Əsas Səhifə > Güney Press > Putini qəzəbləndirən rədd cavabı
Putini qəzəbləndirən rədd cavabıBu gün, 16:07 |
Rusiya Prezidenti Vladimir Putin son açıqlamasında ölkəsinin iki dəfə NATO-ya üzvlüyə hazır olduğunu bəyan etdiyini bildirib. “Əvvəlcə SSRİ, sonra isə Rusiya NATO-ya daxil olmağa hazır idi, lakin onlara rədd cavabı verilib”- Putin vurğulayıb. Kreml rəhbərinin sözləri maraqla qarşılanıb. Moskvaya rədd cavabı nəyə əsasən verilib? Əgər Rusiya NATO üzvü olsaydı, hansı münaqişələrdən qaçmaq olardı? Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Rusiya tarixən Şimali Atlantika Alyansında (NATO) iştirak etmək istəsə də, bu, heç vaxt real olmayıb: “Rusiya bir sıra hallarda NATO ilə əməkdaşlıq etmək və bu bloka qatılmaq niyyəti göstərib. Lakin NATO-ya üzv olmaq elə də asan məsələ deyil. Çünki alyansın özünün müəyyən məqsəd və prioritetləri var. Əsas prioritet isə Avropanın təhlükəsizliyinin təmin olunmasıdır. NATO daxilində müzakirə olunan məsələlərin Moskva tərəfindən qəbul olunması, öyrənilməsi və obyektiv təhlili çox zaman mümkün olmayıb və ya məqbul sayılmayıb. Məhz buna görə də nə SSRİ, nə də Rusiya NATO-ya üzv ola bilməyib. Əslində, bu, doğru da olmazdı. “Soyuq müharibə” dövründə qarşıdurma NATO ilə Varşova Paktı arasında gedirdi. Ukrayna müharibəsi fonunda baş verənlər göstərir ki, Rusiya vaxtında NATO-ya üzv olsaydı, bəlkə də hazırda qarşılaşdığı bu vəziyyətə düşməzdi. İndi elə bir mərhələdəyik ki, Ukraynaya ən böyük dəstəyi NATO verir. Faktiki olaraq, alyansla Moskva arasında müharibə vəziyyəti yaşanır. Bu səbəbdən yaxın gələcəkdə Rusiyanın NATO-ya üzvlüyü məsələsi gündəmdə olmayacaq”. Geri qayıt |