Əsas Səhifə > Güney Press > Azərbaycan mis tullantılarını Türkiyəyə 7 000, Gürcüstan isə 8 400 dollara satıb

Azərbaycan mis tullantılarını Türkiyəyə 7 000, Gürcüstan isə 8 400 dollara satıb


Bu gün, 11:50

Dünya bazarlarında mis qiymətləri son illərin ən yüksək səviyyəsinə yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, London Metal Birjasında (LME) üç aylıq mis fyuçerslərinin qiyməti oktyabrın 29-da keçirilən ticarət zamanı hər ton üçün 11 min 146 dollara çataraq, ötən ilin mayında qeydə alınan rekord göstəricini geridə qoyub.
Bu, illik müqayisədə təxminən 17% artım deməkdir. Nyu-York Ticarət Birjasının (Comex) məlumatına görə, mis fyuçerslərinin qiyməti 19% artaraq ton üçün 11 min 464 dollara çatıb.
Analitiklərin fikrincə, misin bahalaşması bu dəfə ənənəvi olaraq iqtisadi artım və istehsal canlanması ilə deyil, əsas mədənlərdə baş verən qəzalara görə təklifin azalması ilə əlaqədardır. Dünyanın aparıcı mis hasilatçısı olan Çili, Konqo və Peru ölkələrində bir neçə iri müəssisədə istehsal dayanıb. Məsələn, Çilidə “El Teniente”, Konqoda “Kamoa”, İndoneziyada “Qrasberq” mədənlərində qəza, Peruda isə “Konstansiya” mədəni tətillər səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb.
Bu ölkələr birlikdə qlobal mis istehsalının təxminən yarısını təmin edir. Təklifin azalması fonunda qiymətlərin yüksəlməsi qaçılmaz olub. Eyni zamanda, yaşıl enerji və elektromobil sənayesinin inkişafı misə olan tələbatı artırıb. Elektrik avtomobilləri, günəş panelləri və süni intellekt texnologiyaları bu metalı əsas xammala çevirib.
Ekspertlər bildirirlər ki, qiymət artımına təsir edən digər amil ABŞ və Çin arasında ticarət münasibətlərindəki gərginliyin yumşalması ilə bağlı ümidlərdir. İki ölkə arasında aparılan danışıqlarda tarif mübahisələrinin həlli istiqamətində müəyyən irəliləyiş əldə olunub. ABŞ Prezidenti Donald Trampın Çin mallarına tətbiq etdiyi yüksək tarifləri azaltmaq ehtimalı bazarlarda nikbinlik yaradıb. Lakin analitiklər qeyd edirlər ki, Trampın siyasəti qeyri-sabit olduğundan, bu razılaşmaların real nəticəyə çevrilməsi hələ sual altındadır.
Mis qiymətlərinin artmasında investorların davranışı da mühüm rol oynayıb. Qızıl və gümüş kimi ənənəvi investisiya metalları artıq bahalaşdığından, bir çox investorlar diqqəti mis bazarına yönəldiblər.
ABŞ Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, keçən il Çili 5,3 milyon ton mis hasil edərək lider olub. Ardınca Konqo (3,3 milyon ton), Peru (2,6 milyon ton), Çin (1,8 milyon ton) və Rusiya (0,93 milyon ton) gəlir.
Analitiklərin fikrincə, mövcud vəziyyət nəticəsində bu il 100-300 min tonluq mis qıtlığı yarana bilər. İlin sonuna qədər qiymətlərin ton üçün 10 500–11 000 dollar aralığında qalacağı proqnozlaşdırılır. Ekspertlərin ümumi qənaətinə görə, qlobal enerji keçidi, elektronika və süni intellekt sənayelərinin inkişafı misə olan tələbi artırmağa davam edəcək. Bu isə o deməkdir ki, mis bazarındakı gərginlik və qiymət dalğalanmaları yaxın illərdə də gündəmdə qalacaq.
Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində Azərbaycanda 2 min 766,6 ton mis konsentratı istehsal edilib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 dəfə çox olub. Eyni zamanda bu ilin ilk 8 ayında Azərbaycan 3 ölkəyə – Gürcüstana, Özbəkistana və İsveçrəyə 13 min 351,4 ton mis filizləri və konsentratları ixrac edib. İxrac olunan mis filizləri və konsentratlarının bir tonunun orta gömrük dəyəri 1 816 dollar (3 087 manat) olub. Azərbaycan mis filizləri və konsentratlarının 11 min 684,8 tonunu Gürcüstana (bir tonu 1 770 dollar), 845 tonunu Özbəkistana (bir tonu 1 030 dollar), 821,5 tonunu isə İsveçrəyə (bir tonu 3 293 dollar) satıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mis filizləri və konsentratlarının ixracı 18,3 dəfə artıb. Belə ki, ötən il Azərbaycan yalnız İsveçrəyə 729,8 ton mis filizləri və konsentratları (bir tonu 2 017 dollar) ixrac edib.
Bu ilin ilk 8 ayında Azərbaycan Türkiyəyə 1032 ton (bir tonu 9 475 dollar) saflaşdırılmış misdən katodlar və katod biçmələri, 10 ton (bir tonu 7 000 dollar) mis tullantıları və qırıntıları, 215 ton (bir tonu 9 032 dollar) mis ərintilərindən məftillər ixrac edib.
Onu da bildirək ki, Gürcüstan mis tullantıları və qırıntılarını Türkiyəyə 8 400 dollara satıb.


Geri qayıt