Əsas Səhifə > Güney Press > Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb
Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıbBu gün, 10:46 |
|
Moldova hökuməti Kişinyovdakı Rus Mədəniyyət Mərkəzinin (Rus Evi) bağlanmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Hakimiyyət orqanları mərkəzi “Kremlin hibrid aləti” kimi təqdim edir. Moldova hökuməti Rusiya ilə 1998-ci ildə mədəniyyət mərkəzlərinin yaradılması məqsədilə bağlanmış müqaviləni ləğv edən qanun layihəsini qəbul edib. Qanun layihəsinin qüvvəyə minməsi üçün indi parlament tərəfindən təsdiqlənməlidir. Moldova Mədəniyyət Nazirliyi bu addım üçün mövcud geosiyasi vəziyyəti və dezinformasiya risklərini qeyd edib. Bəyanatda Rusiyada Moldova mədəniyyət mərkəzinin mövcud olmadığını, buna görə də mədəni təbliğat üçün ədalətli mexanizmin olmadığını bildirib. Kremlin sözçüsü Dmitri Peskov qərarı “təəssüflə qarşıladıqlarını” bildirib və əlavə edib ki, “Moldova rəhbərliyi Rusiya ilə bağlı hər şeyi rədd edərək düşmənçilik siyasəti yürüdür”. Peskov bildirib ki, bu cür yanaşma Moldova əhalisinin əhəmiyyətli hissəsinin maraqlarına ziyan vurur: “Moldova rəhbərliyinin ölkəmizə qarşı düşmənçilik etməyə, ölkəmizlə əlaqəli hər şeyi inkar etməyə davam etməsi, əhalinin əhəmiyyətli bir hissəsinin, bəlkə də, əksər hissəsinin maraqlarına xələl gətirməsi çox təəssüf doğurur. Bu, çox pisdir. Yalnız təəssüf ifadə etmək olar”. Rusiyanın beynəlxalq əməkdaşlıq agentliyi olan “Rossotrudniçestvo” hələlik Moldovadan heç bir rəsmi bildiriş almadığını və “Rus Evi”nin normal fəaliyyətini davam etdirdiyini bildirib. Kişinyovda Rusiya Elm və Mədəniyyət Mərkəzi (Rus Evi) 2009-cu ildə açılıb. Onun fəaliyyətlərinə rus mədəniyyətinin, təhsilinin və elminin təşviqi, rus dilinin statusunun gücləndirilməsi və gənclərin mübadilə proqramlarının təşkili daxildir. Mərkəzin bağlanması tələbi 2025-ci ilin fevralında dronların Moldovanın hava məkanını pozmasından sonra artıb. Moldova hakimiyyəti dronların Rusiyaya məxsus olduğunu bildirsə də, Moskva bu ittihamı rədd edirdi. Məlumdur ki, “Rus evi” Bakıda da bağlanıb. Ancaq “Rossotrudniçestvo” ilə Azərbaycan hökuməti onun fəaliyyətinin bərpası istiqamətində danışıqlar aparır. Bu barədə ötən ay agentliyin rəhbər müavini Pavel Şevtsov “RİA Novosti”yə açıqlama verib. Şevtsovun sözlərinə görə, tərəflər konsensus tapmaq üçün əlaqə saxlayır və Rusiya ümid edir ki, Prezident Vladimir Putin və Prezident İlham Əliyev arasında keçiriləcək görüşün nəticəsində məsələ müsbət həllini tapacaq. Son illər postsovet məkanında Rusiya ilə bağlı mədəni-humanitar layihələrə münasibətdə ciddi dəyişikliklər müşahidə olunur. Kreml tərəfindən “yumşaq güc” aləti kimi formalaşdırılan “Rus evləri” artıq bir çox ölkədə siyasi mübahisələrin və ictimai narazılıqların mərkəzinə çevrilib. Ukraynada müharibənin başlanmasından sonra bəzi dövlətlər bu qurumların fəaliyyətini milli təhlükəsizlik üçün risk kimi qiymətləndirirlər. “Rus evi” adlanan mərkəzlərin rəsmi məqsədi mədəniyyət, təhsil və dil sahəsində əməkdaşlığı təşviq etmək olsa da, onların siyasi və ideoloji təsir vasitəsinə çevrildiyi barədə fikirlər güclənib. Bu tendensiya təkcə, Avropa İttifaqına üzv dövlətlərdə deyil, Cənubi Qafqaz və Şərqi Avropa regionunda da müşahidə olunur. Xüsusilə, Azərbaycanın, Gürcüstanın və Moldovanın son qərarları göstərir ki, region ölkələri öz informasiya və ictimai məkanlarını xarici təsirlərdən qorumağa çalışırlar. Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov vurğuladı ki, “rus evi” nin müxtəlif dövlətlərdə fəaliyyəti artıq neqativ qarşılanır, qəzəbə səbəb olur. “Yeni Müsavat”a açıqlamasında ekspert diqqətə çatdırdı ki, dövlətlər “rus evi”ni bağlamaqla qalmır, hətta qanunvericilik müstəvisində fəaliyyəti qadağan edilir: “Maraqlıdır ki, Azərbaycanda ”rus evi"nin bağlanmasından sonra müxtəlif ölkələrdə proses genişləndirildi. Moldova hökuməti “rus evi”nin fəaliyyətini qəbul etmir. Hətta Kişinyovdakı Rus Mədəniyyət Mərkəzinin bağlanmasını nəzərdə tutan qanun layihəsi təsdiqlənib. Moldovanın hazırkı siyasi esteblişmenti tamamilə Rusiya əleyhinə mövqedədir və Moldova prezidenti Maya Sandunun tərəfdarları dəfələrlə Rusiya əleyhinə bəyanatlarla çıxış ediblər. Son seçkilər kifayət qədər gərgin keçdi, hətta Rusiya seçkilərin nəticələrinə təsir gücünü özündə saxlamaq üçün əlindən gələni etdi. Lakin Sandunun daxildəki güclü tərəfdarları və elektoratı ona yenidən etimad göstərdilər". Ekspertin sözlərinə görə, maraqlıdır ki, Düşənbədə Azərbaycan və Rusiya liderləri arasında görüşdən sonra münasibətlərin normallaşması barədə fikirlər söylənir: “Hazırkı reallıqda münasibətləri bərpa etmək üçün addımların atılması gözlənilir. Lakin əminliklə söyləmək olar ki, ”Rus evi", yaxud ona bənzər hər hansı institutlar, humanitar təşkilatlar yaradılsa da, əvvəlki dövrdə olan fəaliyyəti həyata keçirə bilməyəcəklər. Azərbaycan buna imkan verməyəcək. Müəyyən adlar altında hansısa təşkilatın yaradılması danışıqlar mövzusudur. Yaxın zamanda Azərbaycanın hər hansı təşkilatın yaradılmasına məqbul yanaşacağını düşünmürəm. Çünki hələ də bir sıra suallar var, ziddiyyətlər qalmaqdadır. Buna baxmayaraq, ikitərəfli münasibətləri yeniləmək önəmli məsələdir. Bütün bu yanaşmalar siyasi gedişatdan, Azərbaycanın prinsipial mövqeyindən, milli-siyasi iradəsindən asılıdır". Onu da yada salaq ki, Qırğızıstanın Oş şəhərindəki “Rus evi”ndə işləyən Nataliya Sekerina respublikanın xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Xarici medianın xəbərinə görə, bu barədə Bişkekin Pervomayski rayon məhkəməsi məlumat yayıb. “Bişkek şəhərinin Pervomayski rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təmin edilib”, - deyə məhkəmənin mətbuat xidməti bildirib. “Rus evi” (“Rossotrudniçestvo”) Rusiyanın xaricdəki mədəniyyət və informasiya mərkəzlərini təmsil edən qurumdur. Bu mərkəzlər Rusiya Federasiyasının yumşaq güc siyasətinin bir hissəsi kimi çıxış edir və müxtəlif ölkələrdə rus dilinin, mədəniyyətinin və təhsilinin təbliğinə yönəlib. Lakin son illərdə, xüsusilə də Rusiya-Ukrayna müharibəsindən sonra bu qurumun fəaliyyəti bir sıra ölkələrdə ciddi suallar doğurub və nəticədə bəzi ölkələrdə fəaliyyətinə son qoyulub. Əvvəlki dövrlərdə “Rus evi” bir sıra Avropa ölkələrində də fəaliyyətini dayandırmalı olub. Bu sırada, Sloveniya, Slovakiya, Xorvatiya, Şimali Makedoniya, Monteneqro, Rumıniyanın adını çəkmək olar. “Yeni Müsavat” Geri qayıt |