Əsas Səhifə > Güney Press > "Müalicəm davam edir, yorğunluq da olur"

"Müalicəm davam edir, yorğunluq da olur"


Bu gün, 11:39

“Saçımın, saqqalımın belə vəziyyət alması tamaşa ilə bağlıdır. Deməli İrəvan Dövlət Azərbaycan Dram teatrında bizim istedadlı rejissorumuz Elvin Mirzəyev “Kral Lir” tamaşası hazırlayır və mən də orada Kral Lir obrazını məşq edirəm. Bu rolu oynamalıyam. Müasir teatr belədir ki, tələblər başqadır. Ona görə də biz parik, qrim formasından real təzahürlərə meylləndik. Çünki oyunun içərisində saçın, saqqalın özü bir detala çevrilir, ondan istifadə olunur. Hələ ki, məşqlər dayanıb. Nə səbəbdən dayandığını bilmirəm. Mən artıq İrəvan teatrında rəhbər vəzifədə çalışmıram. Pensiya yaşıma görə oradan uzaqlaşmışam. Ancaq orada dramaturqumuz Elçinin “Stalin” əsəri əsasında Stanilizim konsepsiyasında, “Qeyri-səlis məntiq” teatr sistemi ilə tamaşa hazırlanır. Onun da məşqləri hələ dayanıb. Səbəbini bilmirəm. Gözləyirəm, bu işlər davam etsə hələlik saqqal, saç bu şəkildə davam edəcək. Yox əgər o məşqlər başqa hal alsa-dayandırılsa, əsərlərin hazırlanmasından imtina olunsa yəqin ki, biz də öz görkəmimizə qayıdacağıq”.
Bunu Moderator.az-a Əməkdar Mədəniyyət İşçisi, dramaturq, rejissor İftixar Piriyev deyib.
O daha sonra əlavə edib:
“Mənim 65 yaşım tamam oldu. Bununla əlaqədar pensiyaya çıxdım. Pensiyaya çıxmağımdan da çox məmnun və razıyam. Çünki 25 ildir İrəvan Dövlət Azərbaycan Dram teatrının ağır, çətin, işlənməsi mümkün olmayan şəraitlərdə yüksək peşəkarlıq nümayiş etdirərək, yüksək səviyyəli əsərlər ərsəyə gətirərək, özünün strategiyasını müəyyənləşdirməklə bugünki səviyyəyə gətirib çıxarmışıq. Mənim də yaşım o həddə gəlib çatıb ki, artıq o əziyyətlərin içində davam etmək istəmirəm. Yaradıcılığımın başqa tərəfləri ilə-elmi işlərlə məşğul olmaq istəyirəm. Cəmiyyətə məlumdur ki, mən “Qeyri-səlis məntiq” nəzəriyyəsinin teatr sənətinə tətbiqi ilə məşğulam. 2 tamaşa hazırlamışam. Nəzəriyyəni praktikaya çevirmişəm, həmin tamaşaların praktiki həllini ortaya qoymuşam. Biri Emil Məmmədlinin “Qadın” birhissəli mono pyesi əsasında “Siluet” bir hissəsli tamaşa, digəri isə Adilə Nəzərin “Axirətdən gələn səs” əsəri əsasında “Səs” tamaşasıdır. Sonra da Elçin müəllimin “Stalin” əsəri üzərində iş aparırdım. O hələlik yarımçıq saxlanılıb. Mənim doktorluq dissertasiyam bu il artıq müzakirəyə gedəcək. 2026-cı ildə də onun müdafiəsi ilə məşğul olacam. Bu da “Qeyri-səlis məntiq” nəzəriyyəsinin teatr sənətində sinergetik adaptasiyası adlı dissertasiya işidir. Ağır, çətin və yeni bir işdir. Burada bu günə qədər teatr sənətində həm nəzəri, həm də praktiki cəhətdən ortaya qoyulmamış yeni prinsiplər var. Teatrın ənənəvi cildindən çıxaraq, müasir və tamaşaçıların düşüncələrinə uyğun, onun üst qatına qalxan konsepsiyalarla teatr sənətinin inkişafına yolların istiqamətlərini ortaya qoyuruq. Buna başım qarışıqdır. Bununla bağlı xarici mötəbər jurnallarda bu mövzu ətrafında elmi məqalələr dərc olunmalıdır. Belə oldu ki, mən bir məqaləni Ukraynaya göndərdim və orada çox böyük tələblə