Əsas Səhifə > Güney Press > “Bahalı qolbaq və qızıl müəllimlərə verilməməlidir”

“Bahalı qolbaq və qızıl müəllimlərə verilməməlidir”


Bu gün, 17:07


“Valideyn komitələrinin fəaliyyətinə nəzarət edilməli, onların bahalı hədiyyələrin təşkili ilə məşğul olmalarına imkan verilməməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

O, 5 oktyabr Müəllimlər Günü münasibətilə hədiyyə və pul verilməsinin qəti şəkildə qadağan edilməsi barədə fikirlərini səsləndirib.

Ekspert bildirib ki, son dövrlər məsələ elə bir həddə çatdırılıb ki, bəzi şəxslər artıq müəllimlərə sadə təbrik əvəzinə, sanki xüsusi gün imiş kimi kifayət qədər böyük məbləğli bahalı hədiyyələr alırlar:

“Bu, təhsil mühitində xoşagəlməz görüntü yaradır və ictimaiyyət tərəfindən də birmənalı qarşılanmır. İmkan yaradılmalıdır ki, şagirdlər müəllimlərinə öz minnətdarlıqlarını sadə formada bildirə bilsinlər. Məsələn, bir dəstə çiçək, açıqca, yaxud şifahi olaraq “peşə gününüz mübarək” demək. Əks halda, bahalı hədiyyələrin alınması, zinət əşyalarının verilməsi və kimi addımlar yolverilməzdir”.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi müvafiq təlimatlar göndərməli, məktəblərdə bu praktikanın qarşısı alınmalıdır:

“Xüsusi diqqət valideyn komitələrinə yönəldilməlidir, çünki bu məsələdə daha çox təşəbbüskarlıq göstərənlər məhz onlardır. Valideyn komitələrinin fəaliyyətinə nəzarət edilməli, onların bahalı hədiyyələrin təşkili ilə məşğul olmalarına imkan verilməməlidir”.

“Ən doğru yol odur ki, hər kəs öz istəyi ilə sadə formada müəllimlərini təbrik etsin, kiçik simvolik hədiyyə versin və ya sadəcə təşəkkürünü bildirsin. Bahalı qolbaq, saat, qızıl və ya digər zinət əşyaları almaq və hədiyyə etmək düzgün deyil, təhsil mühitinə zərər vurur”, – deyə o bildirib.


Geri qayıt