Əsas Səhifə > Güney Press > 12 yaşlı azərbaycanlı qız Nyu-Yorkda “metro sörfinqi”nin qurbanı olub

12 yaşlı azərbaycanlı qız Nyu-Yorkda “metro sörfinqi”nin qurbanı olub


Bu gün, 15:25

ABŞ-də yaşayan 12 yaşlı azərbaycanlı tiktoker Zemfira Muxtarova Nyu-Yorkda metro qatarının üstündə sörfinq edərkən ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New-York Post” qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə ötən şənbə günü gecə saatlarında Vilyamsburqdakı “Marcy Avenue-Broadway” stansiyasında baş verib.
“New York Post” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla bildirib ki, Zemfira Muxtarovanın meyiti sosial şəbəkədə tanış olduğu başqa bir yeniyetmə - Manhettendən 13 yaşlı Ebba Morinanın meyiti ilə birgə tapılıb.
Mənbənin sözlərinə görə, onlar sosial mediada “metro sörfinqi” kimi viral tendensiyanın qurbanı olublar.
Polisin bildirdiyinə görə, hər iki qız hadisə yerində ölüb. Bununla da bu il “metro sörfinqi” qurbanlarının ümumi sayı beşə çatıb.
“Onun 12 yaşı var idi və 13 yaşını cəmi iki həftə ərzində qeyd etməli idi”, - deyə Zemfira Muxtarovanın atası Ruslan Muxtarov “GoFundMe” saytına bildirib.
Şahidlərin polisə verdiyi məlumata görə, onlar Zemfira və Ebbanı ölüm hadisəsindən əvvəl təxminən 15 yeniyetmə ilə qatarın içində qaçarkən görüblər.
“İki qız bir növ metro qatarının üstünə minməyi oyun hesab etdikləri üçün öldü. Valideynlər, müəllimlər və dostlar bunu aydınlaşdırmalıdırlar: metro vaqonunun damına çıxmaq “sörfinq” deyil, intihardır”, - metronun baş direktoru Demetrius Kriçlou deyib.
Qeyd edək ki, Nyu-York polisi problemlə mübarizə aparmaq üçün 2023-cü ilin noyabrından dronlardan istifadə etməyə başlayıb. Polisin məlumatına görə, onlar 2023-cü ildə qatarın damına minməyə cəhd edən 135, 2024-cü ildə isə 229 nəfəri saxlayıblar.


Geri qayıt