Əsas Səhifə > Güney Press > Dövlətin əsas qanunu: Konstitusiya...

Dövlətin əsas qanunu: Konstitusiya...


Bu gün, 07:51

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 30 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. 1921, 1925 və 1978-ci ildə qəbul edilən hər 3 konstitusiya SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Bunun üçün ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan xüsusi komissiya Konstitusiya layihəsini hazırladı və bu layihə ümumxalq müzakirəsinə çıxarıldı. Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.”
1995-ci il noyabrın 12-də ölkədə keçirilən referendumda müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Azərbaycan Konstitusiyasına əhəmiyyətli dəyişikliklər və əlavələr edilib.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi.
Azərbaycan Prezidentinin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində inamlı Qələbəsi və 2023-cü ilin sentyabr ayının 19-20-də 24 saatdan da az bir müddətdə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu, Konstitusiyada təsbit edilmiş hüquqların işğaldan azad edilmiş bütün torpaqlarımız da daxil olmaqla Azərbaycanın bütün ərazilərində tam şəkildə bərpası üçün real zəmin yarandı. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib.
Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Aparılan islahatlar xalqın dövlətə olan inamını daha da gücləndirib. “Konstitusiya və Suverenlik İli” həm də Azərbaycanın gələcək strateji hədəflərinə yönəlmiş ideoloji xəritənin təqdimidir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt