Əsas Səhifə > Güney Press > Rusiyadan Suriyadakı hərbi bazaları çıxarmaq tələbi

Rusiyadan Suriyadakı hərbi bazaları çıxarmaq tələbi


Bu gün, 17:46

“Rusiya Bəşər Əsədi təhvil verməyəcəyi təqdirdə Dəməşq Rusiyadan Suriyadakı hərbi bazaları çıxarmağı tələb edəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Suriyada yeni hökumətin keçirdiyi ilk seçkilərdən danışaraq yeni parlamentdə deputatlardan 6-sının qadın, 10 mandatın isə dini və etnik azlıqlara — kürdlərə, xristianlara və ələvilərə ayrılmasının bu ölkə üçün yeni başlanğıc olduğunu bildirən E. Xalidbəyli yeni hökumətin Rusiya təsirindən çıxaraq müstəqil siyasət yürütməyi hədəflədiyini qeyd edib:

“Suriyanın rekonstruksiya prosesi kifayət qədər intensiv şəkildə davam edir. Bir tərəfdən ölkədaxili siyasi islahatlar aparılır və hökümət yeni dövlət strukturlarının formalaşdırılması prosesini geniş şəkildə aparmaqdadır. Eyni zamanda ordu quruculuğu prosesi də intensiv xarakter daşıyır. Bütün bu proseslərdə yeni hakimiyyətə Türkiyə geniş dəstək verir. Digər tərəfdən Suriya höküməti həm ABŞ həm də Qərblə münasibətlərini genişləndirir. Suriyaya qarşı Əsəd rejimi dövründə tətbiq olunmuş sanksiyaların aradan qaldırılması istiqamətində pozitiv proses başlayıb. Qərb maliyyə strukturları Suriyada iqtisadi layihələri maliyyələşdirməyə başlayıb. Digər tərəfdən Suriya gələcək taleyi ilə bağlı da öz seçimini etməyə başlayıb. Həm İranın ölkədən tamamilə çıxarılması, həm də Rusiyanın Suriya ilə bütün əlaqələrinin qırılması istiqamətində də addımlar atılır”.

Politoloq Rusiyaya sığınan Bəşər Əsədi mühakimə etmək üçün təmasların davam etdiyini, Rusiyanın bu təklifə razı olmayacağı təqdirdə Suriyanın fərqli alternativinin olduğunu qeyd edib:

“Keçmiş diktator Bəşər Əsədə qarşı atlan addımlar göstərir ki, onunla bağlı qiyabi şəkildə həbs qərarı var. O, Rusiyanın adamı idi və hazırda qaçaraq Rusiyaya sığınıb. Suriyanın yeni hökuməti Rusiyadan dəfələrlə onun qaytarılmasını tələb etsə də bu məsələ Kreml tərəfindən yerinə yetirilmir. Bu qərar özü də siyasi manevrdir. İndi hüquqi baxımdan Rusiyanın qarşısına yeni tələblər irəli sürüləcək. Bu dəfə də Rusiya tələbləri qəbul etməsə böyük ehtimalla rəsmi Dəməşq Rusiyadan Suriyadakı hərbi bazaları çıxartmağı tələb edəcək. Bu proses başlanmış kimi görünür və Rusiya problemi həll edildikdən sonra Suriya üçün yeni inkişaf mərhələsinin daha perspektivli xarakter daşıyacağı qəti şübhə doğurmur. Buna görə, yeni parlamentin seçilməsi, daha modern bir dövlət idarəçiliyi sisteminin yaradılması Suriyanın gələcək taleyi baxımından olduqca böyük əhəmiyyət daşıyır. Belə hesab etmək olar ki, Suriyanın yeni hökuməti doğru yoldadır. Belə davam edərsə, Suriya yaxın gələcəkdə ərəb dünyasında olduqca müasir idarəçilik sisteminə malik, insanların həyat şəraitinin ən doğru təşkil edildiyi ölkələrdən birinə çevrilə bilər”.


Geri qayıt