Əsas Səhifə > Güney Press > 20 Oktyabr - Zəngilan şəhəri günüdür

20 Oktyabr - Zəngilan şəhəri günüdür


Bu gün, 13:01

Zəngilan rayonu Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, Qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.
Hələ 28 aprel 1920-ci il tarixində bolşeviklərin köməyi ilə Zəngəzur qəzası işğal edilib. Rusiyanın təkidi ilə Zəngəzur Azərbaycandan alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.
Rayon dağətəyi ərazidə yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu durmadan irəlilədi. Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbələr vuruldu. 30-dan çox yaşayış məntəqəsi işğaldan azad edildi. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Cəmi iki gün ərzində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhəri işğaldan azad edildi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi düşməndən təmizləndi.
Zəngilan rayonunun işğaldan azad olunması ilə işğal altında qalmış 132 kilometr Azərbaycan-İran sərhəd bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlandı.
2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Zəngilanın azad olduğu gün - 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub.
İşğaldan azad edilmiş bütün kənd və şəhərlərimiz abadlaşır, yenidən tikilir. Qaçqın və köçkünlərimiz öz doğma yurd-yuvalarına qovuşurlar.
İlk pilot layihə də Zəngilanda icra edilib, Ağalıda 200 evdən ibarət gözəl kənd salınıb. Kənddə məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri fəaliyyət göstərir. 2022-ci ilin may ayında Ağalıya ilk sakinlər yerləşdirilib. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub.
Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradılmışdır. layihədə yüksək keyfiyyətli ekoloji mühit əsas götürülmüş və enerjidən səmərəli istifadə edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilmişdir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyalar tətbiq edilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir İnfrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan şəhərinin ilk sakinləri də tezliklə doğma yuvalarına qayıdacaqlar.
Çox sevindirici haldır ki, artıq övladlarımızın azad etdiyi, şəhidlərin qanı ilə geri alınan, düşmən tapdağından təmizlənən müqəddəs, doğma torpaqlarımızda həyat qaynayır.
Kifayət Cavadova
1-ci Qarabağ müharibəsi şəhidi Emin Nəsibovun anası, Zəngilan rayon sakini
"DİA-AZ"

Geri qayıt