Əsas Səhifə > Güney Press > 10 noyabr: Ermənistan üzərində tarixi qələbə

10 noyabr: Ermənistan üzərində tarixi qələbə


Bu gün, 16:27

10 noyabr: Ermənistan üzərində tarixi qələbə

Bu gün 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın inzalanmasından beş il ötür.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başlamışdı. 44 gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu ardıcıl qələbələr qazanaraq bir-birinin ardınca mühüm yaşayış məntəqələrini düşməndən azad edib.

Oktyabrın 3-də Suqovuşan, 4-də Cəbrayıl, 9-da Hadrut, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı şəhərləri, eləcə də 300-dən çox kənd və strateji yüksəkliklər Azərbaycanın nəzarətinə qaytarıldı. Noyabrın 8-də Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu.10 noyabr Bəyanatının şərtlərinə əsasən, Ermənistan noyabr 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-də Ağdam və dekabrın 1-ə qədər isə Laçın rayonunu Azərbaycana qaytarmağa razılıq verdi.

Beləliklə, Azərbaycan öz ərazilərini işğaldan azad etdi və 44 gün davam edən Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Münaqişə zonasında status-kvonun dəyişməsi regionda sonrakı geosiyasi proseslərin yenidən formalaşmasına bu gün də öz təsirini saxlamaqdadır. Bu baxımdan, 10 noyabr Bəyanatı 30 ildən artıq davam edən münaqişəyə son qoyulmasında mühüm rol oynayıb.

Nəticədə, Azərbaycanla Ermənistan arasında münasibətlərin postmünaqişə dövrünə daxil olması real sülhün təmin olunmasına şərait yaratdı;

- Bölgədə hərbi və siyasi qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişdi. Cənubi Qafqazın ən güclü ordusuna malik Azərbaycan Ermənistanla sülh danışıqları masasında da diplomatik üstünlük qazandı;

- Azərbaycanın Ermənistanı məğlub edərək öz ərazilərini işğaldan azad etməsi Qarabağda hələ də fəaliyyətini davam etdirən erməni separatizminin ləğvinə yol açdı. 2023-cü il sentyabr ayının 19-20-də Azərbaycan ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində, qondarma “Dağlıq Qarabağ Respublikası” elan etmiş hərbi xuntanın mövcudluğuna son qoyuldu, qanunsuz erməni silahlı birləşmələri isə zərərsizləşdirildi. Azərbaycan ərazisində 1988-ci ildən başlayaraq 35 il davam erməni separatizminə son qoyuldu. Bununla da Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi bərpa edildi.

- Keçmiş Ermənistan-Azərbaycan, “Dağlıq Qarabağ” münaqişəsinin başa çatması ilə bölgədə nəqliyyat-kommunikasiya vasitələrinin blokdan açılması üçün zəmin yarandı. 10 noyabr Bəyanatının 9-cu bəndində Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında hərəkətin təmin edilməsini nəzərdə tutan Zəngəzur dəhlizinin açılmasına dair razılaşmaya Ermənistan əməl etməsə də, artıq ABŞ Prezidenti Donald Trampın iştirakı ilə bu proses reallaşmaq üzrədir. Söhbət “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu”nun yaradılmasına dair avqustun 8-də Vaşinqtonda imzalanmış sənəddən gedir.

- 10 noyabr Bəyantında əksini tapmış bir sıra razılaşmalar artıq icra olunub və ya müddəti başa çatıb. Azərbaycan ərazisində Rusiya sülhməramlı qüvvələri qalmayıb, Qarabağdakı ermənilər könüllü şəkildə Ermənistana köçdüyünə görə üçtərəfli bəyanatda “Laçın dəhlizi” adlanan bənd də qüvvədən düşüb. Yeganə yerinə yetirilməyən razılaşma Zəngəzur dəhlizi ilə bağlıdır.

Lakin Ermənistan-Azərbaycan münaqişəsinin aradan qalxması yalnız bu iki ölkə arasında deyil, bütövlükdə ətraf regionları da birləşdirən nəqliyyat-tranzit dəhlizlərinin açılmasına şərait yaradıb.

Bu baxımdan, Çin, Mərkəzi Asiya və Avropa arasında yükdaşımaların həyata keçiriləcəyi “Orta dəhliz” xüsusi aktuallıq kəsb edir. Azərbaycanı şərqlə qərbin əsas logistika mərkəzinə çevirəcək bu dəhlizin əsas ötürücü arteriyası “Tramp maşrutu” hesab edilir. Yəni Ermənistanın Zəngəzur dəhlizinin açılmasından yayınmaq üçün manevrləri çox çəkmədi.

Hazırda Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanmasına xeyli yaxın olduğundan atəşkəs sənədi olan 10 noyabr Bəyanatının bir sıra müddəaları qüvvədən düşüb. Tərəflər sülh sazişinin mətnini paraflayıb və razılaşdırılmamış yeganə bənd Ermənistan Konstitusiyasının preambula hissəsindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlıdır.

Çox güman ki, 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra Nikol Paşinyan hakimiyyəti referenduma getməklə yeni konstitusiya layihəsində preambulaya xitam verəcək. Bununla da, yekun sülh müqaviləsi imzalanması üçün əsas yaranacaq və 10 noyabr Bəyanatı daha çox arxiv sənədinə çevriləcək.

Müşfiq Abdulla
“Cebheinfo.az”


Geri qayıt