Əsas Səhifə > Güney Press > “Kremlin marionetası “Gunvor”a lisenziya verilməyəcək”

“Kremlin marionetası “Gunvor”a lisenziya verilməyəcək”


Bu gün, 11:13

“Prezident Tramp açıq şəkildə bildirdi ki, müharibə dərhal başa çatmalıdır. Putin mənasız öldürmə şücaətini davam etdirdikcə, Kremlin marionetası “Gunvor” heç vaxt fəaliyyət və ya mənfəət üçün lisenziya almayacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl “Gunvor”un ABŞ-nin sanksiyaya məruz qoyduğu Rusiyanın enerji şirkəti “Lukoil”in xarici aktivlərini almağı planlaşdırdığı barədə xəbərlər yayılıb.
Vaşinqtonun bu elanından dərhal sonra “Gunvor”un “Lukoil”in xarici aktivlərini əldə etmək üçün 22 milyard dollarlıq təklifini geri götürməsi barədə məlumat yayılıb.
“ABŞ Maliyyə Nazirliyinin bəyanatı yalandır. Bundan əlavə, “Gunvor” “Lukoil”in xarici aktivlərini əldə etmək təklifini geri götürüb”, - şirkətin sözçüsü Set Pietras “Politico”ya bildirib.
Məlumat üçün bildirək ki, dünyanın aparıcı enerji ticarət şirkətlərindən biri olan “Gunvor Group” 1997-ci ildə rusiyalı iş adamı Gennadi Timçenko və isveçli sahibkar Torbörn Törnkvist tərəfindən təsis edilib. Şirkət 2000-ci ildən etibarən beynəlxalq enerji bazarlarında aktiv ticarət fəaliyyətinə başlayıb.
2008-ci ildən başlayaraq “Gunvor” bir sıra mühüm investisiya layihələrinə imza atıb. Həmin il şirkət “Petroterminal de Panama”ya sərmayə qoyaraq Sakit və Atlantik okeanları arasında strateji enerji nəqliyyat infrastrukturuna sahib olub. 2009-cu ildə isə Novorossiysk mazut terminalı və Xəzər dənizindəki Laqan yataqlar blokuna sərmayə yatırılıb.
2011-ci ildə şirkət Türkiyənin “Akfel” şirkəti ilə birgə müəssisə yaradaraq enerji ticarəti bazarına daxil olub.
2014-cü ilin martında Rusiyanın Krımı ilhaq etməsindən sonra Qərbin sanksiyalarına məruz qalmaqdan ehtiyat edən Gennadi Timçenko öz payını Torbörn Törnkvistə satıb. Sövdələşmədən bir gün sonra Timçenko ABŞ sanksiyalar siyahısına daxil edilib. Bununla da “Gunvor”un nəzarəti tam şəkildə Torbörn Törnkvistin əlinə keçib. ABŞ Maliyyə Nazirliyi həmin dövrdə iddia edib ki, Rusiya Prezidenti Vladimir Putin “Gunvor” biznesində dolayı paya malikdir, lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.
Hazırda “Gunvor” səhmlərinin təqribən 88%-i Torbörn Törnkvistə, 12%-i isə şirkətin menecmentinə məxsusdur.
“Gunvor” uzun illər Rusiyanın əsas neft istehsalçıları olan “Rosneft”, “Qazprom Neft”, TNK-BP və “Surgutneftegaz” üçün aparıcı treyder kimi çıxış edib.
“Gunvor” fəaliyyəti dövründə bir sıra qalmaqal və tənqidlərlə də üzləşib. 2007-ci ildə rusiyalı politoloq Stanislav Belkovski Vladimir Putinin şirkətdə payı olduğunu iddia etsə də, bu məlumat təsdiqlənməyib.


Geri qayıt