Əsas Səhifə > Güney Press / Partiya > Bizə əlavə bir nazirlik deyil, məsuliyyətli idarəçilər lazımdır

Bizə əlavə bir nazirlik deyil, məsuliyyətli idarəçilər lazımdır


Bu gün, 03:48

“Mən əvvəl də təklif etmişdim ki, gəlin, ayrıca bir nazirlik yaradaq - problemlərin həll edilməsi nazirliyi”. Bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Fazil Mustafa deyib. Deputatın sözlərinə görə, ayrı-ayrı nazirlik, dövlət komitələri arasında səma rəqsində olduğu kimi dövr edən Azərbaycan vətandaşlarınının bir çox hallarda asan məsələləri həll etməkdə nə qədər vaxt itirdiyinin şahidi oluruq. Ancaq ölkə prezidentinin təşəbbüsü ilə yaradılan ASAN xidmət modelinin yaranmasından sonra vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin olunduğu mexanizmi əldə edə bildik. Bu model insanları bir çox hallarda korrupsiyadan xilas etdi. Artıq adi məsələləri həll etmək üçün saatlarla gözləməyə ehtiyac yoxdu. Eyni adla, məsələn, AYNA 4 hərfdən ibarətdir. Amma məmnunluq baxımından ASAN xidmət hər zaman öndədir".
 
Siyasi şərhçi Azər Həsrət isə hesab edir ki, deputat Fazil Mustafanın “Problemlərin həlli nazirliyi” təklifi daha çox simvolik və ironik xarakter daşıyır. O, Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycanda yeni dövlət qurumu yaratmaqdan daha vacib məsələ, mövcud sistemdə cavabdehliyin və koordinasiyanın gücləndirilməsidir:
"Fazil Mustafa bu təklifi, yəqin ki, bir növ rişxəndlə, yəni vətəndaşların gündəlik qarşılaşdığı absurd vəziyyətlərə diqqət çəkmək üçün irəli sürüb. Əslində, bizə əlavə bir nazirlik deyil, məsuliyyətli idarəçilər lazımdır. Mövcud qurumların hər biri öz funksiyasını vicdanla yerinə yetirsə, ayrı “Problemlərin həlli nazirliyi” yaratmağa ehtiyac qalmaz. Bu gün bir çox hallarda vətəndaşın işi müxtəlif dövlət orqanları arasında dolaşır, nəticədə insanlar “bir qapıdan o birinə yönəldilərək” vaxt itirirlər. Halbuki, bu problemlərin həlli üçün artıq ASAN xidmət kimi sınaqdan çıxmış və uğur qazanmış bir model mövcuddur. ASAN xidmət nümunəsi göstərdi ki, bütün prosesləri bir pəncərədən idarə etmək mümkündür. Əgər vətəndaş bir sənədi almaq üçün bir neçə idarənin qapısında gəzirsə, bu, sistemin deyil, o idarələrdə çalışan insanların məsuliyyətsizliyinin nəticəsidir. ASAN bu problemi çox uğurla həll etdi. Eyni yanaşmanı digər sahələrdə də tətbiq etmək olar”.
 
Azər Həsrətin fikrincə, əlavə strukturun yaradılması əksinə, bürokratik yükü artırar və dövlət idarəetməsində təkrarlanmalar yaradar. O, çıxış yolu kimi bir-birinə yaxın funksiyaları olan nazirlik və komitələrin birləşdirilməsini, idarəetmə sisteminin sadələşdirilməsini və vahid xidmət mərkəzlərinin genişləndirilməsini təklif edir:
“Bizim vaxtilə Gənclər, İdman və Mədəniyyət Nazirliyimiz vardı, sonradan bu qurum iki yerə bölündü. Əslində, bu cür bölünmələr koordinasiyanı çətinləşdirir. Əksinə, funksiyaları bir-birinə yaxın olan strukturları birləşdirmək, eyni sahədə çalışan idarələri vahid mərkəzdə cəmləmək lazımdır. Bu həm idarəetməni sadələşdirər, həm də dövlət resurslarına qənaət edər. Hesab edirəm ki, Fazil bəy bir deputat və vətəndaş kimi, sadəcə diqqətə çatdırmaq istəyib ki, bəzi idarələr vətəndaşın işini çətinləşdirir. Onun təklifi də bu mənada bir çağırışdır ki, problemlərin həlli üçün ayrıca nazirlik yaratmaq məcburiyyətində qalmayaq, mövcud qurumlar öz işini normal görsünlər”.

Geri qayıt