Əsas Səhifə > Güney Press > Azərbaycanlı alim: Guya yalnız iki fəsil olacaq, yalandır, bu, o halda olar ki...
Azərbaycanlı alim: Guya yalnız iki fəsil olacaq, yalandır, bu, o halda olar ki...Bu gün, 16:51 |
"İstənilən ərazidə, istənilən zamanda temperatur rejiminin dəyişməsi və hava şəraiti əraziyə daxil olan hava kütlələrinin xarakterindən asılıdır". Bunu Teleqraf-a açıqlamasında AMEA Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib. Hidrometeoroloqun sözlərinə görə, əlavə səbəblərdən də danışmaq olar: "Məsələn, buludluluğun həmin dövrdə çox olması günəş şüalarının yer səthinə düşməsinin qarşısını alır. Yaz aylarında qarın əriməsi ilə əlaqədar yaxın ərazilərdə temperatur bir qədər aşağı düşür. Çünki qarın əriməsi üçün əlavə istilik tələb olunur və bu istilik ötürüldükcə havanın temperaturunda dəyişiklik müşahidə olunur". Bəs bütün bu proseslər qlobal iqlim dəyişikliyi ilə əlaqəlidirmi? Səid Səfərov bildirir ki, qismən əlaqəlidir: "Ancaq qlobal istiləşmənin müşahidə olunmadığı dövrlərdə də hava kütlələrinin haradan daxil olması səbəbindən hava şəraiti kəskin şəkildə bu və ya digər istiqamətə dəyişə bilər". Günəş şüaları qışda daha az, yayda isə daha çox bucaq altında yerə düşür. Yaz və payızda isə bu bucaq orta səviyyədə olur. Yəni əslində heç bir fəsil dəyişikliyi baş verməyib, bu, təbii dövrlərin davamıdır. Bəzi alimlər tərəfindən belə bir fikir irəli sürülür ki, guya artıq dünyada yalnız iki fəsil müşahidə olunur. Bu, doğru deyil. Məsələn, Bakıda günəşli və açıq hava müşahidə olunduğu halda dağlıq ərazilərdə qar yağa bilər. Bu da dəyişən hava kütlələrinin təsirindən irəli gəlir. Əgər gələcəkdə Yer kürəsinin fırlanma oxunda ciddi dəyişiklik baş versə, onda iqlim də tamamilə dəyişə bilər. Hətta elə ola bilər ki, dünyada yalnız bir fəsil hökm sürsün. Bu, yalnız o halda mümkündür ki, Yer kürəsinin fırlanma oxu Günəş ətrafında fırlanma müstəvisinə tam perpendikulyar olsun. Belə olduğu halda şimal yarımkürədə daim qış, cənub yarımkürədə isə daim yay hökm sürə bilər. Ekvator zonasında isə yay daha uzunmüddətli və daha isti keçər. Bunun baş verməsi üçün çox böyük geofiziki dəyişikliklər lazımdır. Allah uzaq eləsin, bu yalnız o halda mümkündür ki, Yer kürəsinə çox böyük bir kütlə (məsələn, nəhəng bir meteorit və ya mühərrik) təsir göstərsin və onun həm öz oxu ətrafında, həm də Günəş ətrafında hərəkətini dəyişsin. Yer kürəsinin həm öz oxu ətrafında fırlanması, həm də Günəş ətrafında hərəkəti sabit qaldığı müddətcə bu dəyişikliklər baş verməyəcək". Səid Səfərov onu da vurğulayıb ki, Xəzər dənizinin səviyyəsinin düşməsi də iqlimə təsir göstərir: "Xəzər dənizi müəyyən qədər iqlim formalaşdırıcı faktordur". Geri qayıt |