Əsas Səhifə > Güney Press > Müştərini aldadan zərgər məhkəmə zalından həbs olundu

Müştərini aldadan zərgər məhkəmə zalından həbs olundu


Bu gün, 09:59

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən M.M.-nin (adı, soyadı şərtidir) barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına görə, M.M. tanışı olan zərərçəkmiş P.P.-nin (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək onu aldatmaq yolu ilə 2023-cü ilin mart ayının əvvəllərindən həmin ilin iyul ayının sonlarınadək Bakı şəhəri, Nəsimi rayonu, “Moskva” ticarət mərkəzinin yanında yerləşən, özünün zərgər kimi fəaliyyət göstərdiyi mağazada dələduzluq əməli törədib.

Belə ki, o, zərərçəkmişə məxsus qızıl-zinət əşyalarını əridib əvəzində yeni model qızıl-zinət əşyaları hazırlayacağına dair yalan vədlər verərək onun etibarını qazanıb. Lakin bu məqsədlə hərəkət edən şəxs reallıqda həmin vədləri yerinə yetirməyib və P.P.-nin əmlakını ələ keçirib.

İstintaqla müəyyən edilib ki, həmin şəxs ümumilikdə 40 125 manat dəyərində müxtəlif növ qızıl-zinət əşyalarını və əlavə olaraq bu əşyaların hazırlanmasında istifadə ediləcəyi adı ilə 2 min 500 manat nağd pulu ələ keçirib. Nəticədə zərərçəkmişə ümumilikdə 42 625 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurulub.

Faktla bağlı toplanmış sübutlar əsasında şəxsə qarşı etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə — dələduzluqda ittiham irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib və M.M. məhkəmə iclas zalından həbsə alınıb.


Geri qayıt