Əsas Səhifə > Güney Press > "Telefon və sosial şəbəkələr ailədaxili səmimiyyəti azaldır"

"Telefon və sosial şəbəkələr ailədaxili səmimiyyəti azaldır"


Dünən, 17:47

Müasir dövrdə texnologiya insanların həyatına çox rahatlıq gətirsə də, ailədaxili münasibətlərə mənfi təsir göstərə bilir. Telefon və sosial şəbəkələr ailə üzvlərinin bir-biri ilə ünsiyyətini azaldır.

Nəticədə insanlar eyni evdə yaşasalar da, bir-birlərinə vaxt ayırmır, emosional uzaqlaşma baş verir. Bu isə valideyn-övlad münasibətlərinə və həyat yoldaşlarının səmimiyyətinə zərər vurur.

Bəs ailələr texnologiyanın yaratdığı bu məsafəni necə aradan qaldıra bilərlər?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan psixoloq Sevinc Həbibova mövzunu belə şərh edib:

“Texnologiyanın inkişafı həyatımıza böyük üstünlüklər gətirsə də, ailədaxili münasibətlərdə ünsiyyətin azalması ciddi problemdir. Telefon və sosial şəbəkələrdən həddindən artıq istifadə ailə üzvləri arasında emosional bağlılığı zəiflədir. Çox vaxt valideynlər uşaqlarına vaxt ayırmaq əvəzinə ekran qarşısında qalır. Bu vəziyyət uşaqlarda diqqət və sevgi çatışmazlığına səbəb ola bilər. Həyat yoldaşları arasında da qarşılıqlı maraq və söhbət azalır. Əgər gündəlik ünsiyyət məhdudlaşarsa, ailədə anlaşılmazlıqlar və soyuqluq yaranır. Psixoloji baxımdan ünsiyyətin olmaması insanlarda tənha və dəyərsiz hiss yaratmağa başlayır. Buna görə hər ailə özündə balans tapmalıdır”.

Sevinc Həbibova qeyd edib ki, telefonu kənara qoyub ən azı gündə yarım saat birlikdə söhbət etmək çox önəmlidir.

“Uşaqlarla birgə oyunlar oynamaq və ya ailəvi fəaliyyətlər planlamaq münasibətləri gücləndirir. Sosial şəbəkələrdə vaxt keçirmək əvəzinə real söhbətlər etmək ailənin ruhunu canlı saxlayır. Burada əsas məsuliyyət həm valideynlərin, həm də həyat yoldaşlarının üzərinə düşür. Ailədə qayğı və diqqət olduqda, texnologiyanın mənfi təsiri minimuma enir. Bunun üçün ailə daxili “qızıl qayda”lar qoymaq faydalıdır. Məsələn, yemək zamanı telefondan istifadə edilməməsi. Əgər ailə üzvləri bu qaydalara əməl etsələr, münasibətlərdə səmimiyyət qorunar. Əslində texnologiyanı düzgün idarə etmək ailə həyatını daha da möhkəmləndirə bilər”-deyə psixoloq əlavə edib.


Geri qayıt