Əsas Səhifə > Güney Press > Zəfər bəyanatına atılmayan imzalar...

Zəfər bəyanatına atılmayan imzalar...


Bu gün, 12:30

Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar.

Bəyanatda deyilir:

“2020-ci il 27 sentyabr tarixində başlayan Azərbaycan xalqının haqq savaşı – Vətən müharibəsi azərbaycanlıların böyüklüyünü, əzmini və qəhrəmanlığını bütün dünyaya göstərdi. Uzun illər düşmən işğalında olan, torpağının üstü də, altı da talan edilən Qarabağ və Şərqi Zəngəzur əraziləri Vətən müharibəsi Zəfəri ilə öz azadlığına qovuşdu.

44 gün ərzində Azərbaycan Ordusunun cəsur döyüşçüləri öz arxalarında Azərbaycan xalqının tükənməz gücünü və birliyini hiss edərək düşməni - Ermənistan ordusunu darmadağın etdi və bununla da Qafqazda uzun illər mövcud olan erməni mifini tarixin zülmətinə göndərdi. Vətən müharibəsində Azərbaycan xalqının və əzəmətli Ordusunun qazandığı Zəfər dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunaraq Azərbaycanın növbəti qələbələrinin açarına çevrildi.

Vətən müharibəsi Zəfərindən sonra Azərbaycan dövlətinin humanist, sülhpərvər və tolerant mövqeyi ilə hələ də Qarabağda yaşayan erməni separatçıları və onları qoruduğunu iddia edən silahlı dəstələrin işğaldan azad edilən ərazilərimizdə quruculuq işləri ilə məşğul olan vətəndaşlarımıza qarşı törətdikləri cinayətlər, eləcə də Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlərin davam etməsi 2023-cü ilin 19 sentyabr tarixində başlanan birgünlük antiterror əməliyyatlarını labüd etdi”.

Bəyanatda milli birlik də xüsusi vurğulanıb: “Dövlətimizin dünya birliyində tutduğu layiqli mövqeyi, Qalib dövlət nüfuzunun qorunması istiqamətində atılan böyük addımları yüksək dəyərləndirərək Vətənimiz naminə daim siyasi milli birliyi dəstəkləyən partiyalar xalqımızı və dünya azərbaycanlılarını Zəfər Gününün beşinci ildönümü münasibətilə təbrik edir və hər kəsi güclü Azərbaycan naminə sarsılmaz və daha möhkəm milli birliyə səsləyir”.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Müsavat başqası İsa Qəmbər bəyanata imza atmayıb, tarixi Zəfərimizin beşinci ildönümü ilə bağlı bəyanata qoşulmayıblar.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, AXCP və Müsavat indiyə kimi heç bir birgə bəyanata qoşulmayıb:

“Siyasi partiyalar 44 günlük Vətən müharibəsindən əvvəl də, müharibənin gedişində və sonrasında da birgə bəyanatlar veriblər. Lakin AXCP və Müsavat Partiyası bu bəyanatların heç birinə qoşulmayıb. Yəni bu, sözügedən partiyaların ilk belə əməli deyil və mən bunu pisləyirəm.

Hesab edirəm ki, siyasi partiyalar Zəfər Günündə, ümumiyyətlə, ölkənin taleyi üçün əhəmiyyətli olan günlər və milli maraqlar tələb edilən anlarda vahid mövqedən çıxış etməlidir. Buna baxmayaraq, AXCP və Müsavat indiyə kimi bu birliyə qoşulmayıb”.

Siyasətçi vurğulayıb ki, müxalifətçilik etmək olar, amma milli-mənafeyə uyğun və dövlətçilik məsələlərində birlik olmaq lazımdır:

“Onlar Azərbaycanın əleyhinə olan qüvvələrin bütün tədbirlərində başda iştirak edirlər. Ancaq ölkə ilə bağlı milli məsələlərdə vahid mövqedən çıxış etmirlər. Belə özəl günlərdə müxalifətçilik etmək doğru deyil. Ona görə də bu addımı yanlış hesab edirəm”.


Geri qayıt