Əsas Səhifə > Güney Press > Tacikistandan sonra ikinci yerdəyik...

Tacikistandan sonra ikinci yerdəyik...


Dünən, 18:19

Əməkdar artist Cabir İmanovun qəfil ürək tutmasından dünyasını dəyişməsi ölkəmizdə ürək-damar xəstəliklərindən ölənlərin çoxluğu ilə bağlı problemi yenidən aktuallaşdırdı. Uzun müddətdir ki, Azərbaycan ürək-damar xəstəliklərindən ölənlərin sayına görə bütün dünyada lider ölkələrdəndir. Bir müddət əvvəl “World Statistics” beynəlxalq statistika mərkəzinin apardığı araşdırmanın nəticəsinə görə, Azərbaycan hər 100 min nəfərə 388 ölümlə siyahıda Tacikistandan sonra ikinci yerdə qərarlaşmışdı. Bu isə çox çox ağır mənzərədir.

Azərbaycanda ölənlərin böyük əksəriyyəti məhz ürək-damar xəstəliklərindən vəfat edir. Ölüm səbəbləri sırasında ikinci yerdə onkoloji xəstəliklər gəlir. Bu mövzuda Bizimyol.info xəbər portalına danışan həkim Rəna Yusifova deyir ki, ürək xəstəlikləri müxtəlif formalarda özünü göstərir: ürəyi qidalandıran damar xəstəlikləri; ürəyin ritm pozuntusu; ürəyin əzələ sistemi xəstəlikləri – xroniki ürək çatışmazlığı; ürək qapaqları ilə bağlı problemlər...

Həkimin sözlərinə görə, ürək-damar xəstəliklərindən ölüm halları daha çox orta yaş və daha yuxarı insanlarda müşahidə edilir. Gənclərdə ölümə yol açan damar xəstəlikləri isə əsasən ritm pozuntuları şəklində özünü büruzə verir.

Lakin xəstəliyin erkən üzə çıxarılması bir sıra hallarda ölümün qarşısını ala bilər: “Xüsusən də 40 yaşdan yuxarı mütəmadi həkim müayinəsi tövsiyə olunur. Genetik faktorlar, yüksək xolesterol və qan təzyiqinin yuxarı olması, hərəkətsiz həyat tərzi, artıq çəki, zərərli vərdişlər, məsələn, siqaret çəkmək... Bunların hamısı riskləri artırır. Ürək xəstəlikləri bəzən səssiz inkişaf edir. Hamı deyir ki, “sağlam adam idi, heç bir şikayəti yox idi, birdən-birə nə oldu?” Əslində isə sağlam olmayıb. Sadəcə, xəstəlik, səssiz irəliləyib, xəstənin özünün xəbəri olmayıb”.

Həkim qeyd edib ki, bəzən xəstəlik sinə, kürək, qol nahiyəsinə yayılan ağrılar, ayaqda şişkinlik kimi hallarla özünü büruzə verə bilər. Bu halda təcili şəkildə həkimə müraciət olunmalıdır.


Geri qayıt