Əsas Səhifə > Güney Press > Ankara-İrəvan əlaqələrinin normallaşması Moskvanın marağındadırmı
Ankara-İrəvan əlaqələrinin normallaşması Moskvanın marağındadırmıBu gün, 10:02 |
Ankara-İrəvan əlaqələrinin normallaşması sözsüz ki, Bakı-İrəvan münasibətlərinin qaydaya düşməsindən, daha dəqiqi, sülh müqaviləsinin imzalanmasından birbaşa asılı olacaq. Bunu Türkiyə rəhbərliyi ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Sərhədlərin açılması, qonşu ölkələr arasında əlaqələrin bərpası isə ən çox Rusiya və İranın maraqlarına cavab vermir. Hərçənd Moskva və Tehran rəsmi açıqlamlarda barışıq tərəfdarları kimi özlərini göstərir. “Rusiya Cənubi Qafqazda sabit sülh və inkişafın əsas şərti kimi Ermənistan və Türkiyə arasında sürətlənmiş barışığı dəstəkləməkdə davam edir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova İrəvan və Ankaranın xüsusi nümayəndələrinin ikitərəfli münasibətlərin normallaşması ilə bağlı son görüşünü şərh edərkən deyib. Zaxarova xatırladıb ki, Ermənistan və Türkiyə arasında danışıqların ilk raundu 2022-ci ilin yanvarında Moskvada baş tutub: “Biz bu səyləri, o cümlədən 3+3 formatı çərçivəsində daha da asanlaşdırmağa hazırıq. Sazişlər hazırlayarkən faktiki şəraiti və Cənubi Qafqazda bütün qonşu ölkələrin maraqlarını nəzərə almaq vacibdir”, - XİN sözçüsü vurğulayıb. Moskva doğrudanmı Türkiyə ilə forpost saydığı Ermənistan arasında normal əlaqələrin qurulması və ədavətin bitməsində maraqlıdır? “Təbii ki, Rusiya Ermənistanı öz orbitində görmək istərdi” - “Yeni Müsavat”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli belə hesab edir. Onun fikrincə, indiki Ermənistan isə Rusiyanın “məhsulu” deyil: “Bu da Moskvanı qane etmir. Axı onun hər sözünə baxırdı. Sadəcə, geosiyasi şərait dəyişib. Bu da Rusiya-Ermənistan münasibətlərinə təsir edib. Putin və Lavrov açıq fikirlə bəyan edirlər ki, Rusiya üçün qeyri-dost ölkələr yoxdur, qeyri-dost hökumətlər var. Bu yanaşma ilk növbədə Ermənistana aiddir. Rusiya hələ də fikirləşir ki, Ermənistan və erməni xalqı başqa, Paşinyan administrasiyası ayrı. Bunu Gürcüstan, Ukrayna və digər ölkələrə aid edirlər. Vaxtilə Yanukoviç Ukraynası Rusiya üçün dost idi, Zelenski iqtidarı Putinlə düşməndir. Bu səbəbdən də Rusiya Ermənistan iqtidarına nifrət edir. Kreml düşünür ki, Paşinyan da müvəqqətidir və yenidən Ermənistana nüfuz edəcəklər. Lakin bölgədə yeni siyasi gerçəkliklər var və ən əsası, Rusiya müharibəyə görə əvvəlki gücə malik deyil. Bütün bunları qeyd etməkdə məqsədim odur ki, bəli, Rusiya Ermənistanın Türkiyə ilə barışığını səmimi şəkildə istəmir, ancaq hesablaşmalı olur”. S.Əsədlinin sözlərinə görə, Qərb Rusiyanı “ürəyindən vurub” və Ermənistanı ondan ayırıb. VHP sədrinin müavini geriyə dönüşün çətin olacağını güman edir: “Erməni xalqı Rusiyasız yaşamağa öyrəşir və bunun həzzini dadır. Ona Türkiyə ilə yaxınlaşma da asan deyil. Paşinyan mərhələli şəkildə həzm etdirir. Çünki xəstə təfəkkürlü xalqa görə, türklər Osmanlıda onları guya soyqırımı edib. Onlar da bu nifrətlə yaşayırlar. Paşinyan isə xalqı Türkiyə ilə barışığa çağırır. Yəni olduqca mürəkkəb prosesdir, intəhası, Ermənistan iqtidarı şüurlarda inqilab etməyə çalışır. Əks halda, ermənilər Türkiyə ilə barışığın əleyhinədir. Küçə sorğuları da bunu göstərir”. S.Əsədlinin fikrincə, Rusiya vassalının Türkiyənin yanına getməsini arzulamazdı: “Kreml hələ də inanmır ki, təbəəsi əlindən çıxıb. Amma belə nüans da var ki, Rusiya Türkiyədən siyasi-iqtisadi asılılıqla üzləşib. Bu da müharibə ucbatından olub. Hazırda iki ölkənin ticarət dövriyyəsi 50 milyard dollar səviyyəsində olmalıdır. Məncə, siyasi-strateji cəhətdən Rusiyanın ürəyincə olmasa da, logistika perspektivlərinə görə Moskva Ankara ilə İrəvan arasında barışıqda maraqlıdır. Çünki bu əlaqələrdən istifadə edəcək. Qeyd edək ki, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan sentyabrın 22-də verdiyi açıqlamada Azərbaycanla sülh sazişinin tezliklə imzalanacağına ümid edir. Bunu NATO Parlament Assambleyasının sessiyasında çıxışı zamanı deyib. Rubinyan Türkiyə ilə münasibətlərə də toxunaraq, bunun Ermənistanın xarici siyasət prioritetlərindən biri olaraq qaldığını vurğulayıb: “Biz mehriban qonşuluq münasibətləri qurmaq üçün bu tarixi fürsəti əldən verməməliyik. Münasibətlərin normallaşdırılması təkcə regiona sabitlik və firavanlıq gətirməyəcək, həm də uzun müddətdir davam edən münaqişələrin dialoq və diplomatiya yolu ilə aradan qaldırılmasının mümkünlüyünü nümayiş etdirməklə qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək”. Onu da deyək ki, Ermənistan hökuməti noyabrın 1-dən etibarən sərhəd möhürlərindən Ağrıdağın təsvirini çıxarmaq barədə qərar qəbul edib. Bu addımın texniki prosedur kimi görünməsinə baxmayaraq, ölkənin milli simvollarının siyasi və psixoloji yükünü nəzərə alanda daha geniş məna daşıyır. Tipik erməni düşüncəsi ilə qərar “söykökə xəyanət” hesab oluna bilər. Amma mahiyyətə vardıqda bəlli olur ki, Ermənistana aid olmayan bir dağın ölkədə bu qədər ilahiləşdirilməsi “erməni xəstəliyinin” ən bariz nümunələrindən idi. İndi hökumət qonşularla münasibətləri tənzimləmək məqsədilə bu xəstəliyə qarşı “peyvənd” hazırlayır. Geri qayıt |