Əsas Səhifə > Güney Press > Rusiya xarici işlər naziri postunda kimin olmasının əhəmiyyəti yoxdur
Rusiya xarici işlər naziri postunda kimin olmasının əhəmiyyəti yoxdurBu gün, 06:57 |
|
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə uğursuz telefon danışığından sonra Kremlin sahibinin gözündən düşüb. Xatırladaq ki, ABŞ bu telefon danışığından sonra prezidentlər Vladimir Putinlə Donald Tramp arasında nəzərdə tutulan görüşü ləğv edib. 20 ildən çoxdur XİN-ə rəhbərlik edən 76 yaşlı Lavrov noyabrın 5-də Putinin keçirdiyi və əhəmiyyətli hesab olunan Rusiya Təhlükəsizlik Şurasının iclasında iştirak etməyib. Putin Lavrovun da daxil olduğu Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi iclasda Rusiyanın 1990-cı ildən bəri moratorium qoyduğu nüvə sınaqlarının bərpası ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb. “Kommersant”ın mənbəsinin sözlərinə görə, Lavrov iclasda “razılaşdırılmış şəkildə iştirak etməyib”. Bununla yanaşı, o, iclası buraxan yeganə daimi üzv olub. Eyni zamanda, Lavrov G20 sammitində Rusiya nümayəndə heyətinin rəhbəri statusunu da itirib. Bu il nümayəndə heyətinə prezident administrasiyası rəhbərinin müavini Maksim Oreşkin rəhbərlik edəcək. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov cümə axşamı bildirib. Onun sözlərinə görə, bununla bağlı Putin şəxsən qərar qəbul edib. Prezidentin özü yenə də G20 sammitinə getməmək qərarına gəlib. Bu il tədbir Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu imzalayan və Putini həbs etmək öhdəliyi olan Cənubi Afrikada keçiriləcək. Putin 2025-ci ildə eyni səbəbdən Braziliyaya – BRICS sammitinə də getməyib. 2022-ci ildə isə Balidə keçirilən G20 sammitini buraxıb. Hər iki halda Rusiya nümayəndə heyətinə məhz Lavrov rəhbərlik edirdi. Rusiya diplomatiyasının veteranı, Rusiyanın BMT Təhlükəsizlik Şurasında keçmiş daimi nümayəndəsi olan Lavrov oktyabrın 21-də ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Telefon danışığı zamanı Budapeştdə keçirilməsi planlaşdırılan Putin–Tramp görüşünün şərtləri müzakirə olunmalı idi. Lakin Rubio Trampa görüşü ləğv etməyi tövsiyə edib. Sammitin ləğv edilməsindən dərhal sonra ABŞ “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib – bu, Trampın Ağ Evə qayıdışından sonra ilk sanksiya olub. “Reuters”in mənbələri bildiriblər ki, görüşün pozulmasının səbəbi Kremlin barışmaz mövqeyi olub: Moskva “həddən artıq çox şey” tələb edərək, Ukraynada atəşkəsdən imtina edib. Lavrov özü Rubio ilə uğursuz danışıqdan sonra yenidən “Kiyevdəki nasist rejimi” barədə danışıb və “münaqişənin kökündə duran səbəblərin aradan qaldırılmasını” tələb edib. Onun sözlərinə görə, təcili atəşkəs “Ukraynanın böyük hissəsinin nasist rejiminin nəzarətində qalmasına” gətirib çıxaracaq, Qərb isə yenidən Ukrayna Silahlı Qüvvələrini “Rusiya mülki infrastrukturuna hücumlar şəklində terrorçuluq əməliyyatları” üçün silahlandıracaq. Lavrovun nümunəsi olduqca simvolikdir: o, onilliklər boyu Putin rejiminin simalarından biri sayılırdı. İndi isə sanki belə bir fiqur heç olmayıb. Bəs, Putinin artıq Rusiyada bir nəfərin diktaturasını qurduğunu demək olarmı? Yoxsa hələ də onun hakimiyyətini sarsıda biləcək, onu “taxtdan salmağa” qadir qüvvələr qalır? Pressklub.az-ın suallarına tanınmış xarici şərhçilər cavab veriblər. Kiyev Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda bildirib ki, Lavrovun problemi onu ümumiyyətlə maraqlandırmır. “Sovet İttifaqında “mister Yox” rolunu oynamış Andrey Qromıkonun Rusiya variantı olan bu tip artıq neytral qiymətləndirmələr üçün bütün imkanları tükədib. Əgər onun problemləri varsa da, bu heç nə demir – o gedəcək, yerinə Ryabkov, ya da Dövlət Dumasının hazırkı sədri Volodin xarici işlər naziri təyin ediləcək. Nə dəyişəcək? Yenə də Rusiyada hər şeyi Putin həll edir. Lavrov olsun, ya olmasın, fərqi yoxdur. Sadəcə onun özünü gözdən salması elə bir səviyyəyə çatıb ki, buna heç kim qibtə edə bilməz. Ümumilikdə isə danışılacaq çox şey qalmayıb, çünki Rusiyada hansısa üsyanın baş verməsi imkanını görmürəm. Bu yalnız o halda baş verə bilər ki, Rusiya genişmiqyaslı məğlubiyyətlə üzləşsin. Bu, sırf cəbhədə məğlubiyyət deyil, başqa variant da ola bilər. Məsələn, Kremlə raket zərbəsi endirilməsi. Bu, əlbəttə, asan həyata keçiriləcək iş deyil, amma mümkündür. Yəni, məncə, Putini hakimiyyətdən salmaq məsələsində konsensus var – indiki hakimiyyətin içərisindən bunu heç kim etməyəcək. Amma sonra nə olacağı çox maraqlı sualdır”, – Maqda bildirib. Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze deyir ki, Lavrovun dövrünün bitdiyinə əmin deyil. “O, xarici işlər naziri vəzifəsində çox əlverişli fiqurdur, baxmayaraq ki, uzun müddətdir istefa vermək istədiyi deyilir. Putinin təkbaşına diktaturasına gəldikdə, bu, şübhəsiz ki, belədir. Çünki Putin Rusiyadakı bütün əsas güc qruplarının qarantı və hakimidir. Onlar öz aralarında razılığa gələ bilməyəcəklər və belə şəraitdə bir-biri ilə vuruşmaq isə çox təhlükəlidir. Putini hakimiyyətdən yalnız Kremldən çox uzaq qüvvə uzaqlaşdıra bilər. Amma onun lazımi qədər qiymətləndirməmək də olmaz: hər şeyin öz vaxtı var”, – Vasadze deyib. Geri qayıt |