Əsas Səhifə > Güney Press > Azərbaycanda yeni tədris üsulu peyda olub

Azərbaycanda yeni tədris üsulu peyda olub


Bu gün, 15:32

Bəzi məktəblərdə bir-birinə yaxın siniflər birləşdirilərək dərslər ümümi şəkildə tədris olunur.

Bu praktika uşaqların dərsləri tam mənimsəməsinə mane olur və təhsil keyfiyyətinə mənfi təsir göstərir. Belə ki, Qəbələnin Tikanlı kənd orta məktəbində birinci və ikinci siniflər birlikdə dərs keçirlər. Müəllim 22 dəqiqə birinci sinif, digər 22 dəqiqədə isə ikinci siniflə məşğul olur.

Bu vəziyyət valideynləri narazı salıb. Onlar bildiriblər ki, sinif otaqları ola-ola iki sinifə bir yerdə dərs keçilməsi yolverilməzdir. O da qeyd olunub ki, məktəbdə müəllim çatışmazlığı yoxdur. Hazırkı vəziyyətdə şagirdlər dərsləri qavraya bilmirlər.

Siniflərin birləşdirilməsi təhsilin keyfiyyətinə necə təsir edir? Bu problemin həlli üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, ucqar kəndlərdə bəzi məktəblərdə siniflərin birləşdirilərək eyni müəllim tərəfindən tədris olunması son illərin əsas müzakirə mövzusuna çevrilib:

“Əslində bu praktika heç vaxt sağlam bir yanaşma sayıla bilməz. Müəllim eyni anda həm birinci sinif şagirdinə əlifbanı öyrətməyə, həm də ikinci sinifdə daha mürəkkəb mövzuları izah etməyə çalışanda, nəticə etibarı ilə heç bir sinif tam diqqət ala bilmir. Bu isə uşaqların təhsil keyfiyyətinə birbaşa mənfi təsir göstərir. Valideynlərin narahatlığı da tamamilə haqlıdır.

Çünki hər bir uşaq bərabər imkanlarla, tam həcmdə dərs keçilməsinə layiqdir. Əslində bu proses müvəqqəti çıxış yolu kimi tətbiq olunsa da, uzun müddət davam etdikcə uşaqlarda ciddi boşluqlar yaradır. Düşünün, birinci sinif şagirdi 20 dəqiqəlik dərs vaxtı ərzində diqqətini tam toplamağa çalışır, ikinci sinif isə bu müddətdə gözləməli olur.

Hər iki tərəf dərsdən lazım olan səmərəni ala bilmir. Bir qədər irəli gedəndə bu uşaqların oxuma-yazmada, hesablamada, mətn anlamaqda çətinlik çəkməsi, sonrakı mərhələlərdə isə yaşıdlarından geri qalması qaçılmazdır. Müəllimin üzərinə də ədalətsiz bir yük düşür. Çünki o, pedaqoji potensialını bölmək məcburiyyətində qalır və istər-istəməz hər iki sinifdə itkilər baş verir”.

Onun sözlərinə görə, hər bir ucqar kənddə yaşayan uşaq da Bakının mərkəzində oxuyan uşaq qədər keyfiyyətli dərs almaq hüququna sahibdir:

“Dövlətin borcu elə mexanizmlər qurmaqdır ki, müəllimlər ucqar kəndlərdə işləməyə maraqlı olsunlar, həmin bölgələrə gedib dərs demək üçün stimullar yaradılsın, texnologiyalar vasitəsilə distant dəstək verilsin, hətta lazım gəlsə, şagirdlərin daha böyük məktəblərə daşınması təmin edilsin”.

Ekspert qeyd edib ki, problemin ən qısa zamanda alternativ həll yolları tapılmalıdır:

“Birləşdirilmiş siniflər uşaqların gələcəyinə vurulan səssiz zərbədir. Bunu gözardı etmək olmaz. Bu gün 20 dəqiqəlik dərs vaxtı uşağın gələcək həyatında illərlə davam edəcək boşluqlara çevrilir. Ona görə də bu yanaşmanın tam əleyhinəyəm.

Düşünürəm ki, ən qısa zamanda alternativ həll yolları tapılmalı, ucqar kəndlərin uşaqları da həqiqi mənada bərabər imkanlı təhsilə qovuşmalıdır. Təhsil sadəcə sinif otağında keçilən dərs deyil, gələcəyin qurulmasıdır və biz bu gələcəyi yarımçıq dərslərlə formalaşdıra bilmərik”.


Geri qayıt