Əsas Səhifə > Güney Press > Bu Türk xalqı Putinin əlinə oynayır...
Bu Türk xalqı Putinin əlinə oynayır...Dünən, 10:48 |
Bu gün Moldovada parlament seçkiləri keçirilir. Hələ bir il əvvəldən gözlənilirdi ki, Rusiya Moldova Respublikasındakı seçki prosesinə fəal şəkildə müdaxilə edəcək. Rusiyanın təsir kampaniyasının məqsədi prezident Maya Sandunun Liberal Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) seçki şanslarını əhəmiyyətli dərəcədə sarsıtmaq və son nəticədə onun hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxarmaqdır. Putin Moldovanı Avropayönümlü kursundan imtina etdirmək və Rusiyanın təsir orbitinə qaytarmaq niyyətindədir. Prezident seçkilərində xaricdə yaşayan Moldova vətəndaşlarının anti-Rusiya mövqedə olduğu məlum olub. Bu qüvvənin qarşısını almaq üçün qısa müddət ərzində Rusiya aktiv şəkildə moldovalı seçiciləri xaricdə ələ alaraq, etiraz aksiyaları təşkil etmək və dezinformasiya kampaniyası yaratmaqla seçki nəticələrinə ciddi təsir etməyi planlaşdırdığı artıq seçki gününədək aydın olub. Rusiya Moldovanın Avropa İttifaqına üzvlük yolundakı səylərini pozmaq məqsədilə müxtəlif təxribatlar hazırlayıb və günün sonunda yəqin ki, bunun şahidi olacağıq. Moldova cəmiyyəti faktiki olaraq ikiyə bölünüb. Bir tərəf demokratik, Avropayönlü siyasəti dəstəkləyir, digər hissə isə Rusiya tərəfdarlarından ibarətdir. Təəssüf ki, qaqauzlar da sonuncuların tərəfindədir. Kremlin əsas məqsədi 28 sentyabr seçkilərində prezident Maya Sandunun Liberal Fəaliyyət və Həmrəylik Partiyasının şanslarını sarsıtmaq və son nəticədə onu hakimiyyətdən uzaqlaşdırmaqdır. Təhlillərdən məlum olur ki, Moskva seçki gününədək əsasən təxribat xarakterli üsullardan istifadə edir. Məsələn, moldovalıların xaricdə, o cümlədən Rusiyada olanlarının Avropa İttifaqı və digər ölkələrin seçki məntəqələrində səs verməsi üçün onları işə cəlb edir. Eyni zamanda, ayrı-ayrı şəxslərdən istifadə edərək etiraz aksiyaları təşkil etməklə sabitliyi pozmağa cəhd göstərir. Yeri gəlmişkən, bir neçə gün əvvəl Moskvada moldovalıların belə bir aksiyası baş tutub. Telegram, TikTok və Facebook daxil olmaqla sosial mediada, həmçinin ənənəvi kanallar və zəng mərkəzləri vasitəsilə dezinformasiya kampaniyası təşkil edərək Maya Sandunu ölkəni çətinliklərə və müharibəyə aparan “xarici marionet” kimi təqdim etməyə çalışırlar. Seçki günü isə seçkiləri pozmaq üçün hökumət rəsmilərinə təzyiq göstərmək məqsədilə kompromatlardan istifadə etmək də təxribat planlarının tərkib hissəsidir. Bu gün siyasi şərhçilər birmənalı şəkildə bildirirlər ki, Moldovada seçki kampaniyasının kulminasiya nöqtəsinə çatdığı bir vaxtda qeyd olunanların – yəni Rusiyanın planını həyata keçirmək niyyətində olduğuna demək olar ki, əmindirlər. Baxmayaraq ki, Rusiya dəfələrlə bəyan edib ki, xarici seçkilərə müdaxilə etmir, hətta keçən ilki Aİ referendumu və prezident seçkiləri zamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bu ittihamları “rusofobiya” adlandıraraq rədd edib. Keçmiş Sovet respublikası olan Moldovanın 2,4 milyonluq əhalisi arasında əhəmiyyətli dərəcədə rusdilli azlıq var. Separatçı Dnestryanı bölgə Rusiyanın işğalı altındadır və Qaqauziya bölgəsinin də lideri Moldova məhkəməsi tərəfindən Rusiya vəsaitlərini qanunsuz olaraq siyasi partiyaya köçürməkdə təqsirli bilinib. Ölkə prezidenti Sandu bu günlərdə Strasburqda çıxışı zamanı belə deyib: “Kremlin məqsədi bəllidir: Moldovanı seçki qutusu vasitəsilə ələ keçirmək, bizdən Ukraynaya qarşı istifadə etmək və bizi Avropa İttifaqına qarşı hibrid hücumlar üçün tramplinə çevirmək”. Doğrudan da, Moldovadakı bu günkü seçkilər çox vacibdir, çünki Avropa İttifaqı da anlayır ki, mövcud hakimiyyəti müdafiə etməklə təkcə Moldovanı deyil, həm də regional təhlükəsizliyi və sabitliyi müdafiə etmiş olur. Xatırladaq ki, elə buna görə də Avropa İttifaqı Moldovanın üzvlük iddiasına dəstəyini ifadə edib və Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Polşanın baş naziri Donald Tusk avqustun sonunda paytaxt Kişinyova səfər ediblər. PAS kimi tanınan hakim partiya keçən il Aİ-yə üzvlük prosesinə başlamağa və çox ehtiyac duyulan maliyyə vəsaitinə çıxış əldə etməyə söz verib. Lakin son sorğular göstərir ki, PAS qeyri-sabit koalisiya perspektivini artıraraq parlament çoxluğunu itirə bilər. Hakim partiya PAS keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi, nominal olaraq Avropayönlü Alternativ bloku və Rusiyayönlü blok da daxil olmaqla bir neçə qrup tərəfindən sərt müqavimətlə üzləşir. Moldovada Rusiya yönlü qüvvələrin hakimiyyətə gəlməsi ilk növbədə Ukraynaya mənfi təsir göstərəcək. Ukrayna prezidenti Volodimir Zelenski xəbərdarlıq edərək bildirib ki, Moldovada Rusiya yönlü qüvvələr qələbə çalarsa, Moskva Pridnestrovyedə 10 000 nəfərlik qoşun yerləşdirmək niyyətindədir və müharibənin əvvəlində olduğu kimi oradan Ukrayna ərazilərini atəşə tutacaq. Belə olarsa, Rumıniya və Polşa əraziləri də dron atəşlərinə məruz qala bilər. Odessa istiqamətində isə yalnız dənizdən deyil, quru sərhəd vasitəsilə təxribatların, hətta dron hücumlarının artacağı çox ehtimal olunur. Hadisələrin bu cür inkişafı Rusiyanın Cənubi Qafqazda da əl-qolunu açacaq və Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyan hakimiyyətinə müxalif olan Rusiya yönlü revanşist qüvvələrə stimul verəcək. Perspektivdə isə qalan postsovet məkanı Putin üçün növbəti hədəfə çevriləcək. Geri qayıt |