Əsas Səhifə > Güney Press > Bulvar İdarəsinin sabiq sədrinin məhkəməsi:
Bulvar İdarəsinin sabiq sədrinin məhkəməsi:Dünən, 15:30 |
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Report"un məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Mustafayev ifadə verib. O deyib ki, Hesablama Palatası aktı ona göstərmədən Bulvar İdarəsində 3,7 milyon manat mənimsəmə faktı taparaq Baş Prokurorluğa göndərib: "Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsi isə cinayət işi başlayandan sonra 6 iş günü ərzində məni həbs edib". İlqar Mustafayevin sözlərinə görə, Hesablama Palatasının aktında ona iradlar yazılıb: "Köhnə bulvar ərazisində 4 restoranın çırkab suları 1,8 kvadrat nasosa quraşdırılıb və bununla da 2600 manat enerjiyə artıq pul xərclənib. Necə hesab edirsiniz, mən çirkab sularını bulvara axıdılmasına icazə verməli idim. Bulvar İdarəsində olan bir çox tikintilərə, iaşə obyektlərinin layihə-smeta sənədlərinin hazırlanmasına və ekspertizasına təxminən 91 min manat pul xərclənib ki, bu artıq xərcdir. Bildirirəm ki, bu xidməti göstərən Fövqəladə Hallar Nazirliyinin müəssisə və təşkilatlarıdır ki, onların da qiymətləri rəsmi müəyyən edilir, mən bunu necə dəyişib öz istədiyim rüsumu təyin edə bilərəm?". Onun sözlərinə görə, 2016-cı ildən 2024-cü ilə qədər, yəni 8 il Bulvar İdarəsinə rəhbərlik edib: "İttiham aktına əsasən, onun ilk 2 ilində 8 milyon, qalan altı ilində isə 4 milyon pul mənimsəmişəm. İttihamda göstərilib ki, Bulvar İdarəsində fəaliyyət göstərən bütün atraksionlardan, ticarət köşklərindən və obyektlərdən yığılan pulları işçilər və sahibkarlar İdarənin əməkdaşlarına, onlar da yuxarı əməkdaşlara və ierarxiya üzrə son nəticədə mənə veriblər, guya, mən isə həmin pulları mənimsəmişəm". İlqar Mustafayev deyib ki, dəniz gəzintisi xidmətlərinin göstərilməsi ilə əlaqədar Şəfəq və Mirvari gəmilərində bilet satışından əldə edilmiş gəlirin mənimsənilməsinə dair Hesablama Palatası möhürsüz, imzasız elektron poçt vasitəsilə gələn Dövlət Dəniz və Liman Agentliyinin sədrinin müşavirinin göndərdiyi cədvələ əsaslanaraq hesablama aparıb: "Hesablamaya görə, 2018-ci ildə 173 min nəfər, 2019-cu ildə 133 680 nəfər, 2020-ci ildə 13 min nəfər, 2021-ci ildə 62 min nəfər, 2022-ci ildə isə 48 min nəfər gəmilərdə sərnişin olub. İndi mənə maraqlıdır ki, 2020-ci ildən 2022-ci ilə qədər ölkədə pandemiya olub. Bulvar ərazisi rəsmi olaraq bağlı olub, pandemiyanın ən sərt vaxtları isə 2021-ci il olub, hansı ki, insanlar evdən bayıra sms icazə ilə çıxırdılar. Necə oldu ki, 2021-ci ildə 62 min nəfər gəmidə səyahətə çıxıb". Təqsirləndirilən şəxs əlavə edib ki, ittiham aktında Maraşpark dondurma köşklərinin sahibi İsrafil Bascılın Dənizkənarı Bulvar İdarəsinə 2019-2023-cü illər ərzində 736 min 500 manat pul ödədiyi göstərilib: "Müstəntiq də onun öz əl yazısı ilə yazdığı vərəqi sübut kimi götürüb və məni mənimsəmədə ittiham edib". Daha sonra İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli məhkəməyə bir neçə vəsatət təqdim edib. O, vəsatətinin birində Dənizkənarı Bulvar İdarəsindən müəyyən hesabatların əldə edilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib. Növbəti proses oktyabrın 20-nə təyin olunub. Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəməkdə təqsirli biliniblər. Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib. İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib. İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub Geri qayıt |