |
|
Noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 20 hərbçi, eləcə də heyət üzvlərinin hamısı həlak olub. Qəzadan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla hökumət üzvləri Türkiyənin rəhbər şəxslərinə başsağlığı verib, hadisə ilə bağlı köməklik göstərməyə hazır olduqlarını bəyan ediblər. Gürcüstanda qəza ilə bağlı cinayət işi açılıb. Hadisə yeri mühafizəyə alınıb. Türkiyəli rəsmilər isə hazırda qəza ilə bağlı araşdırma aparırlar. Təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalar davam etsə də, hələlik hadisənin iki mümkün versiyası nəzərdən keçirilir. İlkin versiya ondan ibarətdir ki, təyyarə uzun müddət istismar olunur və sonuncu dəfə beş il əvvəl, 2020-ci ildə əsaslı təmirdən çıxıb. Bəzi ekspertlər bildirirlər ki, korroziya nəticəsində təyyarənin gövdəsində deşilmə baş verə bilər. Məlumatlara görə, indiyədək müxtəlif səbəblərdən bu təyyarələrin 20-yə yaxın qəzası qeydə alınıb. Bu qəzalardan ikisi, 1968 və 1982-cü illərdə Türkiyə ərazisində baş verib. 1968-ci ildə Manisa yaxınlığında "C-130" eniş zamanı qəzaya uğrayıb. Qəzanın ikinci versiyası isə ondan ibarətdir ki, yüklər lazımi qaydada bərkidilmədiyi üçün uçuş zamanı onlar yer dəyişməyə başlayıb. Tərpənən yük gövdənin daxili səthlərinə çırpılaraq onun zədələnməsinə və nəticədə konstruksiyanın bütövlüyünün pozulmasına səbəb ola bilər. Təyyarə uçuşdan əvvəl Gəncə hava limanında cəmi iki saat gözləmədə olub. Bu müddət ərzində hər hansı kənar müdaxilə və ya təyyarəyə yaxınlaşma halı qeydə alınmayıb. Təyyarənin sərnişinləri isə noyabrın 8-də hərbi paradda iştirak edən "F-16" təyyarələrinə texniki xidmət göstərən personal olub. Onlar da təhlükəsizlik prosedurlarından keçdikdən sonra təyyarəyə daxil olublar.
Hazırda qəza ilə bağlı araşdırma, eləcə də axtarış işləri davam etdirilir. İstintaq Gürcüstan və Türkiyə tərəfindən aparılır, Azərbaycan isə qardaş Türkiyəyə ilk andan tam dəstək göstərir. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qəza ilə bağlı qeyd edib ki, Türkiyə hərbi təyyarəsinin Gürcüstan səmasında qəzaya uğramasını texniki amillərlə izah etmək mümkündür: “Ancaq bölgədə hərbi təyyarələrin və helikopterlərin artan qəzaları heç də hər zaman texniki nasazlıqla əlaqəli olmur. Digər tərəfdən, müxtəlif ekspertlərin Amerika istehsalı hərbi karqo təyyarəsinin etibarlılığı barədə mülahizələri də suallar yaradır. Peşəkar pilotların idarə etdiyi etibarlı təyyarənin qəzaya uğraması detallı araşdırma tələb edəcək”. “Havaya qalxdıqdan 27 dəqiqə sonra təyyarə ilə əlaqənin kəsilməsi və radar siqnalının itməsi istər-istəməz 2019-cu ildə Xəzər üzərində qəzaya uğrayan Azərbaycan hərbi təyyarəsi olayını xatırladır. Həmin olayda da Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdi”. Analitik Asif Nərimanlı isə deyib ki, Gəncədən qalxan Türkiyəyə məxsus “C-130” hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasında heç bir versiya istisna edilməməlidir: “İlk baxışda təbii səbəblər ehtimalı daha güclü görünür, lakin bu coğrafiyada baş verən belə hadisələrdə şübhələr hər zaman aktual olub. Hadisənin indi baş verməsi – hərbi təyyarə olması, Bakıdakı hərbi paraddan sonra qəzaya uğraması və regionun gələcək konturlarının Bakı və Ankara tərəfindən cızıldığı, iki il öncəyə qədər bu bölgədə “söz sahibi” olan güclərin oyundan kənar vəziyyətə düşməsi fonunda şübhələr yenə aktualdır”. "AYNA.AZ" Geri qayıt |