Əsas Səhifə > Güney Press > "Çinin ən böyük təhlükəsi haradan gəlir?"

"Çinin ən böyük təhlükəsi haradan gəlir?"


Dünən, 21:42

Dünya illərlə, xüsusilə də Donald Trampın iki nəhəng iqtisadiyyatı ayırmaq siyasəti fonunda hesab edib ki, Çinin əsas problemi ABŞ-la rəqabətdir.
Lakin Pekin üçün ən böyük təhlükə kənardan yox, elə öz daxilindən doğur: ölkə görünməmiş miqyasda demoqrafik tənəzzül yaşayır.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
Əhali azalır, iqtisadiyyat qocalır
Artıq Çinin əhalisi tədricən yoxa çıxır. 1990-cı ildə orta yaş 23 idi, indi isə 39-dan yuxarıdır. O vaxt bir qadına təqribən 2,5 uşaq düşürdüsə, indi bu göstərici cəmi 1-dir. BMT-nin proqnozuna görə, 2100-cü ilə qədər Çin əhalisi yarıbayarı azalaraq 633 milyona enə bilər, bunun da yarıdan çoxu 60 yaşdan yuxarı olacaq.
Bu, yalnız sosial problem deyil, iqtisadi fəlakətdir. Mütəxəssislər xəbərdarlıq edir ki, işçi qüvvəsinin azalması Çin ÜDM-in illik artım tempini ən azı 0,5 faiz aşağı salacaq. Bu halda Pekinin ABŞ-la eyni səviyyədə qlobal supergüc olmaq iddiası sual altına düşür.
Daha təhlükəlisi isə budur: dünya iqtisadiyyatı artıq uzun illərdir "made in China" məhsullarına bağlıdır. Əgər Çinin fabrikləri işçi çatışmazlığı üzündən zəifləsə, "Barbie" oyuncağından tutmuş "iPhone"-a qədər hər şey bahalaşacaq.
"Bir uşaq siyasəti"nin gecikmiş bumeranqı
Bu böhranın kökləri 1970-ci illərdə Pekinin tətbiq etdiyi doğum nəzarəti siyasətinə gedib çıxır. 1979-cu ildən etibarən "bir ailə - bir uşaq" şüarı rəsmi qaydaya çevrilib. Bu qanunu pozanlara cərimələr, məcburi abortlar və sterilizasiya tətbiq olunub.
Nəticə gözləniləndən də sərt olub: 2015-ci ildə hökumət məhdudiyyəti yumşaltmağa məcbur olub, əvvəl iki, sonra üç uşağa icazə verib. Amma artıq gec idi - çinlilər daha çox uşaq istəmir. Bunun əsas səbəbi isə puldur: bir uşağı universitetə qədər böyütməyin orta xərci 75 min dollar, Şanxay kimi şəhərlərdə isə 140 min dollardır. Hökumət illik 500 dollarlıq uşaq subsidiyası təklif etsə də, sosial şəbəkələrdə buna yalnız istehza ilə cavab verilib: "Ən azı onqat versələr, bəlkə düşünərik".
Gənclər evlənmir, yaşlılar çoxalır
Doğum azalmasının digər səbəbi nikah sayının kəskin enməsidir. 10 il əvvəl 13,5 milyon nikah bağlanırdısa, indi bu rəqəm 6 milyona düşüb. Z nəsli ailə həyatı qurmağa həvəs göstərmir. Eyni zamanda insanların ömrü uzanır - yaşlıların sayı kəskin artır və pensiya sistemi buna hazır deyil. Bir neçə onillikdən sonra Çində işləyənlərdən daha çox işləməyən olacaq.
Çinin "fabrik dövrü" başa çatır
İllərlə dünya istehsalının 30 faizini təmin edən Çin artıq bu tempdə davam edə bilmir. Səbəb təkcə azalan işçi qüvvəsi deyil, həm də yeni nəsilin fabrik həyatına nifrətidir. Nəzəri olaraq immiqrasiya bu problemi həll edə bilərdi, amma Çin hakimiyyəti ölkəni əcnəbilərə açmağa hazır deyil. Ümid isə robotlaşdırmaya bağlanıb, amma xidmət sektoru robotlarla dolmur. Ekspertlər xəbərdarlıq edir: əgər bu eniş çox sürətlə baş versə, dünya bazarı şok yaşayacaq, yeni istehsal gücləri yaranmağa macal tapmayacaq.
Trampın yeni gömrük zərbələri
Bütün bunlar fonunda ABŞ prezidenti Donald Tramp Çinə qarşı yeni 100 faizik rüsumlar elan edib. Pekin də cavabsız qalmayıb - nadir metalların ixracına məhdudiyyət qoymaqla Vaşinqtonu təzyiq altında saxlamağa çalışır. Çin ilk dəfədir ki, ABŞ-dan yox, öz doğma ərazisindən gələn təhlükə ilə üz-üzədir. Əhali azalır, gənclər övlad istəyindən imtina edir, istehsalçılar işçi tapa bilmir. Bu proses davam edərsə, təkcə Pekin yox, bütün dünya bu sarsıntının təsirini hiss edəcək.

Geri qayıt