Əsas Səhifə > Güney Press > Azərbaycan geri addım atmayacaq
Azərbaycan geri addım atmayacaqBu gün, 16:11 |
Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı son çıxışı birmənalı qarşılanmayıb. O, AŞPA-nın plenar iclasında Ermənistan-Azərbaycan Vaşinqton razılaşmaları ilə bağlı sual verərkən “Zəngəzur dəhlizi” ifadəsindən istifadə etdiyinə görə qurumun üzvünü tənqid edib. Belə ki, Edvard Ley Baş nazirə “Zəngəzur dəhlizi”nin Ermənistan üzərindən açılması Azərbaycanın olduğu qədər Ermənistanın da maraqlarına xidmət edəcəkmi?” sualını ünvanlayıb. Paşinyan isə britaniyalı nümayəndəyə əsəbiləşərək “O ifadəni haradan oxumusunuz? Belə bir ifadə yoxdur, olmayıb və əmin olun ki, Ermənistanla Azərbaycanın razılaşdırdığı heç bir sənəddə olmayacaq” cavabını verib. Qeyd edək ki, Paşinyanın Moskvadan qayıtdıqdan sonra belə çıxış etməsi diqqət çəkir. Rusiya səfəri onun Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişib? Paşinyanın bu dəyişkən ritorikasına səbəb nədir? Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyindəki ziddiyyətlər bir daha Ermənistan rəhbərliyinin daxili və xarici təzyiqlər arasında vahid mövqe sərgiləyə bilmədiyini göstərir: “Əvvəllər verilən bəyanatlarla indiki açıqlamaları arasında kəskin fərqin olması da təsadüfi deyil. Bu, əslində Ermənistanın qeyri-sabit siyasətinin bariz nümunəsidir. Aydındır ki, Paşinyan Rusiyanın Ermənistan üzərindəki təsir rıçaqlarından ehtiyat edir. Bu təsir mexanizmləri böyük ölçüdə illərdir kök salmış narrativlər fonunda cərəyan edir. Təbii ki, irəlidə Ermənistan üçün daha həlledici dövr yaxınlaşır və Baş nazir situasiyanı mümkün qədər öz nəzarətində saxlamağa çalışır”. Millət vəkili vurğulayıb ki, Azərbaycan dəfələrlə Zəngəzur dəhlizi ifadəsinin süni şəkildə siyasiləşdirildiyini bəyan edib: “Bizim üçün zəruri olan addan daha çox razılaşmaların işlək mexanizmə çevrilməsidir. Yəni əsas məqsəd bölgədə yeni reallıqlar fonunda nəqliyyat-kommunikasiya xətlərinin açılması, Azərbaycanın materik hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin edilməsi, regionun iqtisadi inteqrasiyası və əməkdaşlıq mühitinin yaradılmasıdır. Ermənistan isə gah qəbul edib, gah da inkar etməklə özünü dalana salır”. Günay Ağamalı qeyd edib ki, Azərbaycan üçün önəmli olan Azərbaycanın milli maraqlarının təmin edilməsidir: “Heç bir dövlət, o cümlədən Ermənistan, Azərbaycanın iradəsini nəzərə almadan bölgədə qərar qəbul edə bilməz. Paşinyanın gah Moskvadan, gah Qərbdən aldığı təlimatlara uyğun mövqeyini dəyişməsi isə nə Ermənistanın, nə də bölgənin xeyrinədir. Azərbaycan öz prinsipial mövqeyini açıq şəkildə ortaya qoyub və bundan sonra da geri addım atmayacaq”. Geri qayıt |