|
Sentyabr ayında turizm məqsədilə Azərbaycana 3 min 93 nəfər birgünlük ziyarətçi səfər edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, birgünlük ziyarətçilərin təxminən 1/3-i Rusiyadan (1 015 nəfər) gəlib. Sentyabr ayında Türkiyədən 630, Gürcüstandan 210, İrandan isə 111 nəfər Azərbaycana birgünlük ziyarətə gəlib. Qeyd edək ki, ziyarətçilərin 70 faizi kişi, 30 faizi isə qadın olub. Kişi turistlərin payı Türkiyədən gələnlər arasında daha yüksək – 76,3 faiz təşkil edib. İrandan gələnlərin 74,8 faizi, Rusiyadan gələnlərin isə 72,6 faizi kişi olub. Səfər edənlər əsasən tranzit məqsədilə Azərbaycana gəlib. Birgünlük ziyarətçilərin 85%-i və ya 2 min 624 nəfəri tranzit məqsədilə ölkəyə səfər edib. Bundan əlavə, 208 nəfər istirahət və əyləncə üçün, 114 nəfər işgüzar səfərə, 126 nəfər isə qohum və dostlara baş çəkməyə gəlib. Az sayda ziyarətçi (12 nəfər) mağazalara baş çəkmək məqsədilə səfər edib. Birgünlük turistlərin ümumi xərcləri 1 milyon 306,6 min manat təşkil edib. Ən çox vəsait nəqliyyata (1 milyon 32 min manat) və alış-verişə (181,7 min manat) xərclənib. Ən çox xərcləyənlər rusiyalı turistlər olub – onların ümumi xərcləri 456,8 min manat təşkil edib. Türkiyədən gələnlər 167,6 min manat, Gürcüstandan gələnlər 71,8 min manat, İrandan gələnlər isə 43,9 min manat xərcləyiblər. Birgünlük ziyarətçilərin Azərbaycandakı qidalanma xərcləri 88,4 min manat olub. Adambaşına düşən qidalanma xərcləri rusiyalı turistlərdə 23,5 manat, türkiyəli turistlərdə 23,8 manat, gürcüstanlı turistlərdə 36,7 manat, iranlı turistlərdə isə 25,2 manat təşkil edib.
Geri qayıt
|