Əsas Səhifə > Güney Press > Zəngəzur və Araz layihəsi əsl inqilab olacaq
Zəngəzur və Araz layihəsi əsl inqilab olacaqBu gün, 12:18 |
Zəngəzur dəhlizi Cənubi Qafqaz regionunda geosiyasi, iqtisadi və nəqliyyat baxımından strateji əhəmiyyət kəsb edən layihələrdən biridir. Hazırda dəhlizin marşrutu və texniki dizaynı ilə bağlı müxtəlif müzakirələr aparılır, xüsusilə yolun istiqamətinin dəyişdirilməsi və İranla birgə inşa olunması planlaşdırılan su elektrik stansiyasının təsirləri gündəmdədir. Bu amillər dəhlizin gələcək funksionallığına, tranzit imkanlarına və Azərbaycanın regiondakı logistik üstünlüklərinə birbaşa təsir göstərə bilər. Belə şəraitdə Azərbaycanın əsas prioriteti dəhlizin istismar mexanizmlərinin milli maraqlara uyğun qurulması, təhlükəsizlik və iqtisadi səmərəliliyin təmin olunmasıdır. Bunun üçün beynəlxalq hüquqi çərçivələr, ikitərəfli razılaşmalar və regional əməkdaşlıq platformaları xüsusi rol oynaya bilər.
Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov “Teleqraf”a müsahibəsində qeyd edib ki, Zəngəzur dəhlizi fərqli istiqamətdə çəkiləcək: İran orada bənd tikmək istəyir: “ABŞ Ermənistana “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılması üçün 145 milyon dollar ayırıb. Vəsait Amerikanındırsa, o da işlərin sürətlənməsində maraqlı olacaq. Hazırda orada hazırlıq işləri görülür. Hətta yolun dizaynının dəyişəcəyi də ehtimal edilir. Erməni tərəfi İranla birlikdə orada su elektrik stansiyası üçün bənd tikmək istəyir. Ona görə də köhnə Zəngəruz dəhlizindən fərqli olaraq, yeni yolda başqa istiqamətlər olacaq. Əsas isə yolun Azərbaycanın tələblərinə uyğun formada istismar edilməsidir.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazda kommunikasiya və nəqliyyat xətlərinin inkişafı istiqamətində tamamilə yeni imkanlar formalaşıb. Bu proseslər həm regional inteqrasiyanın dərinləşməsinə, həm də ölkələrin iqtisadi, siyasi və təhlükəsizlik baxımından daha sıx əməkdaşlıq etməsinə zəmin yaradır.
Politoloqun sözlərinə görə, bir tərəfdən Azərbaycan ilə Ermənistan arasında nəzərdə tutulan Zəngəzur dəhlizinin tikintisi xüsusi əhəmiyyət kəsb edir:
“Bu marşrut təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməyəcək, eyni zamanda Orta Asiya və Türk dünyası ilə birbaşa quru yolunun açılmasına, logistik imkanların genişlənməsinə şərait yaradacaq. Zəngəzur dəhlizinin işə düşməsi regionda yeni nəqliyyat xəritəsinin formalaşmasına, tranzit potensialının yüksəlməsinə və beynəlxalq iqtisadi əlaqələrin daha sürətli inkişafına gətirib çıxaracaq.
Digər tərəfdən, İran üzərindən Araz çayı boyunca salınan körpülər və paralel olaraq inşa edilən Araz dəhlizi də böyük strateji əhəmiyyətə malikdir. Bu dəhliz alternativ marşrut kimi çıxış edərək Azərbaycanın kommunikasiya imkanlarını şaxələndirəcək, yük və sərnişin daşımalarının sürətini artıracaq, həmçinin ölkənin tranzit rolunu möhkəmləndirəcək. Araz dəhlizi vasitəsilə həm İranla iqtisadi əlaqələr genişlənəcək, həm də beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya daha dayanıqlı xarakter alacaq”.
Politoloq əlavə edib ki, “Xudafərin” və “Qız qalası” kimi strateji hidroqovşaqlar və həmin ərazilərdə inşa edilən su elektrik stansiyaları bölgənin enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır:
“Bu layihələr yalnız elektrik enerjisinin istehsalını artırmayacaq, eyni zamanda kənd təsərrüfatı üçün suvarma imkanlarını genişləndirəcək, yeni aqrar inkişaf perspektivləri yaradacaq.
Bütün bu layihələr təkcə iqtisadi sferada deyil, həm də siyasi və təhlükəsizlik müstəvisində dayanıqlılığın təmin edilməsinə xidmət edir. Dəhlizlərin işə düşməsi və enerji layihələrinin reallaşması region ölkələri arasında əməkdaşlığı dərinləşdirəcək, qarşılıqlı etimadı artıracaq və sülh prosesinin irəliləməsinə töhfə verəcək. Bu baxımdan Zəngəzur və Araz dəhlizləri, eləcə də enerji infrastrukturu üzrə layihələr Cənubi Qafqazda sülhün, sabitliyin və rifahın daha da möhkəmlənməsinə xidmət edən strateji təşəbbüslər kimi qiymətləndirilə bilər”.
Geri qayıt |