Əsas Səhifə > Güney Press > Bakıdan Moskva ilə bağlı son həmlə
Bakıdan Moskva ilə bağlı son həmləBu gün, 17:43 |
Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə baş tutan görüşü sonrası iki ölkə arasında gərginliyin səngidiyi müşahidə edilir. Xüsusilə Kreml rəhbərinin gərginliyə səbəb olan məsələlərə aydınlıq gətirməsi, Bakını razı salacaq mövqe sərgiləməsi buna təsir edən başlıca səbəb kimi əsaslandırılır. Analitiklərin fikrincə, Azərbaycan son illərdə atdığı doğru strateji addımlarla Rusiyanın regiondakı hərbi varlığına son qoydu. 2012-ci ilin dekabrında Qəbələdə stasionar tipli radiolokasiya stansiyasının bağlanması ilə başlanan proses, 2024-cü ilin aprelində Rusiya sülhməramlılarının Qarabağdan çıxması ilə tamamlandı. Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Azərbaycan 2012-ci ildən 2024-cü ilə qədər Rusiya ilə münasibətlərində xüsusi və özünəməxsus siyasət yürüdüb: “Ümumiyyətlə, rəsmi Bakı bütün qonşu və qonşu olmayan ölkələrlə münasibətlərini beynəlxalq hüquq prinsipləri əsasında qurmağa çalışır. 2012-ci ildə Qəbələdə yerləşən və Rusiyaya məxsus olan radiolokasiya stansiyasının (RLS) Azərbaycandan çıxarılması da məhz bu hüquqi yanaşmanın nəticəsi idi. Belə ki, Azərbaycan Konstitusiyasına əsasən, ölkə ərazisində heç bir xarici dövlətin hərbi bazası yerləşə bilməz. Bu hüquqi norma nəzərə alınaraq, Qəbələ RLS-in fəaliyyəti dayandırıldı və obyekt ölkəmizdən çıxarıldı. Sözügedən RLS həm də ekoloji baxımdan problemli bir obyekt idi. Bakı və Moskva həmin dövrdə bu məsələ ilə bağlı kifayət qədər konstruktiv və hüquqa əsaslanan bir razılaşmaya gəldilər. Nəticədə, RLS-in çıxarılması sakit və qarşılıqlı anlaşma şəraitində baş verdi”. Politoloq qeyd edib ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan daim müstəqil xarici siyasət yürüdüb: “Bu siyasət çərçivəsində Rusiya ilə münasibətlər də qarşılıqlı hörmət və hüquqa əsaslanan formada tənzimlənib. Qarabağda yerləşən Rusiya sülhməramlılarının ölkə ərazisindən çıxarılması da hüquqi və məntiqli bir proses idi. Belə ki, həmin kontingentin Azərbaycanda qalmasına dair hər hansı bir rəsmi, Milli Məclis tərəfindən təsdiqlənmiş qərar mövcud deyildi. Bu məsələ yalnız ikitərəfli razılaşma əsasında tənzimlənirdi. Qeyd olunan razılaşmaya görə, əgər tərəflərdən biri müddətin uzadılmasını istəməzsə, sülhməramlı kontingent ərazini tərk etməli idi. Nəticə etibari ilə də belə oldu”. Geri qayıt |