Əsas Səhifə > Güney Press > Koçaryan və Sarkisyan artıq siyasi meyitdir
Koçaryan və Sarkisyan artıq siyasi meyitdirBu gün, 10:44 |
Ermənistan Baş naziri Nikol Paşinyan Koçaryan-Sarkisyan cütlüyünü sərt tənqid edib. Paşinyan bildirib ki, üçüncü Ermənistan Respublikası münaqişə məntiqi üzərində qurulub. Baş nazirin sözlərinə görə, dördüncü Respublika isə sülh məntiqinə əsaslanır: "Üçüncü Respublikada Konstitusiyanın xalqın iradəsini azad ifadə etməsi və səsvermə yolu ilə qəbul edilməsi çox şübhə doğurur, dördüncü Respublikada isə qətiyyən belə bir şübhə olmamalıdır. Üçüncü Respublikada hakimiyyətin xalqa məxsus olması nisbi və formal xarakter daşıyırdı, Dördüncü Respublikada bu, aydın və şübhəsiz olmalıdır. Keçmiş respublika vətən haqqında xəyal qurmaqdan, vətən axtarmaqdan, xəyalların vətənini axtarmaqdan ibarət idi, dördüncü Respublika real vətən haqqındadır. Ermənistan Respublikası bizim arzularımızın vətənidir və başqa vətən axtarmağa ehtiyac yoxdur". Məlumat üçün bildirək ki, "Üçüncü Respublika Ermənistan" ifadəsi Ermənistanın müstəqillik dövrü ilə əlaqəlidir. Birinci Respublika 1918-1920, İkinci Respublika isə 1920-1991-ci illəri (SSRİ dönəmi) əhatə edir. Nikol Paşinyan Dördüncü Respublikanı da elan edib. Bu isə onun hakimiyyəti dövründə qurulan hökumətə aiddir. Xatırladaq ki, bir neçə gün əvvəl Robert Koçaryan Moskvada Kremlin erməni məsələləri üzrə kuratoru Sergey Kiriyenko ilə görüşüb və daxili siyasi məsələləri, o cümlədən 2026-cı il seçkisini müzakirə edib. "Hraparak" nəşrinin məlumatına görə, Koçaryan seçkidə uğur qazanmağın düsturunu təqdim edib. Kreml rəsmisi isə heç bir konkret öhdəlik götürməyib. Hətta Moskvanın İrəvan üzərindən əlini çəkdiyi iddia edilib.
Millət vəkili Vüqar İsgəndərov Sherg.az-a açıqlamasında deyib ki, Nikol Paşinyanın dediklərində həqiqət payı çoxdur. Əvvəla, erməni toplumu Üçüncü Respublikanın, yəni Koçaryan-Sarkisyan hakimiyyəti dövründə özlərinin ən çətin, ən zillətli, fəlakətli dönəmini yaşayıblar:
" Baş nazirin də vurğuladığı kimi, ermənilər başqa yerlərdə özlərinə "vətən" axtarıblar, uydurma, utopik "böyük Ermənistan", "dənizdən dənizə Ermənistan" xülyaları ilə yaşayıblar. Onillər boyu sadəcə Azərbaycana deyil, digər qonşularına qarşı da ərazi iddiaları ilə çıxış ediblər. Tarix dərsliklərini saxtalaşdıraraq erməni uşaqlarının beyinlərini hələ orta məktəblərdən etibarən zəhərli ideologiyalarla doldurublar. Xalqı zərərli ideyalarla zəhərləyiblər. Bu gün Paşinyan və komandası erməni ictimaiyyətini bu təhlükəli düşüncələrdən təmizləməyə çalışır. Paşinyanın təbliğatı davam etdikdə Ermənistan cəmiyyəti də tədricən həqiqətləri görməyə, qəbul etməyə başlayır. Rəy sorğularının nəticələri də göstərir ki, cəmiyyətdə kəskin reaksiyalar, destruktiv meyillər azalmaqdadır. Əsasən də erməni gəncləri müharibə istəmirlər, onlar Qərbə, Avropaya inteqrasiya etmək arzusundadırlar. Paşinyan da bunun fərqindədir. Spiker Alen Simonyanın da dediyi kimi "Sarkisyan və Koçaryan artıq siyasi meyitdir". Koçaryan bir çox cinayətlərdə ittiham olunur. Əslində, sabiq prezident özü də seçkidə qalib gəlmək şansının çox az olduğunu bilir. Ancaq siyasi səhnədə qalmaq istəyir. Siyasi immunitet qazanmağa çalışır ki, cinayət məsuliyyətindən kənarda qalsın. Koçaryan gözəl bilir ki, hakimiyyətin əlində onun əleyhinə olan dosyelər çoxdur. Maliyyə fırıldaqlarından tutmuş korrupsiya və digər cinayətlərdə birbaşa ittiham olunur. Yaxın ətrafı artıq həbsdədir".
Parlament üzvü vurğulayıb ki, artıq Koçaryanın düyməsi basılıb:
"O, Moskvaya getdi və gizli görüşlər keçirtdi. Aydındır ki, Rusiya heç zaman Ermənistandan əl çəkmək niyyətində deyil. Rusiya rəhbərliyi Paşinyanı qətiyyən sevmir. Çünki Paşinyan Kremlin layihəsi deyil. Baş nazir hakimiyyətə gəldiyi 2018-ci ildən etibarən Ermənistanın istiqamətini, siyasətini tamamilə dəyişdirib və üzünü Qərbə yönəldib. Sadəcə olaraq Moskvada dərk edirlər ki, indiki şəraitdə Ermənistanın siyasi mühitində Paşinyana rəqib olacaq heç bir fiqur yoxdur. Rusiyanın Samvel Karapetyan layihəsi də baş tutmadı, Paşinyan onu həbsə atdı. Kremlin yeni bir obraz yaratmaq üçün yetərli zamanı yoxdur. Ötən dövr ərzində Rusiya bütün kartlarını açıq oynadı. Kilsəni önə sürdü, milyarderi, "Qarabağ klanı"nı meydana çıxartdı, lakin bunların heç biri nəticə vermədi. Əslində, Koçaryanla Sarkisyanın adı birlikdə çəkilsə də, bu iki şəxsin bir-birinə nifrət etdiyi bəllidir. İndi də aralarında kifayət qədər ziddiyyətlər var. Onları zaman-zaman bir araya gətirən məhz hakimiyyət hərisliyi olub. Yenidən cüt hərəkət etmələri inandırıcı deyil. Hələlik səhnədə Koçaryan təkbaşınadır. Sarkisyan az-az görünür. Amma onun da təkbaşına aktivləşməsi gözləniləndir. Levon Ter-Petrosyanın da maskası cırıldı, 1990-cı illəri əks etdirən videogörüntülər yayıldı. Ona görə də Petrosyan Koçaryan-Sarkisyan cəbhəsinə keçməyə məcbur qaldı".
Geri qayıt |