Əsas Səhifə > Güney Press > Paşinyana qarşı daha bir partiya
Paşinyana qarşı daha bir partiyaBu gün, 09:32 |
Ermənistanda yeni “Ana Ermənistan” partiyası yaradılıb. Yerli medianın yazdığına görə, “Ana Ermənistan” hərəkatı bu yolla siyasi təşkilata çevrilmək qərarı verib. “Qısa müddət ərzində "Ana Ermənistan" hərəkatı Ermənistanın siyasi mənzərəsində mühüm yer tutdu. “Ana Ermənistan” yeni siyasi qüvvə olmasına baxmayaraq, İrəvan və Gümrüdə keçirilən yerli seçkilərdə uğur qazanıb, ölkənin iki ən böyük şəhərinin ağsaqqallar şuralarında təmsil olunub. Növbəti mərhələ Vaqarşapatda keçiriləcək seçkilər olacaq", - bəyanatda deyilir. Partiyanın sədri seçilmiş Andranik Tevanyanın təsis qurultayında qeyd etdiyi kimi, onların yeganə hədəfi Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasıdır. “Əsas vəzifələrdən biri "Mülki Müqavilə"nin hakimiyyətdən kənarlaşdırılmasıdır. Ermənistanda təhlükəsizliyi və əmin-amanlığı təmin edəcək bir hökumət qurulmalıdır. Qarşıda çətin iş var, lakin biz uğur qazanacağıq", - Tevanyan iddia edib. Qeyd edək ki, “Ana Ermənistan” hərəkatı 2023-cü il mayın 28-də “geniş sosial konsolidasiyanı təmin etmək, milli və dövlət maraqlarını qorumaq” məqsədilə yaradılmışdı. Hərəkat cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini - politoloqlar, iqtisadçılar, diplomatlar, sosioloqlar, tanınmış ziyalılar, hüquqşünaslar, həkimlər, müəllimlər, professorlar, İT mütəxəssisləri, jurnalistlər, blogerlər, tələbələr, kiçik və orta biznes nümayəndələrini birləşdirir. Yeni partiya qarşıdakı seçkilərdə Paşinyan komandasının qələbəsinə nə dərəcədə əngəl yarada bilər? Yada salaq ki, az öncə Paşinyanın həbsə atdırdığı erməni əsilli rusiyalı oliqarx Samvel Karapetyan müxalif hərəkat yaratdığını elan eləmişdi. Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə deyil ki, keçmiş prezidentlər olan rəqibləri - Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sərkisyanı debata çağırır: “Rəqiblərindən səs çıxmır. Adətən müxalifət lideri prezident və ya baş naziri debata çağırar ki, hakimiyyət dəyişikliyinə nail olsun. Ermənistanda isə tərsinədir, baş nazir müxalifət təmsilçilərinin hər biri ilə debata çıxmağa hazır olduğunu vurğulayır. Paşinyan doğru strategiyadan çıxış edir. Rəqibləri onunla debata çıxmaqdan çəkinirlər, çünki bilirlər ki, Paşinyanın onlara qarşı güclü arqumentləri var”. Onun fikrincə, erməni cəmiyyəti bunu görür və Paşinyana alternativ olmaq istəyənləri zəif kimi qiymətləndirir: “Ermənistanda parlament seçkiləri gələn ilin iyun ayında keçiriləcək. Seçkilər yaxınlaşdıqca Paşinyan rəqiblərini daha çox hədəf alacaq və onları zəif nöqtələrindən vuracaq. Bu gedişlə Rusiyanın dəstəyi olmayan erməni radikalların Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırması çətin görünür”. Siyasi ekspert Ramiyə Məmmədova Ermənistanda seçkilərin gərgin keçəcəyini proqnozlaşdırır. Onun sözlərinə görə, zaman yaxınlaşdıqca yeni siyasi qüvvələr göbələk kimi çıxmağa başlayacaq. Analitik bu güclərin vahid bloka çevriləcəyi halda, hakimiyyət üçün ciddi başağrısı olacağını fikirləşir. Bununla belə, ekspert hesab edir ki, ayrı-ayrılıqda siyasi partiyalar iqtidarla rəqabət aparmaq potensialında deyil. “Paşinyan regionlara gedir, qurultay keçirir, danışıqlar aparır. Onun seçkilərin çətin olacağı barədə məlumatı var. ABŞ kəşfiyyatı İrəvanda hazırlıqları izləyir. Xüsusən də Rusiya kəşfiyyatı ilə rəqabətdədir. Bu qarşıdurma getdikcə güclənəcək. Çünki Ermənistan uğrunda mübarizə gedir. Əgər Rusiya Gürcüstan kimi burada da istəyinə nail olsa, Cənubi Qafqazda 180 dərəcə dəyişikliklər görə bilərik. Odur ki, ABŞ və Avropa Birliyi Paşinyan hakimiyyətini var gücü ilə müdafiə edir. Fikrimcə, müxalifət problem yarada bilər, amma qələbə qazanmaq iqtidarında deyil”, - ekspert belə dəyərləndirir. Onun sözlərinə görə, yeni siyasi təşkilatlar müxalifətin gücünü parçalayacaq: “Ermənistan hakimiyyəti böyük fərq olmasa da, qələbəni təmin edəcək. Mən seçkilərin nəticələrindən daha çox ona etirazları gözləyirəm. Yəni Karapetyanın hərəkatı, revanşist güclər, kilsə, lobbi, ruspərəst qüvvələr küçə döyüşlərinə start verə bilər. Bu da Ermənistanda ciddi böhrana səbəb olacaq. Paşinyan küçə hərəkatını yatıra bilsə, prosesi nəzarətə götürəcək. Onun özü də meydandan iqtidara gəlib. Ona görə riskləri hesablayır”. Hər bir halda, siyasi şərhçiyə görə, bu dəfə Ermənistanda seçkilər daha həlledici olacaq: “Nəzərə almaq lazımdır ki, indi Paşinyana ittihamlar artıb, reytinqi qismən azalıb, düşmənləri isə çoxalıb. Onun addımları da cəmiyyətdə birmənalı qarşılanmır. Revanşist müxalifətin təbliğatı ona yönəlib ki, hakimiyyət Azərbaycana maraqlarına xidmət edir. Amma iqtidarın da əlini gücləndirən fakt var - 8 avqust anlaşması və Zəngəzur dəhlizinin Rusiyaya verilməməsi. Paşinyan bu nəticələrlə seçkiyə gedir. Üstəlik, ölkədə iqtisadi şərait, xaricdən axan maliyyə və vaxtilə iqtidarda olmuş indiki siyasi qüvvələrin Ermənistanı korrupsiya bataqlığına sürükləməsi ictimai rəyə təsir edir. Ermənilər hərb və sülh arasında seçim etməli olacaq. Seçki qutusundan ya xalqa sülh vəd edən Paşinyanın partiyası, ya da "artsax" qışqırıb savaşa aparan güclərin bülletenləri çıxacaq". “Yeni Müsavat” Geri qayıt |