Əsas Səhifə > Güney Press > Pezeşkiandan Xankəndi açıqlaması,

Pezeşkiandan Xankəndi açıqlaması,


Bu gün, 10:49

İran Prezidenti Məsud Pezeşkian İƏT üzv ölkələri arasında əməkdaşlığın dərinləşməsində Azərbaycanın mühüm rolunu qeyd edib.

Məlumdur ki, ötən il Pezeşkian ölkə konstitusiyasında qeyri-fars dillərinin tədrisi ilə bağlı konstitusiyanın 15-ci maddəsinin həyata keçirilməsi istiqamətində ilk addımı atıb, “15-ci prinsip komitəsi” yaradılıb və Cavad Miri komitənin rəhbəri təyin edilib. 15-ci maddənin necə və hansı səviyyədə icra olunacağı barədə geniş açıqlama verilməsə də, Pezeşkiana yaxın dairələr yeni təhsil ilindən türklər yaşayan bir sıra bölgələrdə sınaq üçün ana dilində təhsilin ilk mərhələsinin başlanılmasının nəzərdə tutulduğunu bildiriblər.

Hazırda bu sahədə vəziyyət necədir, irəliləyiş varmı?

Onu da xatırladaq ki, 2009-2013-cü illər arasında İranın təhsil naziri olmuş Həmid Rza Hacıbabayi ölkədə məktəb şagirdlərinin 70 faizinin ana dilinin fars olmadığını deyib.

Güneyli yazıçı-publisist Sayman Aruz mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, Cənubi Azərbaycan milli hərəkatı və Cənubi Azərbaycanın taleyi ilə maraqlanan insanların zehnində bu məsələ daim cərəyan edir: “Əslində bu sualın cavabı çox sadədir. Belə demək olar ki, İranın son yüz ildə, yəni 1925-ci ildən bu tərəfə apardığı daxili və xarici siyasəti əsas götürsək, görərik ki, hələ də orada panfarsist təfəkkür kifayət qədər güclüdür və bu ideologiya həm İran daxilində, həm də beynəlxalq çevrədə özünə dəstək toplaya bilib. Bu, bir reallıqdır və xalqımızın mübarizəsi, mücadiləsi nə qədər bu xurafat və faşizm dolu, şovinist düşüncəli divarları sarsıtmağa çalışsa da, həqiqət budur ki, beynəlxalq siyasətdə panfarsist təfəkkürün arxasında dayanan qüvvələrin dəstəyi açıq-aşkar görünür.

2020-ci ildən bu yana Azərbaycan Respublikasının qazandığı beynəlxalq qələbələr həm ölkə daxilində, həm də dünya azərbaycanlıları arasında, eləcə də beynəlxalq çevrədə və Türk dünyası daxilində kifayət qədər güc və baza toplaya bilib. Azərbaycan artıq regionda özünü mərkəzə çevirməyi bacarıb. Bu səbəbdən Cənubi Azərbaycanda və ümumiyyətlə, İranda da vəziyyət müəyyən qədər xalqımızın xeyrinə dəyişib. Elə Pezeşkianın prezident seçilməsi də, mənim fikrimcə, təkcə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın dirənişinin nəticəsi deyil, həm də Türk dünyasının və Azərbaycan Respublikasının qazandığı qələbələrin məhsuludur.

Pezeşkian son illərdə kifayət qədər xoşməramlı bəyanatlar səsləndirib: Şəhriyarın şeirlərini dilə gətirməsi, Azərbaycan dili və mədəniyyəti ilə bağlı vədlər verməsi, Urmiya gölünün bərpasına dair çıxışları, Türk dünyası ilə əməkdaşlığın genişləndirilməsi kimi fikirlər onun siyasətində yer alıb. Bu gün Azərbaycan Respublikası ilə İranda mövcud hakimiyyət arasında münasibət kifayət qədər normallaşıb və bunun əsas səbəblərindən biri də məhz Pezeşkianın prezident seçilməsidir".

