Əsas Səhifə > Güney Press > “Neft gəlirləri artacaq, amma qeyri-neft sektoru daha da inkişaf etməlidir”
“Neft gəlirləri artacaq, amma qeyri-neft sektoru daha da inkişaf etməlidir”Dünən, 16:42 |
Azərbaycan neftinin qiymətinin 73 dolları ötməsi ölkə iqtisadiyyatı üçün mühüm bir göstərici sayılır. Neftin qiymətində baş verən dəyişikliklər hər zaman büdcə gəlirləri, makroiqtisadi sabitlik və iqtisadi inkişafın ümumi istiqamətlərinə təsir göstərir. Neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatına hansı qısamüddətli və uzunmüddətli təsirləri göstərə bilər? Büdcə gəlirlərinə bu artım necə əks olunacaq və dövlətin əlavə gəlirləri hansı istiqamətlərə yönəldilə bilər? Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı Natiq Cəfərli mövzunu belə şərh edib: “Neftin qiymətinin günlük və həftəlik artımı və azalması o qədər də ciddi bir məsələ deyil. Doğrudur, hər bir dollar belə neftin qiymətinin artması Azərbaycan üçün müsbət haldır. Azərbaycanın icmal büdcəsindən Neft Fonduna daxil olan vəsaitlərə müsbət təsir göstərir, gəlirlərimiz artır. Amma buna həftəlik və ya günlük baxmaq doğru deyil. Yəni, rüblük, altı aylıq və illik baxılması daha doğrudur”. İqtisadçı vurğulayır ki, bu il Azərbaycanın neftinin qiyməti icmal büdcədə 70 dollar götürülüb: “Hazırda qiymət də həmin civardadır. Əvvəllər bundan aşağı aylar da olub – 65, 66, 67 dollar olan vaxtlar da müşahidə edilib. İllik ortalamada isə 70 dollar civarındadır və bu, yaxşı haldır. Bu o deməkdir ki, icmal büdcə öz öhdəliklərini yerinə yetirə biləcək. Neftin qiyməti gələn il isə büdcədə daha aşağı götürülməsi planlaşdırılır. Belə ki, 65 dollardan götürülməsi nəzərdə tutulur. Bu da doğru yanaşmadır. Çünki neftin qiyməti gələn il geosiyasi gərginliklər azalacaqsa, ucuzlaşması gözləniləndir. Yəni, ola bilər ki, qiymət ucuzlaşsın”. İqtisadçı bugünkü qiymətlərin yüksəlməsinin əsas səbəbinin geosiyasi gərginliklərin olduğunu bildirdi: “Yenə də Azərbaycan nefti nə qədər baha satılarsa, bu, ölkə üçün müsbət haldır. Bütün bunlara baxmayaraq, Azərbaycan qeyri-neft sektorunun inkişaf etdirilməsi yolunda daha ciddi addımlar atmalıdır. Çünki ölkənin neftdən və neft gəlirlərindən asılılığı kifayət qədər yüksəkdir. Ona görə də neftin qiymətindən asılı olmayaraq – baha və ya ucuz olmasından asılı olmayaraq – qeyri-neft sektoru daha ciddi inkişaf etdirilməlidir”. Geri qayıt |