Əsas Səhifə > Güney Press > Aİ Şurası Rusiya qazından mərhələli imtinanı təsdiqləyir
Aİ Şurası Rusiya qazından mərhələli imtinanı təsdiqləyirDünən, 11:34 |
Avropa İttifaqının (Aİ) Şurası oktyabrın 20-də Rusiya qazından mərhələli şəkildə imtina təşəbbüsünü təsdiqləyib. Avropa Parlamenti də sənədi təsdiqləsə, Aİ 2028-ci il yanvarın 1-dək Rusiyadan qaz tədarükünü tamamilə dayandıracaq. Qadağa həm boru kəməri ilə nəql edilən, həm də mayeləşdirilmiş qaz tədarükünə aid olacaq və 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Qüvvədə olan müqavilələr üçün keçid dövrü müəyyən edilib, bu müddətdə Rusiya qazı Avropaya tədarük oluna bilər. Qısa müddətli müqavilələr üçün keçid dövrü 2026-cı il iyunun 17-dək qüvvədə olacaq, uzunmüddətli müqavilələr üçün 2028-ci il yanvarın 1-də bitəcək. Qadağa xüsusi hallarda, məsələn Aİ-yə digər mənbələrdən qaz tədarükünə təhlükə yaranarsa, müvəqqəti dayandırıla bilər. Macarıstan və Slovakiya tam qadağaya qarşı çıxıblar. Amma qərarın qəbulu üçün yekdillik tələb olunmayıb. Moskva 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma başlayandan Aİ Rusiya qazından asılılığını əhəmiyyətli şəkildə azaldıb. Əksər Aİ ölkələri artıq Rusiyadan qaz idxalını dayandırıb. Bəzi ölkələr hələ də “Türk axını” boru kəməri və ya mayeləşdirilmiş qaz vasitəsilə qaz alır, lakin bu tədarükün payı davamlı azalmaqdadır. Rusiya qazının yerini ABŞ, Qatar, Norveç, Azərbaycan və digər ölkələrin yanacağı tutur. ABŞ isə Aİ-nin Rusiyadan qaz idxalından imtinasını tələb edir, bunu Rusiya əleyhinə Amerika sanksiyalarının sərtləşdirilməsi üçün şərtlərdən biri sayır. Gununsesi.info Geri qayıt |