Əsas Səhifə > Güney Press > Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər niyə toxunulmazdır?
Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər niyə toxunulmazdır?Dünən, 18:00 |
|
Son aylarda həkim səhlənkarlığı səbəbindən xəstələrin ağır vəziyyətə düşməsi və həyatını itirməsi ilə bağlı xəbərlər artmaqdadır. Yanlış diaqnoz, analizlərin düzgün qiymətləndirilməməsi, vaxtında tibbi yardım göstərilməməsi kimi halların faciəvi nəticələr doğurması cəmiyyətdə ciddi narazılıq yaradıb.
Bəs bu halların kökündə nə dayanır? Bəzən xəstənin səhhəti əməliyyata uyğun olmasa da, həkim niyə riskə gedib əməliyyat edir? Azərbaycanda tibbi səhlənkarlığın sübut olunması niyə bu qədər çətindir və bu prosesdə hansı boşluqlar var?
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov Moderator.az-a deyib ki, Azərbaycanda xəstələr hələ də tam müdafiəsiz şəkildədir:
“Bəzən xəstələrə düzgün diaqnoz qoyulmur və onlar həmin diaqnoz əsasında müalicə alırlar. Xəstənin isə diaqnozun doğru olub-olmadığını müəyyən etmək üçün heç bir imkanları yoxdur. Səhiyyə sistemində ciddi boşluqlar var və xəstə bu prosesi tək başına aydınlaşdıra bilmir. Nəticədə bəzən onlarla həkimi dəyişdikdən sonra yalnız təsadüfən düzgün müalicə alan həkimə rast gəlir.
Azərbaycanda həkim xəstə münasibətlərində diaqnozların və müalicələrin dəqiqləşdirilməsi xarici ölkələrdə olduğu kimi sistemli həyata keçirilmir. Xarici ölkələrdə adətən sığorta sistemi mövcuddur və hüquqşünas həkimlər xəstənin hüquqlarını qoruyur, qoyulan diaqnozun və görülən müalicənin düzgünlüyünü yoxlayır. Bizdə isə belə mexanizmlər yoxdur. Bəzi xəstəliklər isə yalnız xəstə vəziyyəti ağırlaşdıqdan sonra müəyyənləşir.
Təəssüf ki, bəzi hallarda xəstəxanalar xəstəni ölüm təhlükəsi yaxınlaşdıqda evə göndərir və sonrakı mərhələdə ölüm rəsmi sənədlərdə müalicənin nəticəsi kimi qeydə alınır. Bu da xəstələrin ölüm səbəblərinin aydınlaşdırılmamasına gətirib çıxarır".
Ekspert qeyd edib ki, xəstə yarılanda və ya ölüm aşkarlandıqda, diaqnozların dəqiqləşdirilməsi həkimlərin təcrübəsinin artırılması və tibbi səhvlərin müəyyənləşdirilməsi üçün vacibdir:
”Sovet dövründə xəstəxanalarda ölən xəstələr yarılırdı və bütün həkimlər bu prosesi müzakirə edirdi, nəticədə səhvlər aşkar olunur və tibbi təcrübə inkişaf edirdi. Bu gün isə Azərbaycanda belə sistem yoxdur; xəstələr ölüm ayağında evə göndərilir, səbəblər qeydə alınmır, həkimlər isə məsuliyyətdən azaddır. Əslində bu, yalnız dini və ya digər proseduralardan asılı deyil, sistematik bir problemdir.
Xəstələr də çox vaxt şikayət etmir, şikayət olsa da, nəticə olmur. Ölkədə həkim-xəstə münasibətlərində ciddi boşluqlar yaradır və sistem xəstəni qorumaq üçün yetərsizdir”.
Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib ki, pasientin hüquqları pozulduqda, o, tibb müəssisəsinin müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına, hüquq-mühafizə orqanlarına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Onun sözlərinə görə, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 57-ci maddəsində vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi ilə bağlı norma müəyyən edilib:
“Bu normaya əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.
Həmçinin Mülki Məcəllənin 1112-ci maddəsi tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsini tənzimləyir. Belə ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Ancaq zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
Ancaq vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Yəni hüquq mühafizə orqanlarının araşdırması nəticəsində həkimin əməlində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hüquqazidd əməl - qanunsuz süni mayalanma , İnsan orqanlarının qanunsuz transplantasiyası, qanunsuz abort etmə, Xəstəyə kömək göstərməmə, səhlənkarlıq və s. əməllər müəyyən edilərsə, bu halda müvafiq qaydada cinayət məsuliyyətinə cəlb edilərək, həmin əmələ görə müəyyən edilmiş sanksiya həddində cəzalandrıla bilərlər”.
Vəkil sözərinə davam edərək qeyd edib ki, xəstənin ölümü ilə nəticələnən hadisə baş veribsə, bu halda fakt üzrə Cinayət Məcəlləsinin 314.2-ci maddəsi cinayət işi başlanılır:
“İş üzrə təyin edilmiş müvafiq ekspertizalar və digər prosessual hərəkətlər nəticəsində ölümə səhlənlarlığın səbəb olduğu müəyyən edilərsə, bu əmələ yol vermiş şəxs və ya şəxslər məsuliyyətə cəlb edilə bilər. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yaxud da qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma Cm-nin 142.1-ci maddəsinə əsasən min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Geri qayıt |