Əsas Səhifə > Güney Press > Məktəbdə oxuyan qızların ailəsinə pul verilsin

Məktəbdə oxuyan qızların ailəsinə pul verilsin


Bu gün, 15:32

Erkən nikah hələ də cəmiyyətdə ciddi problem olaraq qalır.

Qanunvericilik bu halların qarşısını almaq üçün müəyyən qaydalar müəyyən edib, lakin buna baxmayaraq, demək olar ki, hər gün ölkənin müxtəlif bölgələrindən gənc qızların hələ yetkin yaşa çatmamış evləndirilyi xəbərləri yayılır.

Qanuna görə, 16 yaşına çatmayan şəxslərlə hər hansı könüllü cinsi münasibət cinayət hesab olunur, nikah yaşı isə əsasən 18 olaraq müəyyən edilib. Lakin bəziləri qanunun 16 yaş limitini belə başa düşür ki, bu yaşdan sonra cinsi münasibət mümkündür və nəticədə erkən nikahlar “qanuni boşluq” kimi qəbul oluna bilər.

Mövcud qanunvericilik erkən nikahların qarşısını almaqda nə dərəcədə təsirlidir?

Bu sahədə hansı boşluqlar mövcuddur?

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, hüquqşünas Roman Qaraşov bildirib ki, son illər Azərbaycanda erkən nikahların qarşısını almaq üçün hüquqi baza xeyli sərtləşib:

“Nikah yaşı qanunla 18 olaraq müəyyən edilib və əvvəllər mövcud olan “bir il azaldılma” istisnası artıq tamamilə ləğv olunub. Bununla yanaşı, 16 yaşına çatmayan şəxslə hər hansı cinsi münasibət – istər könüllü, istər razılıqla olsun – Cinayət Məcəlləsinə görə cinayət əməlidir. Təəssüf ki, bu norma bəzən yanlış şərh olunur və guya 16 yaşdan sonra münasibətlərin “qanuni” olduğu düşünülür.

Mən bu yanaşmanı təhlükəli hesab edirəm. Hüquq yalnız bioloji deyil, sosial yetkinliyi nəzərə almalıdır. Həyat təcrübəsi, psixoloji hazırlıq və sosial mühitin təzyiqi olmadan uşaq heç bir halda evlilik qərarı verə bilməz.

Təcrübədə biz hələ də “dini nikah” adı ilə gizli şəkildə həyata keçirilən evliliklərin şahidi oluruq. Mənim müşahidəmə görə, erkən nikahların çoxu məhz qeyri-rəsmi və nəzarətsiz birliklər formasında baş verir. Buna görə də artıq təkcə cəza deyil, profilaktika və erkən xəbərdarlıq sistemi lazımdır”.

Onun sözlərinə görə, Azərbaycanda da təhsildə davamiyyətlə bağlı sosial müavinət mexanizmi yaradılmalıdır:

“Mən konkret təklif verirəm ki, məktəblər, sosial xidmət orqanları və hüquq-mühafizə strukturları arasında vahid məlumat bazası qurulmalıdır. Əgər bir qız uşağı təhsildən çıxırsa, dərhal sosial xidmət bu barədə xəbərdar olmalı və ailə ilə işləməlidir.

Təhsildən kənarda qalan hər bir qız potensial risk daşıyır. Təhsil uşağı nikahdan qoruyan ən güclü vasitədir. Gürcüstanda kənd qızlarına təhsil monitorinqi sistemi tətbiq edildikdən sonra erkən nikah halları yarıbayarı azalıb. Banqladeşdə “Kishori Abhijan” proqramı sayəsində məktəbdə qalan qızlara sosial ödənişlər verilir, nəticədə risk 20 faiz azalıb.

Mərakeşdə dövlət qızların məktəbə gediş-gəliş xərclərini qarşıladığı üçün erkən evliliklərdə 30% azalma müşahidə olunub. Bütün bunlar göstərir ki, ailələr cəza ilə yox, dəstək və stimullaşdırma ilə dəyişir. Azərbaycanda da mən hesab edirəm ki, təhsildə davamiyyətlə bağlı sosial müavinət mexanizmi yaradılmalıdır, yəni qız məktəbdə qalırsa, ailə də dəstək alır. Bu, həm sosial ədalət, həm də real profilaktikadır”.

O əlavə edib ki, erkən nikahların arxasında bəzən kasıblıqdan çox stereotiplər dayanır. ““Qız uzun qalarsa, ailənin adı çıxar” düşüncəsi bəzi bölgələrdə hələ də güclüdür. Mənim fikrimcə, qanun bu düşüncəni dəyişə bilməz, dəyəri ancaq maarifləndirmə dəyişə bilər. Bu gün uşaqlar təkcə ailə təzyiqinə yox, həm də onlayn manipulyasiyaya məruz qalırlar. Sosial şəbəkələrdə “gizli evlilik” kimi çağırışlar artıq real təhlükədir.

Uşaqlar bilməlidirlər ki, onlayn münasibətlər də zorakılıq forması daşıya bilər. Mən erkən nikahla bağlı cinayət işlərinin artmasını müsbət statistika kimi görmürəm. Bu, problemin azaldığı deyil, səssiz qaldığı mənasına gəlir. Dünyanın bir çox ölkəsində, məsələn, İspaniya, Kanada və Niderlandda bu hallar yalnız cəza ilə deyil, qoruma və reabilitasiya sistemi ilə idarə olunur”.

Hüquqşunas məsələnin həlli üçün bir neçə təklif irəli sürüb:

““Milli Erkən Nikahlarla Mübarizə Strategiyası qəbul edilməlidir, bu, 2025–2030 dövrünü əhatə edən, hüquq, təhsil, sosial rifah və media istiqamətlərini birləşdirən sənəd ola bilər. Ailə və Uşaq Monitorinq Sisteminə görə, təhsildən yayınan hər bir qız uşağı avtomatik sosial xidmətin qeydiyyatına düşməlidir. Rəqəmsal təhlükəsizlik proqramına əsasən məktəblərdə və valideynlər üçün rəqəmsal təzyiqin tanınması üzrə maarifləndirici tədbirlər görülməlidir.

Sosial stimullaşdırma ilə kəndlərdə qız uşaqlarının təhsildə davamiyyətinə görə ailələrə “davamiyyət mükafatı”na oxşar stimullaşdırıcı sosial dəstək edilməlidir. Mən hesab edirəm ki, uşaq hüquqları yalnız kağız üzərində qorunmamalıdır. Qız uşağının məktəbdə qalması, ailə tərəfindən qorunması, dövlət tərəfindən dəstəklənməsi onun ən fundamental insan hüququdur. Uşağın uşaqlığı onun hüququdur. Onu ondan almaq cəmiyyətin öz gələcəyini məhv etməsi deməkdir”.


Geri qayıt