Əsas Səhifə > Güney Press > Bu gün Beynəlxalq Qızlar Günüdür
Bu gün Beynəlxalq Qızlar GünüdürBu gün, 11:02 |
Bu gün Beynəlxalq Qızlar Günüdür. Teleqraf xəbər verir ki, BMT Türkiyənin təklifi ilə 11 oktyabr tarixini Beynəlxalq Qızlar Günü elan edib. 193 üzvlü BMT Baş Assambleyasında qəbul edilən qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib. 2012-ci ildən etibarən 11 oktyabrın Beynəlxalq Qızlar Günü olaraq qəbul edilməsinə bütün üzv ölkələr səs verib. Qərarda iqtisadi inkişafda BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması və qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi və digər məqamlar öz əksini tapıb. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. 34 mindən çoxu qızdır Ədliyyə Nazirliyinin məlumatına görə, cari ilin ilk 9 ayı ərzində 72 min 672 uşaq doğulub. Onlardan 38 min 564-ü oğlan, 34 min 108-i qız olub. Statistika göstərir ki, daha çox oğlan uşağı doğulub. Ölkəmizdə, eləcə də dünyada erkən nikah halları ilə rastlaşırıq. Bunun qarşısını almaq üçün dövlət qurumları bir sıra tədbirlər görürlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatlarına görə, 2024-cü ildə 31 erkən nikah faktı ilə bağlı iş aparılıb. Ötən il 890 ailəyə səfər edilib, 18 erkən nikah faktının qarşısı alınıb. Məlumatlara görə, ötən il 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub. 2023-cü illə müqayisədə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 463 nəfər azalaraq 1742-dən 1279-a düşüb. Ölkənin iqtisadi rayonları üzrə 18 yaşadək analar tərəfindən doğulan uşaqların say cədvəlinə əsasən, erkən nikah halları üzrə ən az göstərici Şərqi Zəngəzur iqtisadi rayonu və Abşeron-Xızı iqtisadi rayonunda, ən çox göstərici isə Mərkəzi Aran və Qarabağ iqtisadi rayonunda qeydə alınıb. 14 iqtisadi rayon üzrə 2024-ci ildə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzürlü səbəblər müəyyən edildikdən sonra 185 (2023-cü ildə 249) yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Statistik rəqəmlər göstərir ki, nikah yaşının 1 il azaldılması ilə bağlı verilən icazələrin sayında 64 (nikah) azalma var. Rəsmi məlumatlara görə Azərbaycanda 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5138 idisə, qanunvericillikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu göstəricinin azalması müşahidə olunur. Belə ki, 2019-cu ildə nikahları qeydə alınmış 18 yaşadək gəlinlərin sayı azalaraq 366, bəylərin sayı isə 1 nəfər olub. Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2019-cu ildə isə bu rəqəm azalaraq 2320 təşkil edib. Geri qayıt |