Əsas Səhifə > Güney Press > Operativ Qərargah 1,9 ildir koronaviruslu xəstələri “UNUDUB”
Operativ Qərargah 1,9 ildir koronaviruslu xəstələri “UNUDUB”Dünən, 16:45 |
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2026-cı il yanvarın 1-dək veriləcək. Əvvəl bu müddət 2025-ci il oktyabrın 1-dək müəyyən edilmişdi. Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində iş vaxtına mütənasib olaraq ödənilir. Koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılması o deməkdir ki, ölkədə koronavirusa yoluxmuş xəstələr də var. Hazırda nə qədər koronavirusa yoluxmuş xəstə var və yeni qərar nə qədər tibb işçisini əhatə edir? Məsələ ilə bağlı TƏBİB-dən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, koronavirus xəstələrinin sayını Nazirlər Kabinetinin yanında Operativ Qərargah aylıq olaraq açıqlayır: “Qərarı Nazirlər Kabineti verir, sorğunu aiddiyyəti üzrə Nazirlər Kabinetinə ünvanlaya bilərsiniz”. Amma maraqlıdır ki, koronavirusa yoluxan şəxslərlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah ən son rəsmi statistikanı 02.02. 2024-cü ildə açıqlayıb. Məlumatda göstərilir ki, 31.12.2023-31.01.2024-cü ildə yeni yoluxanların sayı 325, yeni sağalanların sayı 217, ay ərzində test sayı 14.333, ay ərzində ölüm sayı 21 nəfər olub. Yəni bu barədə 1 il 9 aydır ki, rəsmi statistika yoxdur. Əgər koronavirusa yoluxanlarla bağlı rəsmi statistika yoxdursa, demək, bu virusa yoluxma kütləvi deyil. O zaman COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddətinin uzadılmasına olan ehtiyac nədən qaynaqlanıb? Geri qayıt |