Əsas Səhifə > Güney Press > "Məktəbli avtobuslarında aylıq ödənişin 240 manat olması heç də ucuz deyil"

"Məktəbli avtobuslarında aylıq ödənişin 240 manat olması heç də ucuz deyil"


Bu gün, 11:41

“Məktəbli avtobuslarında gediş haqqının baha olması ətrafında cəmiyyətdə geniş müzakirələr var. Aylıq ödənişin 240 manat olması heç də ucuz deyil. Bu məsələyə yenidən baxaraq daha uyğun qiymət müəyyən edilməsi, yəqin, mümkün olar”.

Bu sözləri "Pravda.az"-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev deyib.

Deputat bildirib ki, avtobusların gediş qiymətinə təsir edəcək bir sıra komponentləri diqqətə almalıyıq: “Burada bir neçə iqtisadi və texniki komponentlər var . Birincisi, yanacaq və enerji xərcləri ən böyük payı təşkil edir. Avtobusun növünün də qiymətə təsiri böyükdür. Avtobusun dizel, qaz, yaxud elektriklə işləməsindən asılı olaraq da qiymət dəyişir. Yanacaq qiymətlərinin bahalaşması, eyni zamanda dəyişməsi də bütövlükdə komponent olaraq gediş haqlarına təsirini göstərir. İkincisi, texniki xidmət və təmir məsələləridir. Avtobusların gündəlik baxımı, onların ehtiyat hissələri, yağlama, texniki nasazlıq məsələləri də birmənalı olaraq təsir komponentləri sırasındadır. Hamımız üçün aydın məsələdir ki, avtobusun köhnə olması xərcləri artırır. Bu da gediş haqlarının dəyişməsinə, bahalaşmasına təsir edir. Həmçinin amortizasiya məsələsini də diqqətə almalıyıq. Avtobusların hansı şərt daxilində şirkət tərəfindən alınması məsələsi də var. Lizinq yolu ilə alınıbsa, təbii olaraq, lizinq qiyməti də, müvafiq faizi də ümumi gediş haqqına öz təsirini göstərir. Sürücülərin əməkhaqqı, müvafiq ödənilən sosial ödənişlər, dispetçer, texniki işçilərin xərcləri - bütün bunlar qiymətə təsir komponentləridir. Həmçinin ən böyük xərclərdən biri infrastruktur xərcləridir. Bir sıra təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində atılan addımlar, avtovağzallar, dayanacaqlar, avtobus parkları - hamısı ödənişli olduğundan bu da qiymətə təsir edir. Sığorta xərclərini də nəzərə almaq lazımdır”.


Geri qayıt