Əsas Səhifə > Güney Press > Həkimsiz və məntəqəsiz kəndlər

Həkimsiz və məntəqəsiz kəndlər


Dünən, 16:54

“Səhiyyə sahəsində kadr çatışmazlığı ilə əlaqədar yeni layihə hazırlanıb”.

Bunu səhiyyə naziri Teymur Musayev parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

O qeyd edib ki, bu təkliflər Tibb Univeristeti və Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna (ADHTİ) yönəlib:

"Bu təhsil müəssisələrində ailə həkimlərinin hazırlığı ilə bağlı təkliflər hazırlanıb. Qeyd olunanlar məsələnin akademik tərəfidir. Sonradan onların sosial təminatı, rayonlara getmələri məsələsi də cəlbedici olmalıdır. Bununla bağlı da addımlar atılacaq".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev isə bildirib ki, Azərbaycandakı 2500-ə yaxın tibb məntəqəsinin 43 faizi xidmətə yararsızdır.

O həmçinin səhiyyə sahəsində kadr çatışmazlığının olduğunu da təsdiqləyib:

"Bilirsiniz ki, Bərdədə ilkin tibbi xidmətlə bağlı pilot layihəyə start verilib. Bu istiqamətdə səy göstəririk. Gələn ilin martında görülən işlərlə əlaqədar məlumat veriləcək".

Qeyd edək ki, hazırda bir sıra bölgələrdə, xüsusilə də kəndlərdə nə həkim məntəqəsi, nə də həkim var. Onu da vurğulayaq ki, ölkədə ən yüksək balla qəbul prosesi məhz Azərbaycan Tibb Universitetinə aparılır. Bu təhsil ocağından məzun olanlar isə əsasən Bakıda çalışmağa üstünlük verirlər.

Maraqlıdır, gənc kadrlar niyə bölgələrdə çalışmaq istəmir?

Məsələ ilə bağlı Azərbaycan Həkimləri İctimai Birliyini üzvü, ADU-nun dosenti, cərrah Ədalət Rüstəm “Cebheinfo.az”-a bildirib ki, hazırda Bakıda həkim çoxluğu var:

“Bölgələrdə həkim çatışmazlığının ilk səbəbi maaş azlığıdır. İcbari tibbi sığortanın da bonusu çox aşağıdır və bu rəqəm 1,10-1,90 manat arasında dəyişir. Ona görə də həkimlərin bir çoxu Bakıda işləməyə çalışır. Bir qrup həkim isə dolanışıq üçün Almaniya, Fransa kimi ölkələrə üz tuturlar. Yəni maaşlar artırılmasa, kimsə 1 200 manata ailə saxlaya bilmir.

Sovet dövründə həkimin maaşı 140 manat idi və bir ailənin dolanışığına kifayət edirdi. Mənim atam 70 manat maaşla 1970-80-ci illərdə 12 nəfərlik ailə saxlayırdı. Maaşla yanaşı təyinat sisteminin tətbiqi ilə bağlı söhbətlər edirlər, Maliyyə Nazirliyi hələ ki, vədlər verir. Çox güman ki, reallaşacaq. Çünki həkim qıtlığının həlli yolu maaşları artırmaq, əlavə stimul verməkdir. Onların bögələrdə kirayə haqqı, nəqliyyatla bağlı ödənişlər edilməlidir. Yəni bunun başqa variantı yoxdur. Bunları müvafiq qurumlar nəzərə almalıdır”.

Onun sözlərinə görə, Bakıda həkimlər arasında işsizlərin sayı çoxdur:

“Bakıda həkimlərin bir qismi icbari sığortanın bonusu, bəzi xəstələrin “hörməti” ilə bağlı dolana bilirlər. Bonuslar 2 ay-5 ay ləngidilir. İndi də işləməyən şəxslər icbari tibbi sığortadan yararlana bilməyəcək. Onun əvəzinə işləməyən şəxslər pullu xidmətə keçəcək. Bu üsul vətəndaşlara yox, tibb işçilərinə sərfəlidir.

Azərbaycanda 3 universitetdə tibbi kadrlar hazırlanır. Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsi, 6 ildən sonra da Qarabağ Universitetinin məzunları olacaq. Azərbaycanın 10 milyonluq əhalisi üçün azdır. Təxminən 1 300 nəfər tibb təhsili alanın 300 nəfərini xaricilər təşkil edir. Azərbaycan Tibb Universitetinin 4 klinikası var. Həmin klinikalar Səhiyyə Nazirliyinə tabedir.

İcbari tibbi sığortadan istifadə edən xəstələr digər xəstəxanalara axışırlar. Ümumiyyətlə, prosesin gedişi müsbətə doğrudur. Bu gün müəllimlərə bölgələrdə tətbiq olunan güzəştlər həkimlərə də tətbiq edilməlidir”.


Geri qayıt