Əsas Səhifə > Güney Press > Azərbaycan modeli Ukraynaya əsl dərsdir
Azərbaycan modeli Ukraynaya əsl dərsdirBu gün, 11:55 |
Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Rusiya ilə savaşı bitirməyin iki mümkün ssenarisindən danışıb. XİN başçısı deyib ki, Ukraynada müharibəni bitirmək üçün Finlandiya və ya Azərbaycan-Ermənistan ssenarisindən istifadə etməlidirlər: "Ukrayna bu müharibədə sağ qalır, müharibədən bir dövlət kimi, millət olaraq daha güclü çıxır, 300 il əvvəl oğurlandığımız Qərb dünyasına qayıdır, amma bəzi ərazilər olmadan, həm də bu ərazilərin itirilməsini hüquqi baxımdan tanımır.
Sonra iki mümkün yol açılır: Birinci ssenari, şərti olaraq, Fin və ya Danimarka yoludur. 19-cu əsrdə Danimarka onu ilhaq edən Prussiya ilə sərhəddə böyük ərazi olan Şlezviq və Holşteyni itirdi. Danimarka bunu qəbul etdi və "Tamam, əlimizdə olanı quracağıq" dedi və uğurlu bir ölkə qurdu. Finlandiya da müharibəni SSRİ-yə uduzdu. Finlandiya dedi:
"Çox məyusedicidir, uduzduq, amma tamam, biz bunu qəbul etdik və malik olduğumuz sərhədlər daxilində normal bir ölkə qururuq. Mən bir daha vurğulayıram: Mən bu ssenarini dəstəkləmirəm, lakin bunlar xalqların və elitanın bu cür qərarlar verməsinin tarixi nümunələridir". Kulebaya görə, ikinci ssenari isə ondan ibarətdir ki, Ukrayna adi Azərbaycan-Ermənistan alqoritminə əməl etməlidir: "Ərazilərimizi geri almağa və ya diplomatik yolla qaytarmağa hazırlaşaq. Biz buna onilliklər sərf edəcəyik və sonra onları (Azərbaycan kimi) geri qaytara biləcəyimiz anı gözləyəcəyik. Biz düşündüyümüzdən qat-qat güclüyük. Və biz sübut etdik ki, mümkünsüz heç nə yoxdur. Ona görə də yeganə sual atəşkəsdən sonrakı vaxtdan kimin daha səmərəli istifadə edəcəyi olacaq".
Kulebanın versiyalarını şərh edən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycanın təcrübəsi göstərdi ki, atəşkəs sülh demək deyil. Ekspert vurğulayıb ki, 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Azərbaycan beynəlxalq vasitəçilərin yaratdığı “danışıqlar masasında” illərlə aldadıldı:
"Gah bir rayonun qaytarılması vəd olundu, gah mərhələli həll planları gündəmə gətirildi, gah da “ümumi sülh paketi” adı altında müzakirələr uzadıldı. BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in Minsk qrupunun mandatı, digər beynəlxalq təşkilatların qərarları Azərbaycanın ərazi bütövlüyünü təsdiqləsə də, bunların heç biri reallıqda nəticə vermədi. Çünki beynəlxalq hüquq kağız üzərində qaldıqca, güc amili olmadan heç bir qərar işləmir. Azərbaycanın diplomatik masada itirdiyini yalnız öz gücü ilə, hərbi-siyasi iradə ilə qaytarması bunun ən bariz sübutudur".
