Əsas Səhifə > Güney Press > "Fikrimcə, Türkiyəni də bu birlikdə görmək olar

"Fikrimcə, Türkiyəni də bu birlikdə görmək olar


Bu gün, 16:06

Sentyabrın 22-də İran Prezidenti Məsud Pezeşkian Tehranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İran Prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.
Şahin Mustafayev həmçinin İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə də görüşüb.
Eyni zamanda o, İrana səfəri çərçivəsində Şərqi Azərbaycan Əyalətinin mərkəzi Təbriz və Culfa şəhərlərində olub.
Baş nazirin müavini əyalətin valisi Bəhram Sərmətslə görüşüb.
Görüşdə əyalətin Azərbaycan-İran əlaqələrində mühüm rolu vurğulanıb və Azərbaycanın regionları ilə iqtisadi-ticari əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Ş.Mustafayev əyalətə səfəri çərçivəsində İranın yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə birgə Araz dəhlizi üzrə həyata keçirilən Ağbənd-Kəlalə körpüsünə, Culfa-Kəlalə yoluna da baş çəkərək körpünün tikintisi və yolun genişləndirilməsinin icra vəziyyəti ilə yerində tanış olub.
 
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a bildirib ki, İran ilə Azərbaycan arasında müştərək komissiyanın fəaliyyəti illərdir davam edir:
"Əsas məsələ isə imzalanan razılaşma və sənədlərin reallıqda həyata keçirilməsidir. Çünki keçmişdə də bir sıra işlər görülüb, amma bəzi razılaşmalar isə tam icra olunmayıb, yarımçıq qalıb. Nazir müavininin İrana, Təbrizə səfəri, Tehranda keçirilən görüşləri, Araz koridoruna və digər bölgələrə baxışları, ziyarətləri hər halda səmərəli olacaq. Görünür ki, danışıqlar davam edir və işlər də gedir. Ümid edilir ki, Culfa-Kəlalə yolu və Ağbənd-Kəlalə körpüsünün tikintisi tamamlanacaq. Bununla da İran və Azərbaycan daha da yaxınlaşacaq, Naxçıvan yolunun istifadəyə verilməsi Bakıdan gedib-gələnlərin yolunu qısaldacaq, keçidi rahatlaşdıracaq və xərci də azaldacaq. İqtisadi sahələrdə, sənaye və digər istiqamətlərdə əlaqələr daha da genişlənməlidir. Xüsusilə İran Prezidenti Pezeşkianın Azərbaycanla münasibətlərə müsbət baxışı və ciddi səyləri nəticəsində ortada olan bəzi məsələlər aradan qaldırılacaq, qarşılıqlı inam artacaq və işlər öz yolunda gedəcək. İqtisadi, siyasi və mədəni əlaqələrimiz getdikcə daha da güclənməli, dərinləşməli və möhkəmlənməlidir. İran-Azərbaycan əlaqələri tarixə, mədəniyyətə, ənənələrə söykənərək inkişaf etməlidir. Biz bir xalq, bir millət, iki dövlətik. Hətta mənim fikrimcə, Türkiyəni də bu birlikdə görmək olar – yəni “bir millət, üç dövlət”. İran, Azərbaycan və Türkiyə arasında bu yaxınlıq həm regionun inkişafına, həm də sülhünə böyük töhfə verə bilər. Mən diplomatik fəaliyyətim dövründə – səfir və ya müvəqqəti işlər vəkili olanda 5-6 il bu məsələlərlə məşğul olmuşam. O vaxt da bir sıra mühüm layihələr həyata keçirildi. Məsələn, Şamaxıda İranın iştirakı ilə “Səmənd” avtomobilinin istehsalı üçün zavod yaradıldı. Enerji mübadiləsi sahəsində İran şirkətləri Azərbaycanda fəaliyyət göstərdi, qaz məsələsi həll olundu: Azərbaycan Astaradan İrana qaz verdi, əvəzində İran Naxçıvana qaz ötürdü".
 
Sabiq səfirin fikrincə, iki ölkə arasındakı tarixi, ürək bağlılığını iqtisadi bağlılığa çevirməliyik:
"Geopolitik yaxınlığı iqtisadi inteqrasiyaya tam şəkildə transformasiya etməliyik: enerji, nəqliyyat, su, torpaq – bütün istiqamətlərdə əlaqələrimizi birləşdirməliyik. Bu, xalqlarımıza böyük fayda gətirər, dostluq və qardaşlıq münasibətlərini gücləndirər. Mən bu mərhələni İran-Azərbaycan əlaqələrində yeni bir dövr adlandırıram. Pezeşkianın prezident seçilməsi təkcə İran-Azərbaycan münasibətləri üçün deyil, ümumilikdə İranın qonşularla və dünya ilə əlaqələrində yeni bir mərhələ ola bilər. Bu yeni dövr inamın artması, qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi üçün dönüş nöqtəsidir. Biz təkcə dövlətlərarası deyil, şəhərlər və bölgələr səviyyəsində də əməkdaşlığı genişləndirməliyik. Məsələn, qonşu vilayətlər ilə Azərbaycanın şəhərləri arasında “bacılıq-qardaşlıq” münasibətləri qurula bilər. Şirkətlər sərmayə qoymalı, iş adamları qarşılıqlı fəaliyyət göstərməlidir. Enerji, ticarət, sənaye sahələrində potensialımız çox böyükdür. İndiki ticarət dövriyyəsi isə bizim tariximizə və millətimizə yaraşmır, çox aşağıdır. Bu komissiyanın işləri nəticəsində sənədlər imzalanacaq, kontraktlar bağlanacaq və konkret layihələr həyata keçiriləcək. İran şirkətləri azad olunmuş ərazilərdə də iştirak edə, tikinti və bərpa işlərində mühüm rol oynaya bilər. Sərhədlər həm gücləndirilməli, həm də mehriban qonşuluq prinsiplərinə uyğun idarə olunmalıdır. Bəzi sərhəd məntəqələri açılmalı, sərhəd bazarları yaradılmalıdır. Məsələn, Ərdəbilin Biləsuvar və Muğan tərəfində azad zona yaradıla bilər ki, iki tərəf də ondan faydalansın.
Ümumiyyətlə, imkanlar çoxdur və mən bütün bu layihələrə müsbət yanaşıram. Sadəcə, onları ardıcıl şəkildə həyata keçirmək lazımdır ki, qarşılıqlı inam daha da artsın və xalqlarımız da konkret faydasını görsün. Bu halda nəticələr göz önündə olacaq, hər iki tərəf xeyrini hiss edəcək. Beləliklə, sərhəd bölgələrində yaşayan insanlar daha sıx təmas quracaq, ehtiyaclarını qarşılıqlı şəkildə ödəyəcək və əməkdaşlıq daha da möhkəmlənəcək".

Geri qayıt