
Oktyabr ayı Azərbaycan futbolunun tarixi üçün çox həyacanlı bir günlə başlayacaq. Artıq indidən bütün diqqətlər oktyabrın 1-ə yönəlib. Həmin gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda 17 ilə yaxındır ki, ölkəmizi Avropa arenasında şərəflə, qürurla təmsil edən “Qarabağ” klubu Çempionlar Liqasının Liqa mərhələsində ikinci oyununa çıxır. Rəqib Danimarka nəhəngi “Kopenhagen”dir və kifayət qədər tanış klubdur.
Hələ Ağdam klubu Danimarka çempionu ilə 7 il öncə Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşmış və onlara tarixlərinin ən ağrılı faciəsini yaşatmışdı. Bakıdakı oyunda 1-0 hesabı ilə qələbə qazanan “Köhlən atlar” səfərdə 2-1 hesablı məğlubiyyətə baxmayaraq, həmin dövrdə keçərli sayılan səfər qolu ilə tarixində ilk dəfə ən mötəbər turnirin qruplarına vəsiqəni təmin etmişdi. Onun üçün də əminliklə demək olar ki, “Kopenhagen” həm də Bakıya qisas almaq üçün gələcək. Bu qarşılaşmanı eyni zamanda, ən çox marağa çevirən daha bir detal var. Bu da “Qarabağ”ın sentyabrın 16-da səfərdə ilk oyununda Portuqaliyanın “Benfika” klubuna da tarixi faciəsini yaşatmasıdır.
Cəmi 24 milyonluq büdcə ilə dəyəri yüz milyonlarla ölçülən “Benfika” qarşısında 2-0 geri düşməsinə baxmayaraq, sonradan toparlanan Ağdam klubu rəqibinin qapısından 3 top keçirərək, dünyanı şoka salmışdı. “Benfika” bu oyundan sonra o qədər dəliyə dönmüşdü ki, gecə ilə dərhal baş məşqçini istefaya göndərmişdilər. Hələ də dünyanın nüfuzlu futbol nəşrləri, tanınmış idman mütəxəssisləri, futbol məqşçiləri əfsanəvi baş məşqçimiz Qurban Qurbanov sirrini çözməyə çalışırlar. Amma 24 milyonluq büdcəyə sahib olduqlarını eşidəndə hər kəsin nitqi quruyur, “Qarabağ”ı tamamilə başqa planetdən sayırlar. Bu klubun hələ bir çox klublara başağrısı olacağı proqnozlaşdırılır. Necə ki, tarixində ilk dəfə Çempionlar Liqasında debüt edəndə İspaniya çempionlarından sayılan “Atletiko Madrid”ə “həyat dərsi” vermişdi. Bakıdakı və Madriddəki hər iki oyunda 10 nəfərlə qalmasına baxmayaraq, “Qarabağ” 1-1-lik heç-heçəyə nail olmuşdu. Nəticədə yoluna Avropa Liqasında (həmin dövrdə UEFA kuboku adlanırdı) davam edən İspaniya nəhəngi məhz həmin ildə kuboku başı üzərinə qaldırmışdı. Yəni “Qarabağ” 8 il öncəki “Qarabağ”dır, Qurban Qurbanov da təmkinli, sakit görünən, hər kəsə yerini göstərən həmin baş məşqçidir...
Tanınmış idman yazarı Natiq Muxtarlı Musavat.com-a açıqlamasında klubumuzun ciddi təzyiq altında olduğunu qeyd etdi: “Qarabağ” üçün Çempionlar Liqasının əsas mərhələsində ən çətin oyun “Kopenhagen”lə qarşılaşma olacaq. Bunun bir neçə səbəbi var. “Qarabağ” hazırda inanılmaz təzyiq altındadır. “Benfika” ilə səfərdə qazanılan qələbə sayəsində bütün dünya “Qarabağ”dan danışmağa başladı. Bu da ilkin təzyiqin formalaşmasını şərtləndirdi. Ardınca ölkə ictimaiyyəti də tələb etməyə başladı: Səfərdə “Benfika” məğlub edilibsə, deməli, Bakıda “Kopenhagen”ə də qalib gəlməliyik.
Futbolda belə fəlsəfə, yanaşma yoxdur. Belə yanaşacaqsansa, məğlub olacaqsan. “Benfika” ilə oyunda “Qarabağ”dan heç kim heç nə gözləmirdi. Amma qələbə hər şeyi dəyişdi. İndi “Qarabağ”dan hamı nəticə gözləyir. Çempionlar Liqasının səviyyəsini, klubların gücünü nəzərə almadan gözləyirlər.
Bu da “Qarabağ”ı istər-istəməz təzyiq altında saxlayır. Birincisi, ÇL-də zəif komanda yoxdur, ikincisi, “Kopenhagen” çox güclü komandadır. Bunu “Bayer”lə oyunda meydanda sübut edilər. Üçüncüsü, “Benfika” ilə oyundan sonra bu komanda “Qarabağ”a daha ciddi münasibət göstərəcək. “Benfika” ilə oyundan sonra “Qarabağ” “Çelsi” və ya “Liverpul”la qarşılaşsaydı və məğlub olsaydı, ictimaiyyət bunu qəbul edəcəkdi. Amma indi hamı az qala belə iddiaya köklənib: “Qarabağ” “Kopenhagen”ə mütləq qalib gəlməlidir, başqa yol yoxdur”.
İndi gəl komandanı, futbolçuları bu təzyiq dalğasından qoru. Yəqin ki, “Qarabağ”ın futbolçularında da psixoloji aspektdə problemlər olacaq. Onlar meydana “uduzsaq, necə olacaq” sualı ilə çıxacaqlar.
Amma belə olmamalı idi. “Benfika” üzərindəki qələbə “Qarabağ”ı aşırı böyüdüb, rəqibləri aşırı kiçiltməməlidir. Bura Çempionlar Liqasıdırsa, burada hər komanda qalib gələ, hər biri də məğlub ola bilər.
Bu situasiyanı nəzərə alaraq “Kopenhagen”lə oyunun, bəlkə də, “Qarabağ”ın tarixində ən çətin qarşılaşma olduğunu deyirəm.
Düzünü desəm, özüm də o psixoloji basqıya məğlub olaraq, “Qarabağ”ın bu oyunda qalib gələ bilməyəcəyini düşünürəm. Amma “Qarabağ” da “Qarabağ”dır. İndiyə qədər xeyli baryerləri, o cümlədən ictimai təzyiqləri dəf edib.
Bəlkə də, biz hələ də “Qarabağ”ın hansı səviyyəyə yüksəldiyini dərk edə bilmirik. Ona görə də, qələbəni də istisna etmirəm. Amma istənilən halda, hətta məğlub olsa belə “Qarabağ”ı alqışlamaq lazımdır.
O dəqiqdir ki, “Qarabağ” məğlub olsa da, vuruşacaq, mübarizə aparacaq. Bu tip oyunların taleyini isə bəzən xırda detallar da həll edir: yersiz qırımız vərəqə, gözlənilməz zədə olmayacaqsa, müdafiədə kobud səhvə yol verilməyəcəksə və ələ düşən imkanlardan maksimum yararlanacaqsansa...
Bu baryerləri hansı komanda aşacaqsa, qələbə də onun olacaq. Ümid edək ki, bu komanda “Qarabağ” olacaq. “Qarabağ” istənilən rəqiblə oynamağa qadirdir. Yetər ki, futbolçuların düşüncələri sakit olsun, psixoloji basqıya tab gətirsinlər”.
Geri qayıt
|