Əsas Səhifə > Güney Press / Ana xəbər > Lerikdə müəllim direktor tərəfindən döyüldüyünü iddia edir

Lerikdə müəllim direktor tərəfindən döyüldüyünü iddia edir


Bu gün, 09:48

Lerik rayonunun Züvüc kəndində müəllimlə məktəb direktoru arasında insident baş verib.

"DİA-AZ" Teleqraf-a istinadla xəbər verir ki, İbtidai sinif müəllimi Qalib Xosuyev məktəb direktoru Sahil Ağayev tərəfindən döyüldüyünü və uzun müddətdir təzyiqlərə məruz qaldığını iddia edir.

Qalib Xosuyevin sözlərinə görə, son üç ildə məktəbdəki fəaliyyətində bir sıra haqsızlıqlarla üzləşib. O bildirib ki, əvvəlcə məktəbəqədər hazırlıq qrupunda bir il dərs deməsinə baxmayaraq, həmin sinif qanunsuz şəkildə əlindən alınıb və başqa müəllimlərə verilib. Müəllimin bu vəziyyətə etiraz etməsi isə fiziki və mənəvi təzyiqlərlə nəticələnib.

O, həmçinin direktor Sahil Ağayevi 10-cu sinifdə oxuyan qızı ilə bağlı əsassız məlumatlar yaymaqda ittiham edir.

Qalib Xosuyev hesab edir ki, bu təzyiqlər onun direktorun bəzi qanunsuz fəaliyyətlərini ifşa etməsi ilə bağlıdır.

Hazırda məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.

Qurumdan bildirilib ki, bütün iddialar diqqətlə incələnəcək və qanunvericiliyə uyğun tədbirlər görüləcək.


Geri qayıt