Əsas Səhifə > Güney Press > Zəngəzur dəhlizi ilə bağlı şok detal
Zəngəzur dəhlizi ilə bağlı şok detalDünən, 12:59 |
Ermənistan baş naziri Nikol Paşinyan son çıxışında Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən “Zəngəzur dəhlizi” ifadəsini gündəmdən çıxarmağa və onun əvəzinə başqa terminlər işlətməyə çalışıb. Halbuki, o, bundan əvvəl Zəngəzur məsələsində problem görmədiyini bəyan etmişdi. Lakin BMT tribunasındakı çıxışında mövqeyini dəyişərək Ermənistana qarşı ərazi iddiasından danışıb.
ABŞ-a səfəri və ardınca Rusiyaya gediş-gəlişindən sonra Paşinyanın mövqeyindəki bu dəyişiklik hansı səbəblərlə bağlı ola bilər?
Moderator.az-a danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu bildirib ki, Ermənistan Vaşinqtonda imzalanan üçtərəfli bəyannamədə konkret öhdəliklər götürüb. Onun sözlərinə görə, rəsmi İrəvan və ABŞ Bakının şərtlərini qəbul edib:
"Paşinyan yaxşı anlayır ki, üzərinə götürdüyü öhdəliklərə bağlı proses yubadılsa və bölgədə qeyri-müəyyən vəziyyət davam etsə, Ermənistanın dövlətçiliyi üçün təhdidlər də qalacaq və ölkə geosiyasi proseslərdə sadəcə “kart” rolunu oynamaqda davam edəcək. Bu baxımdan, Ermənistan hökuməti “böyük Ermənistan” ideologiyasından imtina edərək “real Ermənistan” konsepsiyasına uyğun fəaliyyət göstərmək istiqamətində siyasət yürüdür. Həmçinin, üçtərəfli bəyannamədə Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri də qisasçılıq zəminində fəaliyyət göstərməməsi və belə bir hal baş verəcəyi təqdirdə hökumətin bunun qarşısını almasıdır”.
Politoloq hesab edir ki, Ermənistanla Azərbaycan arasında Vaşinqton görüşündən sonra məsələlərə böyük ölçüdə aydınlıq gətirilib:
“Təbii ki, Ermənistan hökumətinə qarşı daxildə kilsə və revanşist qüvvələr tərəfindən müəyyən təzyiqlər var. Onlar uzun illər ərzində formalaşdırdıqları "böyük Ermənistan" ideologiyasının çökəməməsi və "real Ermənistan" konsepsiyasının həyata keçirilməsinə maneələr yaradılması üçün çalışırlar. Nəticədə kilsə və lobbi ölkənin xarici siyasətinin formalaşmasında konstitusion hüquqlarını qorumaq istəyir. Ermənistan hökuməti isə bununla razı deyil və bu istiqamətdə kilsə ilə hökumət arasında ciddi qarşıdurma mövcuddur.
Ermənistan yaxşı anlayır ki, “Tramp yolu” adlanan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikdən imtina edə bilməz. Bu, Ermənistana baha başa gələ bilər. Fikrimcə, Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrasında, yəni Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyət göstərəcək. Paşinyanın Zəngəzurla bağlı bəzi açıqlamaları isə daxili auditoriyaya hesablanıb. Bütün bunlar proseslərin gedişinə təsir etmək gücündə deyil. Proseslərin fərqli məcraya yönəldilməsi və ya yubadılması Ermınistan üçün fəlakət deməkdir”.
Geri qayıt |