qarşılandı. Məqaləyə tələb artdı və növbəti sifarişlər olundu. Ondan sonra başqa bir yerdə, yenə də həmin mövzu ətrafında, hər ikisi Elçin teatrı, Elçin dramaturgiyası əhatəsində hazırlanmış yeni məqalələr yazdım. Hər ikisi oktyabr ayında çapdan çıxdı. Amma qarşıda 3 yeni məqalə də xarici jurnallarda yer alıb. Çox böyük maraqla qarşılanıb. Onların da hər birindən teatr daxilində müxtəlif istiqamətlərdə yeni məqalələrin sifarişlərini irəli sürdülər. Bu işə başım qarışıqdır. Bir az da səhhətimdə problem oldu. Beyin-qan dövranında çətinliklər yaranmışdı. Müalicəm davam edir, yorğunluq da olur. Bunun üçün bir az sakit rejimin içində artıq başqa aləmin düşüncələri ilə həyatımı davam etmək tələbi ortaya çıxır. Təbii ki, bu elmi işlərlə bağlı... Eyni zamanda bədii yaradıcılıq da da, dramaturgiya da, publisistika da və s. bunlar da paraleldə həmişə olduğu kimi davam edir. Doğrudur, mən bu paralel davam edən işləri heç vaxt ləngitməmişəm, səngitməmişəm”.
İftixar Piriyev bildirib ki, bir neçə gün öncə Bişkekdə ona “Çingiz Aytmatov” medalı ilə təltif olunub:
“Bir neçə gün öncə Bişkekdə idim. Təltif olunduğum “Çingiz Aytmatov” medalının təqdimatı keçirildi. Bir də bu təqdimat daha nüfuzlu bir yerdə-Qırğızıstan Milli Yazıçılar Birliyində keçirildi. Ona görə ki, mənim iki kitabımın burada təqdimatı nəzərdə tutulmuşdu. Onu da həyata keçirdilər deyə təltif də orada baş tutdu. Bu kitablardan biri “Elçin teatrı: absurd dram” “Qeyri-səlis məntiq” nəzəriyyəsi konteksində monoqrafiyam idi, digəri də yenicə çapdan çıxmış “Qeyri-səlis məntiq və teatr” monoqrafiyam idi. Çox yüksək səviyyədə, nüfuzlu nümayəndələrin, xalq yazıçılarının, sənət xadimlərinin, Azərbaycanın Bişkekdəki səfirliyinin iştirakı ilə təqdimat təşkil olunmuşdu. Medalı Çingiz Aytmatovun oğlu mənə təqdim etdi. Hesab edirəm ki, “Çingiz Aytmatov” medalı bir sənət adamına, sənət xadiminə, bir də ki, Qırğızıstandan kənar qardaş ölkə olan Azərbaycan respublikasının vətəndaşına təqdim olunması bir əlahiddə, mötəbər haldır və bununla mən qürurlanıram o mənada ki, bu medalın təltifini özüm üçün deyil, Azərbaycan mədəniyyət nümayəndələrinin, mədəniyyət sahəsinin uğurlu işlərinə töhfə kimi qiymətləndirirəm. Təbii ki, orada bizim gördüyümüz işlər nəzərə alınıb. Ümumən tük dünyası, Qırğız-Azərbaycan mədəni əlaqələri konteksində bundan bir neçə il öncə “Turan” əsərim Özbəkistanda tamaşaya hazırlandı və 5-6 türk dövlətinin sənətkarlarının iştirakı ilə oynanılan əsas pyes oldu. Ondan əvvəl Nizami Gəncəvinin həyatı haqqında yazdığım pyesin Özbəkistanda hazırlanmış premyerasında mənim də iştirakım olmuşdu. Hər iki işin əks-sədasının orta Asiyada, Türkiyədə effekti çox böyük oldu. Çünki Qırğızıstandan həmin layihədə rəssam, Türkiyədən bəstəkar, Türkmənistandan səhnə quran, Azərbaycandan yazıçı, Özbəkisandan isə rejissor iştirak edirdi. Belə bir maraqlı layihə idi. “Çingiz Aytmatov” medalına layiq görülməyimdə bu işlərin də təsiri var. Bu mənada Azərbaycan sənət aləminə bu 6 türk dövlətinin nəzər və diqqətinin cəlb olunması qürurvericidir”.

Geri qayıt