Lakin Sayman Aruz qeyd edir ki, verilən vədlərin bir çoxu İranda ciddi müqavimətlə qarşılanıb: “Hətta deyərdim, ana dili ilə bağlı qanun layihəsi İran parlamenti tərəfindən qəbul edilmədi və dövlətin təqdim etdiyi 15-ci maddə ilə bağlı layihə geri qaytarıldı. Bununla bağlı Təbriz millət vəkilləri, yəni Azərbaycan kökənli deputatlar dəfələrlə çıxışlar ediblər. Onların bu yolda çəkdikləri çətinlikləri və gördükləri cəfaları bəzən öz dilləri ilə, videolar vasitəsilə də ifadə ediblər. Təəssüf hissi ilə qeyd etməliyik ki, bu faktlar bir daha sübut edir: İrandakı mövcud hakimiyyət Azərbaycan xalqı və onun milli maraqları ilə barışmaq istəmir. Əksinə, hər dəfə öz şovinist divarlarını ucaldaraq bu siyasəti qorumağa çalışır.

Eyni vəziyyət Urmiya gölü ilə bağlı verilən vədlərdə də müşahidə olunur. Bu gün Urmiya gölü demək olar ki, tamamilə quruyub. Orada bir damcı belə su qalmayıb. Pezeşkianın prezident seçilməsindən bəri bu istiqamətdə heç bir ciddi addım atılmayıb. Yəni sədlərin qarşısı açılmayıb, Urmiya gölünə su payı verilməyib və bu məsələ də rejim daxilində müqavimətlə qarşılanıb. Nəticədə Urmiya gölünün bərpası həyata keçirilməyib.

Eyni zamanda mənim fikrimcə, Türk dünyası ilə bağlı dialoqlar da çox çəkməz ki, eyni taleyi yaşasın. Çünki İrandakı fars rejimi dialoq üzərində qurulmayıb. Onların müəyyən ideologiyaları var və bu ideoloji sistem vasitəsilə idarə olunurlar. Əgər o ideologiya olmasa, İran rejimi dağılacaq. Həmin ideologiya isə birinci növbədə, antitürk təfəkkürü üzərində qurulub. Buna görə də aparılan bütün xoşməramlı, sülh və əməkdaşlıq layihələri, səsləndirilən bəyanatlar nəticəsiz qalır. Mən hesab edirəm ki, nə ana dili ilə bağlı təşəbbüslər, nə də Türk dünyası ilə əməkdaşlıq uzunmüddətli və səmərəli nəticə verəcək. Çünki İranın panfarsist təfəkkürü daim buna qarşı çıxacaq. Gələcəkdə əgər bu siyasət indiki formada davam edərsə, İranla bağlı hər hansı hərbi və yaxud beynəlxalq müdaxilə də mümkündür.

İran tarixən inqilablar və müharibələrlə idarə olunan bir dövlətdir. Son yüz ilə baxanda görürük ki, İranda hakimiyyətlər ya müharibələr, ya çevrilişlər, ya da inqilablar nəticəsində dəyişib. Heç vaxt İranda islahat yolu ilə hakimiyyət dəyişməyib. Ona görə də indiki vəziyyətdə İranda islahat yolu ilə dəyişiklik olacağına inanmıram. Hakimiyyətin dəyişməsi və xalqın maraqlarının təmin edilməsi üçün yalnız bir yol var - panfarsist təfəkkürün kökündən aradan qaldırılması. Əks halda, bu rejim istər-istəməz ya ölkəni parçalanmağa doğru aparacaq, ya da İranda yeni türk hakimiyyətinin bərpası ilə nəticələnəcək. Bu halda ölkədəki bütün etniklərin haqları, milli hüquqları təmin oluna bilər. Başqa çıxış yolu yoxdur".

“Yeni Müsavat”


Geri qayıt