Əsas Səhifə > Güney Press > Trampdan Putinə qarşı sürpriz həmlə: Azərbaycanın da adı çəkildi

Trampdan Putinə qarşı sürpriz həmlə: Azərbaycanın da adı çəkildi


Bu gün, 15:59

ABŞ Prezidenti Donald Trampın diplomatik qələbələri geosiyasi mənzərəni yenidən formalaşdırıb. Rusiyalı həmkarı Vladimir Putini küncə sıxışdıran Amerika lideri ona manevr yeri qoymayıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.

Nəşrin fikrincə, Tramp Qəzza zolağında İsraillə HƏMAS arasında atəşkəs cəhdlərində əldə etdiyi uğurdan ilhamlanır və Ukrayna ilə Rusiya arasında müharibədə irəliləyiş əldə edə biləcəyinə əmindir.

“Düşünürəm ki, son bir neçə ayda onun vasitəçiliyi ilə əldə edilmiş bütün sülh razılaşmaları Trampı Rusiya-Ukrayna münaqişəsinin mümkün həlli ilə bağlı daha nikbin edir”, - ABŞ administrasiyasının rəsmisi nəşrə bildirib.


Qeyd olunub ki, Yaxın Şərq və Rusiyaya yaxın bölgələrdə bağlanan sazişlər Vaşinqtonun Moskva üzərində təsirini gücləndirib.

Britaniya nəşri xatırladıb ki, avqust ayında Ağ Evdə Ermənistan-Azərbaycan gərginliyinin sülh razılaşması ilə yekunlaşması regionda Rusiyanın təsirinə böyük ölçüdə son qoyub.

“Bu, Moskvaya müxtəlif vaxtlarda hər iki tərəflə oynamağa, silah-sursat təmin etməyə və sülhməramlılar yerləşdirməyə imkan verən münaqişəyə son qoyur”, - məqalə müəllifi Rob Krilli yazıb.

Analitik Stefan Qedlundun fikrincə, Kremlin Mərkəzi Asiyada da hegemon mövqeyi zəifləyib. Moskvanın özü də Vaşinqtonun mövqeyinin güclənməsi fonunda Yaxın Şərqdəki müttəfiqlərinin də zəiflədiyini görür. Bu, həm də HƏMAS və “Hizbullah”ın İsraillə münaqişələrdə ciddi itkilərə məruz qalmasından - faktiki olaraq proksi qüvvələrinin məhv edilməsindən və Suriya Bəşər Əsədin devrilməsindən sonra mövqeyi sarsılan İrana aiddir.

“Rusiyanın dostluq etmək cəhdləri də biabırçı bir fəlakətə çevrilib. Məsələn, çərşənbə günü Moskvada Rusiya-Ərəb Ölkələri Sammiti keçirilməli və liderlər Kremlin təcrid olunmaqdan uzaq olduğunu göstərmək üçün buraya uçmalı idilər. Amma yalnız bir neçə nəfər iştirak etmək üçün qeydiyyatdan keçdiyi üçün təxirə salındı”, - nəşr qeyd edib.

Mənbə vurğulayıb ki, Donald Trampın prezidentliyinin 9 ayı ərzində imzalanmış sövdələşmə və razılaşmaların məcmu təsiri Kremlin onilliklər ərzində istifadə etdiyi Yaxın Şərqdəki gərginlik və münaqişələrin azalmasına gətirib çıxarıb.

Ağ Evin əməliyyatları ilə tanış olan mənbə əlavə edib: “Tramp Putini küncə sıxışdırıb”.


Geri qayıt