S.Əsədliyə görə, Ukrayna üçün də bu məqam həyati əhəmiyyət daşıyır:
"Əgər indi atəşkəs əldə olunarsa, amma işğal olunmuş torpaqların taleyi gələcəyə saxlanılarsa, Kiyev də Azərbaycanın otuz ilə yaxın yaşadığı ədalətsiz vəziyyətlə üzləşəcək. Diplomatik masada “güzəşt qarşılığında ümid” formulu Ukraynanı illərlə sonsuz gözləntiyə sürükləyə bilər. Bu, əslində, müharibəni dondurmaq və işğal faktını legitimləşdirmək deməkdir. Azərbaycanın qələbəsinin səbəbləri aydındır. Ölkə uzun illər ərzində iqtisadi gücünü artırdı, ordu quruculuğuna böyük vəsait yönəltdi, yeni silah texnologiyaları əldə etdi, diplomatiyada isə regional dəyişikliklərdən maksimum faydalandı. Ən əsası, siyasi iradə nümayiş etdirildi və qərar verilən anda tərəddüd edilmədi. Bu, sadəcə, 44 günlük hərbi əməliyyat deyildi – otuz illik strateji hazırlığın nəticəsi idi. Ukrayna üçün də eyni dərs var: yalnız güclənməklə, iqtisadi dayaqları möhkəmləndirməklə, beynəlxalq müttəfiqləri artırmaqla və doğru məqamı seçməklə itirilmiş torpaqların azadlığı mümkündür. Lakin burada mühüm fərq mövcuddur. Azərbaycan Ermənistanla üz-üzə idi – qarşı tərəf kiçik dövlət idi, arxasında Rusiya olsa da, müharibədə birbaşa iştirak etmirdi. Ukrayna isə dünyanın ən böyük hərbi güclərindən biri olan Rusiya ilə açıq toqquşma yaşayır. Bu, münaqişəni regional müstəvidən qlobal geosiyasi səhnəyə daşıyır".
Analitik hesab edir ki, buna görə də Azərbaycan modeli Ukrayna üçün birbaşa tətbiq edilə bilməz:
"Amma prinsipial dərslər götürmək mümkündür. Ən əsası – beynəlxalq hüquqa arxalanmaq, qətnamələrə ümid etmək çıxış yolu deyil. Ədalət yalnız güc və milli iradə ilə təmin olunur. Azərbaycan uzun illər beynəlxalq hüququn işləmədiyini gördü və yalnız gücü ilə nəticə əldə etdi. Ukrayna da əgər problemin həllini gələcəyə saxlayarsa, bu, daha ağır nəticələr doğura bilər. Ukrayna ilə bağlı daha bir məqam da diqqətəlayiqdir: Azərbaycanın qələbəsi həm də regional və beynəlxalq güclərin maraqlarının üst-üstə düşdüyü bir zamanda baş verdi. Türkiyə ilə strateji müttəfiqlik, Qərbin regionda Rusiyanın təsirinə alternativ yaratmaq istəyi və Moskvanın Qarabağda öz mövqelərini qorumaq üçün müəyyən güzəştlərə getməsi Azərbaycanın əlini gücləndirdi. Ukrayna üçün isə bu balans daha mürəkkəbdir. Burada ABŞ, Avropa Birliyi, NATO, Çin və digər güclərin maraqları toqquşur. Yəni Ukrayna öz “Azərbaycan anını” yaratmaq üçün daha çətin və çoxşaxəli strategiya qurmalıdır".
S.Əsədli qeyd edib ki, Dmitri Kulebanın Azərbaycanın təcrübəsini nümunə göstərməsi, əslində, bir həqiqətin etirafıdır:
"İşğalla barışmaq məcburiyyəti yoxdur. Azərbaycan göstərdi ki, 30 illik işğal da sona çata bilər. İradə, səbr, milli birliyin qorunması və dövlət quruculuğu ilə ədalət bərpa oluna bilər. Ukrayna üçün də ən böyük dərs budur – müharibənin həllini sonsuz diplomatik oyunlara təhvil vermək olmaz. Problem nə qədər tez və qətiyyətlə həll olunarsa, bir o qədər az itki ilə nəticələnər. Beləliklə, Azərbaycan modeli Ukraynaya yalnız hərbi deyil, həm də siyasi dərs verir: beynəlxalq hüququ gücünlə dəstəkləməsən, hüquq işləmir. Ədaləti bərpa etmək üçün isə millətin birliyi, dövlətin gücü və doğru zamanın seçilməsi əsas şərtdir. Azərbaycanın qələbəsi göstərdi ki, bu mümkündür. Ukrayna da bu yoldan çıxış üçün dərslərini indi götürməlidir – sabah gec ola bilər".
Geri qayıt |