Əsas Səhifə > Güney Press > Azərbaycanlı alim Ankarada “Türk dünyasında yeniləşmək-cədidçilik fəlsəfəsinin iki məktəbi: hüseynzadəçilik və qaspıraçılıq” mövzusunda məruzə edib
Azərbaycanlı alim Ankarada “Türk dünyasında yeniləşmək-cədidçilik fəlsəfəsinin iki məktəbi: hüseynzadəçilik və qaspıraçılıq” mövzusunda məruzə edibBu gün, 08:26 |
20-21 oktyabr tarixlərində Türkiyənin Ankara Hacı Bayram Vəli Universitetində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY, Ankara Hacı Bayram Vəli Universiteti və Özbəkistan Respublikasının Ankaradakı səfirliyinin birgə təşkilatçılığı ilə Türküstan Cədidçilik hərəkatının öncüsü Mahmudxoca Behbudinin anadan olmasının 150 illiyi münasibətilə “Mahmudxoca Behbudi və Türküstan Cədidçilik Hərəkatı” mövzusunda beynəlxalq elmi konfrans həyata keçirilib. Beynəlxalq tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, Özbəkistan Respublikasının Ankaradakı səfiri İlham Heydərov, Qazaxıstan Respublikasının Ankaradakı səfiri Yerkebulan Sapiyev, eyni zamanda Özbəkistan , Azərbaycan, Türkmənistan və digər Türk dövlətlərindən gəlmiş elm adamları, alimlər iştirak ediblər. Həmin beynəlxalq elmi konfransa dəvət alan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Türk dünyasında yeniləşmək-cədidçilik fəlsəfəsinin iki məktəbi: hüseynzadəçilik və qaspıraçılıq” mövzusunda məruzə edib. O bildirib ki, yeni dövrdə Türk xalqlarında başlayan yeniləşmək-cədidçilik hərəkatı təsadüfi olmayıb, son əsrlərdə Türk dövlətlərinin tənəzzülü ilə bağlı olmuşdur. Bu tənəzzülün, gəriləmənin qarşısını almaq üçün Azərbaycanda Əli bəy Hüseynzadənin başlatdığı yeniləşməyin əsasında türkçülük, islamçılıq və müasirləşmək formulu dayanmışdır. Hüseynzadə Osmanlının Tənzimatından, Həsən bəy Zərdabinin “Əkinçi”, Ünsizadə qardaşlarının “Ziayi-Qafqaziyə”, “Kəşkül” qəzetlərindən, ana babaları olmuş Qafqaz şeyxülislamları Məhəmmədəli Hüseynzadə, Əhməd Hüseynzadədən yola çıxaraq çağdaş ruhlu türkçülük məktəbinin əsasını qoymuşdur. Hüseynzadəçilik məktəbinin əsas kitabı isə “Türklər kimdir və kimlərdən ibarətdir” əsəridir. Azərbaycanlı alimə görə, İsmayıl bəy Qaspıralı tərəfindən ortaya qoyulan qaspıralıçılıq məktəbinin əsasını bir tərəfdən Azərbaycanda başlayan maarifçilik hərəkatı, digər tərəfdən “Tərcüman” qəzeti təşkil edib. Onun fikrincə, qaspıralıçılığın mahiyyəti isə “dildə, fikirdə və işdə birlik” formulunda öz əksini tapıb. Beləliklə, Türk xalqları 20-ci əsrdə iki məktəb əsasında yenidən dirilişə, oyanmağa çalışmış, bu gün də həmin ideyalar öz aktuallığını qoruyub saxlayır. Geri qayıt |