Əsas Səhifə > Güney Press / Ana xəbər > Masallının yardıma ehtiyacı olan imkanlıları

Masallının yardıma ehtiyacı olan imkanlıları


22-05-2014, 09:57
Masallının yardıma ehtiyacı olan imkanlıları
Masallı rayonunda ünvanlı sosial yardımları ancaq imkanlılar alır. Onların arasında “BMW” və “Mersedes” avtomobili olanlar da var. İmkansızlara sosial yardım verməmək üçün bürokratik əngəllər yaradılır. Bu işdə isə əsas rolu yerli icra nümayəndələri oynayır.

Bu barədə Moderator.az-a Masallı rayonunun Qızılağac kənd sakini Hüseynov Rza Tapdıq oğlu danışıb.

Şikayətçi deyir ki, 4 uşaq atasıdır. Böyük uşağının 10, balacasının isə 2 yaşı var. Ailədə heç kim işləmir, özü isə fəhlədir. Bir gün iş olanda 5 gün olmur. Çox acınacaqlı vəziyyətdə yaşayır. Həyat yoldaşı isə körpə uşaqlara baxır. Evlərində başqa işləyən yoxdur. Üç ildir ona ünvanlı sosial yardım verilmir. Dediyinə görə, əsasən də onu incidən Qızılağac kəndinin icra nümayəndəsi Şamil Məmmədovdur. O, sadəcə öz yaxınlarına və imkanlı adamlara sosial yardım düzəldir. Altında “BMW” və “Mersedes” avtomobilləri olanların hamısı yardım alır:

“Sosial yardım almaq üçün icra nümayəndəsindən arayış tələb olunur. İstəyəndə isə Şamil müəllim deyir ki, yoxdur. Mən sənin üçün yardım düzəldən deyiləm. Amma başqa varlı, imkanlı adamlar üçün sosial yardım düzəldir. Bu gün kənddə ünvanlı sosial yardım alanların böyük əksəriyyəti imkanlı, yaxşı şəraiti, avtomobili olan adamlardır ”- deyə R. Hüseynov bildirib.
İcra nümayəndəsi arayış vermək üçün ona özünü və əmlakını sığorta etdirməyin lazım olduğunu deyib. O məcburiyyət qarşısında 25 manat verərək sığorta məsələsini də həll edib. Bu dəfə də bəxti gətirməyib. Ona bu dəfə deyiblər ki, sənədlərin qaydasında olsa da bir qədər də gözləməlisən. Şikayətçi “bir qədər”in təxminən neçə ay çəkəcəyini bizdən soruşur. Biz də ona nə cavab verəcəyimizi bilmirik və sualı Əmək və Əhalilin Sosial Müdafiəsi Nazirlyinə yönəldirik. Ümid edirik ki, nazir Səlim Müslümovun gəlişindən sonra bu nazirlikdə formalaşmağa başlayan müsbət emosiyadan, pozitiv enerjidən Masallıdan bizə üz tutan şikayətçiyə də pay-ünvanlı sosial yardım düşəcək...

Geri qayıt