Əsas Səhifə > Güney Press > Elm və Təhsil Nazirliyinin mətbu orqanı borca düşüb

Elm və Təhsil Nazirliyinin mətbu orqanı borca düşüb


Bu gün, 11:35

Elm və Təhsil Nazirliyinin mətbuat orqanı olan “Azərbaycan müəllimi” qəzeti borca düşüb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, nazirliyin mətbu orqanının dövlət qarşısında vergi borcunun yarandığı üzə çıxıb.

Məlumata görə, qəzetin hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 12 175.63 manat vergi borcu mövcuddur.

Qeyd edək ki, “Azərbaycan Müəllimi” qəzeti Elm və Təhsil Nazirliyinin mətbuat orqanıdır və 1934-cü ildən fəaliyyət göstərir. Qəzet gəlirinin bir hissəsini nazirliyin idarə və müəssisələrinin abunə yazılışından əldə edir. Cari ilin hazırkı dövrünə qədər “Azərbaycan Müəllimi” qəzeti ilə nazirliyin aşağıdakı idarə və müəssisələri müəyyən vəsait müqabilində müqavilələr bağlayıblar:

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə qəzet arasında press-relizlərin yerləşdirilməsi xidmətinin satın alınması ilə bağlı 3 600 manat dəyərində müqavilə bağlanılıb. Naxçıvan Dövlət Universiteti ilə redaksiya arasında bağlanılmış müqaviləyə əsasən, qəzet ali məktəbin press-relizlərini 4 000 manata dərc edəcək. Həmçinin Mingəçevir Dövlət Universiteti isə qəzetlə yazılı vә auidiovizual media dəstəyi xidmətinin göstərilməsi ilə bağlı 1500 manat dəyərində müqavilə bağlayıb.

Eyni zamanda bu il abunə yazılışı ilə bağlı isə Dağlıq Şirvan Regional Təhsil İdarəsi 50 000 manat, Quba-Xaçmaz Rayon Təhsil Şöbəsi 51 960 manat, Qarabağ Regional Təhsil İdarəsi 59 800 manat, Mil-Muğan Rayon Təhsil Şöbəsi 55 000 manat, Mərkəzi Aran Regional Təhsil İdarəsi 65 000 manat “Azərbaycan Müəllimi” qəzetinə ödəniş edib.

Ötən il isə “Azərbaycan Müəllimi” qəzetinin satın alınması ilə bağlı ən yüksək məbləğdə müqavilə bağlayan qurum Bakı Şəhəri üzrə Təhsil İdarəsi olub. Belə ki, İdarə ilə qəzetin redaksiya arasında bağlanılmış müqavilənin dəyəri 300 000 manat təşkil edib.

Elm və Təhsil Nazirliyinin mətbu orqanı borca düşüb

Geri qayıt